Qonaq Kitabı
YEDDİ GÖZƏL

 

[245]                    Bunlar pəri deyil, on yeddi soltan,

On yeddi oyunu çalmışlar aydan.

On yeddi oyun – qədim nərd oyununda doqquz oyundan ibarət olan tasda, səkkiz dəfə mars edib, doqquzuncu oyunu udaraq on yeddi dəfə rəqibi udmaq deməkdir.

Beytin mənası: Gələn on yeddi gözəlin hər biri gözəllikdə ayı on yeddi dəfə udmuşdu.

 

[246] Zirə aşı – şüyüd plov.

 

[247] Bulqar – Nizami dövründə Volqa çayı ətrafında yaşayan və IX əsrdən böyük dövlət qurmuş türk xalqlarından biri. Bulqarlar, əsasən, heyvandarlıqla məşğul olurdular və öz cins qoyun sürüləri və at ilxıları ilə məşhur idilər.

 

[248]                    Öz yaqut möhrünü əqiqə qoydu.

O, öz yaquta bənzər ağzı ilə onun əqiqə bənzər al dodaqlarını öpdü.

 

[249]                    Görməsəm adıma layiq işləri,

Olaram əvvəlki nazənin pəri.

İfritə demək istəyir ki, əgər o Mahanın başına min cür oyun, fəlakət gətirməsə, qoy o Mahanın əvvəl gördüyü kimi gözəl pəri simasına mübtəla olsun. İfritə üçün gözəl gəlin simasında qalmaq böyük əziyyət və eybə cərlikdir.

 

[250]                    Öküzgözlü deyil, öküzayaqdır.

Öküzgözlü – klassik ədəbiyyatda ceyrangözlü məfhumuna bərabərdir, çünki öküz gözləri iri və gözəl olur.

 

[251]                    Eyvan dedikləri dönmüş buxara.

Əslində buxar deyil, Buxarıstan yazılmışdır, üfunətli buxar qalxan yer deməkdir.

 

[252]                    Çoxları səbətdə möhrə gəzdilər,

İlan olduğunu baxıb sezdilər.

Qədim təsəvvürə görə, ilanın başında yerləşmiş bir möhrə vardır ki, ən yaxşı padzəhrdir və ilan vuranı onunla sağaldırlar.

 

[253]                    Əzrəq gulü ki var, göy əlbisəli,

Bu üzdən olmuşdur günəş qürsəli.

Qürsə – kökə, qürs – günəşin dairəsi, günəş şarı. Bu omonimiyadan istifadə edərək şair söz oyunu yaradır və demək istəyir ki, göy gül ona görə gözəl və ətirlidir ki, öz qidasını günəşdən alır.

 

[254]                    Nafə göbəyini sübh açdı parlaq,

Udu səndəl kimi yandırdı torpaq.

Səhər öz ətir kisəsini açıb, uda bənzər gecəni yandırıb səndəl ətri saçmağa başladı.

Pəncşənbə, yəni cümə axşamı Müştəriyə mənsubdur, səndəl rəngi ona məxsusdur. Odur ki, səhər açılan kimi yer səndəl ətri saçmağa başlayır.

 

[255]                    Sürməyi mühitin sədəfi gecə

Sədəfin ağzına dürlər səpincə...

Sürməyi fazanın sədəfi olan Ay öz ağzından göyə dürrə bənzər ulduzlar səpərkən, yəni Ay və ulduzlar qaranlıq fəzaya çıxanda şah Çin gözəlinə nağıl söyləməyi əmr etdi.

 

[256] Məşk – dağarcıq.

 

[257]                    Yanında od rəngli cüt ləli vardı,

Suyu daşda idi sanma axardı.

Onun od rəngli iki ləli var idi, onlar saf sulu idilər, lakin su onların cövhərində idi. Odur ki, o suyu içmək mümkün deyildi. Sulu ləl – təmiz, saf ləl.

 

[258]                    Bu daşdan, – dedi ki, – yonma gəl bulaq.

Daşdan bulaq yonmaq – bihudə, havayı, mənasız işlə məşğul olmaq.

 

[259]                    Tutaq ki, bu çeşmən oldu güvara,

Göz çıxarmaq səni yetirməz vara.

Tutaq ki, sənin çeşmən – suyun içməlidir, dadlıdır, lakin göz çıxarmaqdan xeyir görməzsən.

 

[260]                    Boynunda çəkmişdi aya kəməndi.

Kəməndə oxşar hörüklərini aya bənzər üzünün arxasına salmışdı.

 

[261]                    Kürd evə gələrək tez axşamüstü,

Səfra sındırmağa cumdu əlüstü.

Kürd səhradan qayıdıb səfrasını öldürmək üçün (qarnının qurdunu öldürmək üçün) yemək istədi, lakin evdə qeyri-adi bir şey gördü ki, səfrası daha da cuşə gəldi.

 

[262]                    Dəyirman öküzü qurtardı tordan.

Dəyirman daşını fırladan öküzün gözlərini bağlayırlar ki, bir yerdə fırlandığını görməsin. Burada Xeyirin göz sarğısı dəyirman öküzünün göz örtüyünə bənzədilmişdir.

 

[263]                    Harun üzlü səhər bağlayanda bel,

Zəng kimi səsləndi xoruz, durdu el.

Harun – keşikçi. Qədimdə şahların keşikçiləri kəmərlərinə zınqrov (səlasil) bağlayarlarmış, keşikçilər gəzdikcə zınqırovlar səslənib keşikçilərin oyaq olduqlarını bildirərmiş. Xoruzun banı həmin zınqrovların səsinə bənzədilmişdir.

 

[264] Mübəşşir – xoş xəbər gətirən.

 

[265]                    Zəncilər Xötənə qoşun çəkmədən

Şənlik meydanını şah etmişdi gen.

Zənciyə bənzər qara gecə Xötənin ağ, gözəl türk qızlarına bənzəyən gündüzə hücum etməyincə, yəni bütün günu gecəyə qədər şah şənlik meydanını genişləndirib şənləndi.

 

[266]                    Pərgar işləmişdi baxsan hər yerə,

Dörd qalın divara çəkmiş dörd möhrə.

Burada möhrə lay, hissə deməkdir. Qədimdə bağ hasarlarını gildən, torpaqdan hörərdilər. Bir möhrə – 105 sm. Hörgü qurtarandan sonra, onun üstünə birinciyə nisbətən nazik bir möhrə də hörərdilər. Görünür, təsvir olunan bağın hasarı dörd möhrədən, hundürlüyu isə 4 m 20 sm.-dən ibarət imiş.

 

[267]                    Tamaşa etməyə girdi içəri,

Sərvtək pay almaq oldu şakəri.

Sufilərin müşahidə mərasimi nəzərdə tutulur. Yəni bağda dayanıb diqqətlə müşahidə etməyə başladı ki, görsün orada nə üz verib.

 

[268]                    Görərsən yığılıb bağa bu axşam

Damğasız bir naxış, tüstüsüz bir şam.

Onlar işlənməmiş, yandırılmamış şama bənzər bakirə gözəllərdirlər və hələ onlara ər malikiyyət damğası vurulmamış naxışa bənzər pak dilbərdirlər.

 

[269]                    Hər xəznə üstündə bir əjdər yatmış,

Narınc turunc olub, kamala çatmış.

Onların əjdaha kimi yoğun və qıvrım hörükləri onların xəzinələrinin üstünə – bakirə yerlərinə sallanmışdı. Rəvayətə görə, əjdaha həmişə xəzinə üstündə yatar.

Əvvəllər narınca bənzər məmələri isə böyüyüb turunc boyda olmuşdu.

 

[270]                    Gördü nar məmələr, alma tək çənə,

Adları yazılmış buzlar üstünə.

İkinci sətir zərbi – məsəldir. Bir şeyi buza yazıb günə qoymaq – xam xəyal bəsləmək deməkdir. Yəni o gözəllərin almaya bənzər çənələrini öpmək arzusu xam xəyal idi.

 

[271]                    Pərdə gözəlləri gəldilər, sərin

Bir hovuz gördülər dərindən-dərin.

Pərdə gözəlləri – evdə pərdə arxasında böyümüş və heç kimsənin üzünü görməmiş və heç kimsə də onların üzünü görməmiş bakirə gözəllər. İkinci misra orijinalda belədir: “Bir hovuz gördülər aylı, balıqlı”. Gecə ay işıq saçarkən balıqlar qaçıb gizlənərlər, odur ki, burada ay deyəndə gözəllərin hovuzda əks olunan aya bənzər üzlərinə işarə edilir.

 

 

[272]                    Murad gümüşünü suya saldılar.

Yəni ehtiraslı kişilər tərəfindən arzu edilən öz gümüşə bənzər ağ bədənlərinə gözəllər su çilədilər.

 

[273]                    Ay balıqla qoşa suda gəzirdi.

Aya bənzər gözəllər balıqlarla bir yerdə hovuzda üzməyə başladılar.

 

[274]                    Dəmiri gümüşdür, gümüşü zərdir.

Zərbi – məsəldir, təqribən doşab almışdıq, bal çıxdı misalına müvafiqdir.

 

[275]                    Qara səmur ilə qaranlıq gecə

Burtas pərdəsini örtdü gizlicə.

Burtas – rus düzəngahlarında yaşayan məşhur türk qəbilələrindən biri olmuşdur. Onlar əsasən ovçuluq və heyvandarlıqla məşğul olmuşlar. Nizaminin vaxtında xəzi Azərbaycan bazarlarına əsasən burtaslar və ruslar gətirərmişlər. Burtasların yorğanları parlaq ağ qaqum və dələ dərisindən olduğu üçun gündüzün işığını şair onunla müqayisə edir.

 

[276]                    Günəşin bir mıxlı qılıncı söndü,

Min mıxlı zirehə gecə büründü.

Günəşin bir dəstəli qılıncı – şüası itəndən sonra gecənin zirehi, yəni göy min mıxla, yəni ulduzla doldu.

 

[277]                    Xacənin qızışdı yeddi əndamı.

Yeddi əndam – baş, sinə, iki əl, iki ayaq və qarın nəzərdə tutulur.

 

[278]                    Açmışdı süsəni xeyri tək çiçək.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info