Qonaq Kitabı
YEDDİ GÖZƏL

[209]                    Sarıydı Musanın danası, əlbət,

Çox verdilər ona, odur ki, qiymət.

Musanın danası – Tovratdakı “Qızıl dana”, Musa peyğəmbər öz icmasını – yəhudiləri Misirdən xilas edib Fələstinə gətirdikdən sonra onun ümmətinin bir hissəsi tövhidi (monoteizmi, tək ilahiliyi) unudub, qızıldan bir dana düzəldib ona bir büt kimi sitayiş edirlərmiş. Musa o bütü məhv edib.

 

[210]                    Sarı gil ən baha qiymətə gedər.

Sarı gil – qədimdə sabunu əvəz edən, hamamda yuyunmaq üçün istifadə olunan gülabda yoğrulmuş əla növ gil.

 

[211]                    Yaşıl çıraq kimi parlaq göründü,

Cənnət mələyi tək yaşıl büründü.

Yaşıl çıraq (səba çerağ) – təzə, nurlu, şöləsinin ucu yaşıl parlaq çıraq. Dini əsatirə görə, mələklər yaşıl paltar geyirlər və həmişə yaşıl bağda yaşayırlar. Beytin mənası: Bəhram yaşılı yaşıl üstündən geyib yaşıl çıraq kimi parladı.

 

[212]                    Qan aldı boynuna o gözəl pəri.

Yəni Bişr kimi aşiqi öz gözəlliyi ilə öldürüb, onun qanını boynuna götürüb tələsik evə qaçdı.

 

[213]                    Alimlər ki bilir, on ikicə fənn

Onlardan mükəmməl bilən mənəm, mən!

Orta əsr müsəlman ölkələrində elmül-ədəb, yəni ədəb elmi 12 fəndən (Quran, hədis, təfsir, ədəbiyyat, əruz, coğrafiya, tarix, inşa, xəttatlıq və s.) ibarət idi.

 

[214]                    Torpaq quyusuna gətirdi onu.

Torpaq quyu – qəbir, yəni su quyusundan çıxarıb qəbrə apardı.

 

[215] Kargah – Emalatxana; burada Allahın emalatxanası nəzərdə tutulur.    

 

[216]                    Oldu sırğalının həlqəbəguşu.

Bişr qulağı sırğalıya elə vurulmuşdu ki, ona qulağı halqalı qul oldu.

 

[217] Xüsuf – Ay tutulması, Ayın nöqsana, qaranlığa düçar olması. Ay tutulanda

guya onu əjdaha udur; burada Məlixa əjdahaya, arvadı isə Aya bənzədilmişdir.   

 

[218]                    Qalxdı Şənbəliddən süsən yarpağı.

Şənbəlid – vəhşi zəfəran. Məlixa öz libasında yəhudi nişanı olan sarı

rəngli qiyar (yəhudilərin öz paltarlarına tikdikləri sarı rəngli parça) gəzdirdiyinə

görə şənbəlidə, vəhşi zəfərana, Bişr isə pak, xeyirxah və ismətli olduğu

üçün ağ rəngli süsənə bənzədilmişdir.

 

[219]                    Dey ayında günlər gödəkdir, gödək,

Bir gün çox qısaydı Tir gecəsitək.

Dey ayı – şəmsi (günəş) təqviminin onuncu ayı, dekabrın 22-dən yanvarın 22-nə müvafiq gəlir; Tir – şəmsi təqviminin dördüncü ayı, iyunun 22-dən iyulun 22-nə uyğun gəlir.

 

[220]                    Əqiqdən dürr etdi hüzura şabaş.

Yəni o, öz əqiqə bənzər al dodaqlarından dürr tökməyə başladı.

 

[221]                    Qənd həsəd aparıb şirin dilinə,

Təng olun dönmüşdü incə belinə.

Beytin əsli belədir: O gözəlin şəkərə bənzər ağzı o qədər zərif və dar idi ki, şəkər dağının ürəyi həsəddən onun incə və dar kəmərinin halqasından da dar olmuşdu.

 

[222] Dilfərib – könül aldadan, məftun edən, cazibədar gözəl.

 

[223] Ruyindiz – İndi Rəvandüz deyilən keçmiş Ruyin-Dej qalası. Marağanın yaxınlığında yerləşmiş həmin qədim və alınmaz qala Marağa hakimi Körpə Arslanın qərargahı idi. Ruyinduz bürünc qala deməkdir.

 

[224]                    Suya sədəf kimi düyünlər vurar.

Sədəf adi yağış damlasını tutub öz içində düyünləyərək dürrə çevirən kimi onun qələmi də kağıza dəyən kimi inci kimi qiymətli naxışlar yaradır.

 

[225] Lö-lö – inci, dürr.

 

[226]                    Zöhrəylə Süheylə kəbin kəsdilər.

Zöhrə (Venera) – slavyan qızı, Süheyl (Yəmən ulduzu) – müdrik cavan.

 

[227] Mühəvvəl – həvalə edilən, tapşırılan.

 

[228]                    Gecə müşkdən bir ələm çəkəndə,

Qır alıb gümüşə qələm çəkəndə...

Yəni gecə müşk kimi qara bayrağını qaldırıb gümüş tək ağ gündüzün üzünü qır kimi qara qələmlə qaralayanda onlar keyf məclisinə başladılar.

 

[229] Gecə şahı – Ay.

 

[230]                    Xoruz nağara tək səs-səsə qatdı,

Səhər zər təbili dərəyə çatdı.

Xoruzun səsi nağara səsi kimi göylərə ucalanda, günəşin qızıl təblinin səsi ucalıb dağa, dərəyə çatanda, yəni səhər açılanda.

 

[231]                    Açarsız zindana döndü o dostlar,

Gözdən işıq kimi söndü o dostlar.

Yəni açıq zindandan məhbuslar yox olan kimi, cinlər də yox oldular.

 

[232]                    Durdu tum səpməyə kəndlilər kimi...

Kəndlilər yerə toxum səpən kimi Mahan ətrafına söz səpərək yaltaqlıq etməyə başladı.

 

[233]                    Dedi: – Lahövl oxu, özünə bir an...

Lahövlə dəhşətli və qorxunc bir hadisə görəndə oxunulan məşhur ərəb formulasıdır: “La haulə va la qüvvətə illa billah il-Azim” (Əzəmətli Allahdan başqa heç kimsədə qüdrət və qüvvət yoxdur).

 

[234] Zəbani – cəhənnəm məmuru.

 

[235] Şax-şana – çırtıq vurmaq, əl çalmaq.

 

[236]                    Dörd ayağı vardı, iki qanadı,

Yeddi başı görcək ağlı oynadı.

Halqa kimi bizi bürüyən fələk

Yeddi baş əjdərdir, heyrət nə demək?

Beytin mənası: Bizim dövrəmizi kəmər kimi qurşaqlamış göyün yeddi baş əjdaha olması heç də təəccüblü deyil. Əjdahanın iki qanadı – gecə və gündüz, dörd ayağı – dörd ünsür və yeddi başı – yeddi qatdan ibarət olan göy. Əjdaha deyərkən şair cismani həyatı, təbiəti nəzərdə tutur.

 

[237]                    Məzacımda mənim sevda var, gerçək,

Havalar qupquru, yol kimsəsiz, tək.

Sevda – qara malxulya (melanxoliya) xəstəliyi, hava çox quru olanda şiddətlənir.

 

[238]                    Quyu ətrafını gəzdi baxışı,

Zil qara ipəyə vurdu naxışı.

Qaranlıqda əlini yumşaq qara ipəyəbənzər qumun üstündə gəzdirərək (əlin izləri naxışa bənzədilmişdir) başının altını düzəltmək üçün qum yığmağa başladı.

 

[239] “Xəlifə lüqməsi” – dadlı və rahat həzm olan xirniyə bənzər meyvə.

 

[240]                    Görüb fərmanında qaranı, ağı,

Yanakı qoymuşdu tənək papağı.

Bol ağ və qara üzüm gətirmiş tənəklər (meynələr) öz barı ilə qürrələnərək yarpaq papaqlarını yan qoymuşdular.

 

[241]                    Bostan oxşayırdı bir oyunbaza,

Əlində hoqqalar rəngbərəng, taza.

Hoqqabazlar (foksçular) öz hoqqa deyilən dəyirmi sandıqcalarında möhrə (şar) və başqa gözübağlıcı vəsait saxlayarlarmış. Şair yemişi (qovunu) həmin hoqqaya bənzətmişdir.

 

[242] Dürd – şərabın çöküntusü.

 

[243]                    Qapının elə bir dəsgahı vardı.

Göy belindən öpüb heyran baxardı.

Yəni qapı və pərdə o qədər uca idilər ki, göy onların kəmərinə qədər  çatır və onların yalnız qurşaqlarını (belini) öpə bilirdi.

 

[244]                    Pir dedi: “Qayışa cila çəkincə,

Qayışbaldırlıq et, gəl, sən bu gecə.

Qaldır nərdivanı, yerdə qoyma, çək,

Başına açmasın bir nəfər kələk”.

Qayışbaldır – ayaqları qayış və ya tismədə olan qulyabanı. Qayışbaldırlar özləri ayaqları üstə durub yol gedə bilmirlər. Buna görə də yoldan gecəni azdırıb-aldadıb onun boynuna minirlər, qayış ayaqlarını onun belinə dolayıb yolçunu ölənə qədər sürürlər. Qoca Mahana “Bu gecə sən də qayışbaldırlıq et” deyərkən həm qayış nərdivanla yuxarı külafirəngiyə qalxmağı təklif edir, həm də bir növ orada qayışbaldır qulyabanıların yaşadığına işarə edir.

Mətndə yazılmışdır: “Heç kəs səninlə qayışbaldırlıq edə bilməsin” – yəni heç bir qayışbaldır qulyabanı səni aldadıb yoldan çıxara bilməsin.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info