Qonaq Kitabı
YEDDİ GÖZƏL

Onun süsəni – ağ sifəti xeyri gülü kimi saralmışdı.

 

[279]                    Samani xalıda yasəməndi san.

Samanilər – Orta Asiyada, Xorasanda və İranın bir hissəsində hökmranlıq etmiş (874-999) hökmdarlar sülaləsi. Onların saraylarındakı xalça və gəbələr öz naxış və qeyri-adi gözəllikləri ilə məşhur idi. Bağdakı gülzarı şair samanilərin həmin məşhur xalçalarına bənzətmişdir.

 

[280] Möhtəsib – şəriətin qanunlarının həyata keçirilməsinə nəzarət edən məmur.

 

[281]                    İçdi o şeydən ki, sayılır halal.

Xacə zülal suya bənzər pak, şəffaf nişanlı tapdı, kəbinini kəsdirib özünə halal arvad edəndən sonra onu halal su kimi içdi.

 

[282]                    Müştəriylə Zühəl qovuşan zaman

Günəş daxil oldu Həmələ Hutdan.

Müştəri və Zühəl təslisdə – üçbucaqda olanda, səyyarə və ulduzların şahı olan Günəş Hut bürcündən (22 fevral – 22 mart) Həməl bürcünə (22 mart – 22 aprel) yollandı, yəni bahar fəsli gəldi, ot və bitkilər dirilik suyu içmiş həmişəcavan, yaşıl paltarda gəzən ölməz Xızır kimi yaşıllaşıb cavanlaşdılar.

 

[283]                    Yer müşk ilə doldu, ud geydi hər yan,

Nafə satan külək oldu müşk alan.

Ud – adətən Hindistandan gətirilən ətirli torpaq rəngli əzvay. Beytin mənası: Ud rəngli ətir saçan torpaq müşklə dolub, adətən müşk saçan, ətir satan yel, nəsim indi torpaqdan müşk və ud alırdı.

 

[284]                    Silindi aynadan Günəşin pası.

Günəşin üzü qış buludlarının ləkələrindən xilas oldu.

 

[285]                    Neylüfər qalınca həsrət yuxuya;

Özünü yetirdi əlbəəl suya.

Nilufər suda bitir, gündüzlər yatır, solur, əyilir, gecələr isə ayılır, dirçəlir.

 

[286]                    Nərgizin bu sərxoş gəlhagəlində

Süsən zər çubuğu tutdu əlində.

Susən gülünün ləçəkləri qızılgül kimi qızıl, al rəngində və əlin içi şəklindədir. O həmin qızılı nərgizin başının tacı üçün hazırlamışdı.

 

[287] Şənbəlid – vəhşi zəfəran.

 

[288] Şəqayiq – bir növ lalə.

 

[289]                    Nəsrinin gövhərə sinmiş yarpağı,

Tutiya əzirdi süsən budağı.

Nəsrinin – vəhşi nərgizin ləçəkləri gövhərə bənzər şeh damlaları ilə dolmuşdu, süsən isə gözləri sağaldıb işıqlandırmaq üçün öz ləçəklərindən göz dərmanı – tutiya ovurdu.

 

[290]                    Siçanqulağı da saçını aldı,

Hörüb deyləmli tək çiyninə saldı.

Siçanqulağı – mərzənguş (mayoran) – nanə cinsindən ətirli, təbabətdə geniş surətdə işlənən, ağ balaca gülü və gülün nisbətən uzun saçaqları olan birillik ya çoxillik göy (bitki). Deyləmlilər – İranın qədim qəbilələrindən biri, Xəzər dənizinin cənubqərbində

yerləşmiş İranın şimal vilayəti Gilanda yaşayardılar. Deyləmlilər öz qıvrım və uzun hörükləri ilə məşhur olublar. Şair mərzənguşun saçaqlarını deyləmlilərin hörüklərinə bənzədir.

 

[291]                    Süsənbərin iyi göylərə qalxdı,

Çarxın əqrəbini yandırdı, yaxdı.

Qədim təbabətə görə, süsənbərin ətri əqrəbləri bihuş edib öldürür və əqrəb vurmuş xəstələrin də ən yaxşı dərmanıdır. Burada Əqrəb bürcü nəzərdə tutulur və süsənbərin ətrinin şiddəti və çoxluğuna mübaliğə yolu ilə işarə olunur.

 

[292] İnəkgöz – farsca – qavçeşm, ərəbcə – eyn əl-bəqər – gül adıdır, filqulağı (pilquş) – bağayarpağına bənzər yekə yarpaqlı ot adıdır.

 

[293]                    Cənnət beytləri təqti edirdi.

Təqti etmək – ahənglə oxumaq; cənnət beytləri – ən gözəl, ahəngdar və dərin məzmunlu şeirlər.

 

[294]                    Yerdə qalanı da zəkat aldılar.

Zəkat – islam ölkələrində beytülmal üçün dini vergi. İslamın beş rüknündən birini zəkat təşkil edir. Hər il müsəlmanlar öz gəlirinin beşdə birini zəkat verməlidirlər, yəni canavardan qalan qoyunu da din vergisi – zəkat yığan xadim gəlib apardı.

 

[295]                    Ağzına sükutun möhrü vuruldu.

Sükutun haqqını canavardan alandan sonra itin ağzı mumlanıb möhürləndi, yəni it cınqırını da çıxarmadı.

 

[296] Rizq – ruzi, gündəlik yemək, yaşayış vəsaiti.

 

[297]                    Nemət küfrü pisdir dinsiz olmaqdan.

Yəni sənə yaxşılıq edib, çörək verən bir adama qarşı naşükür olmaq kafirlikdən,

dinsizlikdən pisdir.

 

[298]                    Kinli bir qurluya verdi işarət.

Qur – Müasir Əfqanıstanın dağlıq ərazisində yerləşmiş vilayətlərdən birinin qədim adı. Qurlular uzunboy, qüvvətli və mübariz olduqları üçün qədim şahların şəxsi mühafizəsində xidmət edirdilər.

 

[299]                    O, heçin adını qoymuşdu ağız.

Yəni onun ağzı o qədər zərif və balaca idi ki, elə bil yox idi. Klassik şairlərin estetikasına görə, ən balaca, dar ağız ən gözəl ağız hesab olunurmuş.

 

[300] Qoşun əfradı – qoşunu təşkil edən əsgərlər.

 

[301]                    Üstümə səsləndi, dedi: – Sakit ol!

Gedib xədənginlə öz ruzini yol.

Xədəng – qovaq ağacından düzəldilmiş ox.

Beytin mənası: Vəzir kürd əsgərinin üstünə qışqırıb deyir: “Sənin yayoxun dövlətə lazım deyil, çünki şah heç kimlə müharibə etmir və etmək fikrində deyil, odur ki, sən get öz yay-oxunla ovçuluq et və özünü dolandır”.

 

[302]                    O mən qələmsizə çəkdi bir dəvat.

Yəni: “Mürəkkəbi qabı ilə bir yerdə mən qələm tuta bilməyən savadsızın üstünə atdı ki, başımı yarsın”.

 

[303]                    Günəşin çeşməsi saxsı güldanda

Reyhanlar yetirib açan zamanda...

İndiki kimi qədim zamanlarda da saxsı dibçəklərdə gül, çiçək əkərdilər. Burada saxsıdan yoğrulmuş kuzə deyərkən Yer kürəsi nəzərdə tutulur. Yəni Günəşin şüaları Yer üzünü gül-çiçək kimi bəzəyəndə, səhər açılanda, şah ədalət suyu üçün  susuzluqdan yananlara dürrə bənzər ədalət yağışı yağdırdı və onları suvarılmış reyhan kimi xoş və təravətli etdi.

 

[304]                    Özümə çinliyəm, həbəşəm sənə.

Mən özüm ağlığın və gözəlliyin rəmzi olan türk olsam da, sənin qarşında üzü qarayam, həbəşliyəm.

 

[305]                    Padşah ədaləti süzəndən bəri

Qurban verdi ona yeddi peykəri.

Bu və bundan əvvəlki beytdə orijinalda şair üç dəfə peykər sözünü işlətmişdir. Bu Sətirlərin mənası: Şah ədalətin peykərini – simasını muşahidə edib onun mahiyyətinin gözəlliyini dərk etdikdən sonra yeddi peykəri – yeddi planeti, onların şəninə tikilmiş yeddi qəsri və orada yaşayan yeddi gözəli ədalətin peykərinə – vücuduna qurban etdi.

 

[306]                    Dürlər peyvənd edən ləlin bağına.

Dürlər peyvənd edən – qiymətli, maraqlı tarix yazan, nazim, şair, ləl bağı (sapı) – “Bəhramnamə” dastanı.

 

[307]                    Gördü ki, işrətə yol verməyən tağ

Hamı günbədlərdən toz qaldıracaq.

Orijinalda işrətə yol verməyən tağ əvəzinə büsat açmış günbəd yazılmışdır, yəni fərşini geniş açmış, qılıncının sağı da, solu da kəsən fələk, göy yeddi günbədin, bütün günbədlər kimi tozunu sovurub, onları tar-mar edəcək.

 

[308]                    Başqa bir günbədin yolunu tutdu.

Yəni Allaha qulluq etmək üçün atəşgah günbədinin yolunu tutdu.

 

[309]                    Olardı bu zaman altmış yaşı,

Yasəmən bitirdi bənövşə başı.

Bəhramın yaşı altmışa çatanda onun bənövşə kimi şəvə saçlarının arasında yasəmən kimi ağ güllər bitdi, yəni onun başı ağarmağa başladı.

 

[310]                    Ovladı ahunu öz bədənindən.

Ahu sözünün birinci mənası ahu, ikinci mənası isə eyb, nöqsan deməkdir. Şahın öz bədənində yığdığı ahu – nöqsanlardır. O, öz nöqsanlarını öldürüb əbədiyyətə qovuşmaq istəyirdi.

 

[311]                    Keyxosrov xəznəsi bir mağaraya...

Keyxosrovun qarlı, boranlı dağda yox olmasına işarədir.

 

[312]                    Bilmədilər, edib vida bostana

Yönəlib gedibdir fil Hindistana.

Rəvayətə görə, fillər ölümün yaxınlaşdığını yuxuda görüb ölmək üçün Hindistana gedirlər. Burada fil deyərkən Bəhrama, Hindistan deyərkən isə qəbiristan nəzərdə tutulmuşdur.

 

[313]                    Boyaq dükanında dörd küpsən ancaq.

Qədim təbabətə görə, insanın cismi dörd ünsürdən əmələ gəlmiş dörd mayədən (qan, səfra, sevda və bəlğəmdən – fleqmadan) ibarətdir və həmin mayələr bir küpə (bədənə) yığılmış dörd rəngə bənzədilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qədim təbiblər insan məzacının xarakterinin həmin maddələrdən əmələ gəldiyinə inanırdılar.

 

[314]                    Zülmət, nur pərdəsi altda heç zaman

Uzaq olmaz eşşək mehri-İsadan.

Bu qaranlıq gecə və işıqlı gündüzdən ibarət olan zəmanədə bəzən eşşəyin də möhrəsi (belinin fəqərələri) İsanın mehrindən-məhəbbətindən xali olmur, yəni eşşək də yüksək rütbəyə çatır. Burada İsanın suvar olub Beytül-Müqəddəsə getdiyi eşşək nəzərdə tutulur.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info