Qonaq Kitabı
YEDDİ GÖZƏL

Əfsanəyə görə, Yunis peyğəmbər dəryada naqqanın qarnında yaşadığı vaxt əlindəki çırağın işığı ilə dəryanı görərmiş. Kəlim – yəni Musa Sina dağında tonqal yananda göylərə qalxmış və Allah tərəfindən qəbul edilmiş, İbrahim peyğəmbəri müstəbid Nəmrud şah qalanmış kürəyə atdırarkən kürədəki alov-od sönüb güllü-çiçəkli bağa çevrilmişdi. İsa peyğəmbərə qonaq gələndə heç nəyi olmadığı üçün onlara yalnız çırağının işığını təklif edərmiş.

 

[173]                    Nəzər sal gövhəri qızaran közə,

Al, sarı, göy rəngli nur verir gözə.

Qədim təbabətə görə, üç çalarlı (sarı, qırmızı və mavi) yaqut gözün işığını artırır.

 

[174]                    Odun vətənidir, cəhənnəm, cənnət

Ondan işıq alıb, bundan hərarət.

Beytin mənası: Odun hərarəti, yandırma qabiliyyəti cəhənnəmdən, işığı, nuru isə cənnətdən gəlib.

 

[175]                    O bir cəhənnəmdir atəşpərəstə,

Günahsızlar üçün yoldur behiştə.

İslam təliminə görə, xristianların və başqa dinə qulluq edənlərin hamısı cəhənnəmə vasil olacaq və cəhənnəm odunda yanacaqlar. Mömin müsəlmanlar isə sırat əl-müstəqim körpüsündən keçəndə cəhənnəm onlara uzaqdan əlvan, çırağban bir bağ kimi görünəcəkdir.

 

[176]                    Zərdüşt “Zəndi” ona nəğmələr saçar,

Muğlar pərvanətək xirqələr açar.

Zərdüştilər – atəşpərəstlər atəşgahlarda öz müqəddəs “Zənd-Avəst” kitabından atəş ətrafında dini nəğmələr oxuyardılar. Xirqə – ən kobud parçadan tikilmiş yamaqlı əba, sufilərin rəsmi geyimi. Burada müqəddəs libas simvolu kimi işlənmişdir. Muğ – (qədim fars dilində maqu) – atəşpərəstlərin kahini. Muğlar atəşgahlarda atəş ətrafında oxuyub ritual rəqs edərkən bəzən hala (ekstaza) gəlib öz qaftanlarını (xirqələrini) yandırarlarmış.

 

[177]                    Qırmızı şərabla dolu büllur cam

Quru su içində yaş oldu tamam.

Beytdə aksimaron deyilən poetik fiqur vasitəsi ilə çox gözəl və nadir obraz yaradılmışdır. Şərab quru suya və atəşə bənzədilmişdir. Ona görə ki, o büllura və içiləndən sonra isə atəşə oxşayır.

 

[178] Gurgözlülər – iri, gözəl gözlü gözəllər.

 

[179] Sipehr – göy, səma, fələk.

 

[180] Şidə – Xürşid sözünün ikinci hissəsini təşkil edən Şid sözündən alınmış və parlaq deməkdir.

 

[181]                    Günlərin birində böyük sənətkar

Bəhramın əlindən aldı şirin bar.

Bəhram – Mars planeti, yəni həm Bəhram-Gurun, həm də onun hamisi olan və qədim, şəmsi (günəş) təqvimində hər ayın iyirmisində aydın və parlaq görünən Bəhramın (Marsın) əlindən şirin bar – xeyir-dua alıb işə başladı.

 

[182]                    Şəmmas məbədindən çıxıb kənara,

Abbasilər kimi geyinib qara...

Şəmmas – hərfi mənası günəşə qulluq edən deməkdir, rəvayətə görə, atəşgah tikən atəşpərəst olmuşdur. Şəmmas məbədi – atəşgah. Abbas (Əbbas) – Məhəmməd peyğəmbərin əmisi (653-cü ildə vəfat edib), Əbbasilər xilafəti onun adı ilə bağlıdır və həmin sülalənin şüarı qara rəng olmuşdur. Abbasın qara diyarı – qara günbəd.

 

[183]                    Şahın beş növbəti – söylədi, gəlin, –

Dörd balışı üstdə ayın səslənsin.

Beş növbət – şah sarayının qabağındakı meydançada gündə beş dəfə çalınan şeypur və nağara nəzərdə tutulur, əzəmətli şahlığın rəmzi olub. Dörd balış – dörd ünsür. Qədim təsəvvürə görə, dörd ünsür Ayın yerləşdiyi sferada dörd balış şəklində yerləşir və Ay da onlara dirsəklənir. Beytin mənası: Qoy Ay həmişə dörd ünsürə yox, şahın beş növbəsinə arxalansın, yəni şah əbədi yaşasın.

 

[184]                    Qaranın sirriylə məni et tanış.

Mətndə: “Mənə qır və Qeyruvandan xəbər ver” yazılmışdır. Qeyruvan – Afrikanın qədim şəhərlərindən biridir, VII əsrdə salınmışdır, indiki Tunisdə yerləşmişdir. Lakin burada sözün lüğəvi mənasında işlədilmişdir – qır ölkəsi deməkdir, “Qır və qır ölkəsindən xəbər ver” – zərbülməsəldir, əsil mətləbə keç deməkdir. Mətndə çox yerində işlədilib, qara geyinənlər və qaralar ölkəsi nəzərdə tutulur.

 

[185]                    Adamları çəkmiş müşkidən ələm.

Yəni evlərin qabağında qara rəngli bayraq sancmış və qara geyinmişdilər.

 

[186]                    Gülün dodağını dişlər yasəmən,

Kəsib ərğəvanın dilini çəmən.

Yəni yasəmən gülün ləçəklərinə dəyirdi; Ərğəvan çiçəkləyəndə yarpağı olmaz, ərğəvanın dili deyərkən onun yarpaqları nəzərdə tutulur. Yəni çəmənzar o qədər gözəl və yaşıl idi ki, ərğəvanın yarpaqları utandığından göyərib çıxmırdılar.

 

[187]                    İrəm “Arami-dil” söyləyir ona.

O bağ o qədər gözəl idi ki, hətta əfsanəvi cənnət bağı – İrəm ona “Arami-dil”, yəni “ürək rahatlığı” deyirdi. “Arami-dil” həm də nəğmə adı olub. Belə halda məna bir az dəyişir: İrəm bağının gözəlliyinə vurulub, ona “ürək rahatlığı” nəğməsini oxuyurdu.

 

[188] Minu – cənnət.

 

[189]                    Rahi-reyhan idi hər şux novrəstə.

Rahi-reyhan – gül ətirli və gül rəngli badə, şərab. Rahi-reyhanın luğəvi mənası reyhan ətri deməkdir. Rah, reyhan, ruh – üçü də ərəbcə bir kökdəndir və bundan istifadə edərək şair çox gözəl obraz yaratmışdır.

 

[190]                    Dəyər xuzistana ləli onların.

Xuzistan vilayəti (İranın cənubunda) qədim zamanlardan öz şəkər və qəndi ilə məşhurdur. Şair deyir ki, onların al lələ bənzər dodaqları o qədər şirin idi ki, Xuzistanı utandırırdı.

 

[191]                    Rum, zənci qoşunu qabaqda, dalda,

Bir özgə fikirdə, özgə xəyalda.

Yəni rumlu türklərə bənzər ağ və al yanaqlar öndə, onların arxasında isə zəncilərə bənzər qara qıvrım geysular gedirdilər.

 

[192]                    Torpaq olsan, suyam, əllərini yu!

Burada torpaq – qul, müti mənasındadır.

 

[193]                    Şəbdizin nalı qoy alovda qalsın.

Nalı atəşdə (kürədə) qoymaq – qədimdə bir növ cadu olub ki, onun vasitəsi ilə məşuqu əfsunlamaq və ram etməyə çalışarmışlar.

 

[194]                    Sən Xəllux əhlisən, mənsə həbəşəm.

Xəllux – qədim Türküstan şəhərlərindən biri, öz ağ türk gözəlləri ilə məşhur idi. Həbəşistanda yaşayanlar isə ədəbiyyatda qaranlıq və çirkinlik rəmzi olublar.

 

[195]                    Qum səp, fərş üstünə axıt qanımı.

Fərş (əslində nət) – dəridən, göndən düzəldilmiş cəllad xalçası. Şahın hüzurunda qəsrdə məhkumun boynunu vuranda nəti salıb üstünə də qum tökərlərmiş ki, qan döşəməni bulamasın; nətin ikinci mənası isə adi örtük, nazik dəridən – ədimdən qayrılmış xalça. Torktaz Torknazdan xahiş edir ki, ya oturduqları fərşin üstündə onunla oynaşsın, ya onun boynunu vursun.

 

[196]                    Balıq beli hara, sümüyü hara?

Balığın beli adətən qara və ən yeməli yeri olur, onun onurğa sümüyü isə ağ olur, yeməli olmur.

 

[197]                    Əjdərdən qurtardı, ilanı vurdu.

Kənizlə yatmaqdan vaz keçib ehtiras qapısını öz-üzünə bağladı, şəhvət ilanını öldürüb ayrılıq, hicran əjdahasından xilas oldu.

 

[198]                    Şəkər səpələdi o təzə gülə.

Şəkər səpələdi – yəni şəkər kimi şirin söhbətə başladı.

 

[199]                    Dedi: “Təsdis idi Zöhrəyə məkan,

Evdə oturmuşdu Bilqeys, Süleyman”.

Təsdis – altı bucaq. Zöhrənin təsdisdə – yəni altı planetin ortasında oturması məhəbbət və xoşbəxtlik rəmzidir. Beytin mənası: Məhəbbətlə əhatə olunmuş Zöhrə altı planetin arasında oturan kimi Bilqeys Süleymanla oturmuşdu.

 

[200]                    Gül kimi qurtardım yadlar əlindən.

Yəni: Gül kimi başqalarının əlində gəzməkdən xilas oldum.

 

[201] Pişva – rəhbər, öndə gedən, qabaqcıl.

 

[202] Balıqdan ayadək – yerin altından göyə qədər.

 

[203]                    Kimsə bundan sonra qoy ox atmasın,

Qarının yayına atsa çatmasın.

Yay (kaman) – donqar bel. Yəni heç kimin oxu qarının donqar belinə dəyib onu yaralaya bilməsin.

 

[204]                    Belə bir hiyləyə şah məhəl qoydu,

Kərpici belə bir qalıba uydu.

Şah başa düşdü ki, həmin hiylə vasitəsilə onun qurduğu tədbir qalıbı onun istədiyi kərpici verəcəkdir. Yəni o, öz məqsədinə nail olacaqdır.

 

[205]                    Qarının təndiri baisdir buna.

Əsatirə görə, Nuh tufanı bir qarının təndirindən başlayıb. Beytin mənası: Kəniz öz-özünə fikirləşdi ki, Nuh tufanı qarının təndirindən başladığı kimi onun başına gələn müsibətin səbəbi də onların evinə gəlib-gedən qarıdadır.

 

[206]                    Mənə müzəvviri göstərdi tədbir.

Yemədən xeyir etdi mənə muzəvvir.

Müzəvvir – xəstələr uçün əvəlik və kududan hazırlanan xüsusi şorba. Beytin mənası: Qarı mənə dedi ki, başqa bir kənizdən özünə yalançı bir müzəvvir hazırla. (Yəni başqa bir kənizlə yalandan eşqbazlıq et), mən də hazırladım və o müzəvviri – xəstə xörəyini yeməmiş (yəni o kənizə əl vurmamış) sağaldım.

 

[207]                    Həməl bürcü etdi günəşimi şad,

Bərdi-əcuzi, de, necə edim yad?

Günəş Həməl bürcündə bahar fəslində qərar tutur. Bərdi-əcuz – qarı şaxtası – qışın axır ayındakı şiddətli şaxta, boz ay şaxtası. Yəni indi mənim Günəşim sənin vüsalının Həməl bürcündə – bahar fəslində şadlanan bir zamanda qışın şaxtasından nə qorxum ola bilər?

 

[208]                    Zəfəran sarıdır, aldırma, burax,

Onu yeyənlərin şadlığına bax!

Qədim təbabətə görə, zəfəran gülmək gətirir və bütün dərdlərə dərmandır.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info