Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

 

 

Oldu səhra mənzilim vəhşi ğəzalindən cüda. (2 dəfə)

 

Yar, gəl!.. (4 dəfə)

 

 

 

M u s i q i. Üzünü örtüb ağlayır.

 

 

 

A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən Allah, bir de görüm, sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən?

 

G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam.

 

A s y a. Axı naxoş olanın bir yeri ağrıyar; görünür ki, sənin heç yerin ağrımır, şükür Allaha.

 

G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah, qoy məni əldən.

 

A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişibsən. Eyzən fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır... Ay qız, bəlkə bir adama bənd olubsan, hə?...

 

G ü l ç ö h r ə (hərəkət edir). Kimə bənd olacağam...

 

A s y a. Yox, yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan; ancaq o adam kimdir? Bizə arşın mal satandan başqa heç kəs gəlməmişdi. (Birdən) Yəqin o gədəyə bənd olubsan!

 

G ü l ç ö h r ə. Gədə nə üçün olsun?!

 

A s y a. Aha, bildim!.. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan... Nədir-nədir, bir qədər sir-sifəti var; vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl qoy-maram; o hara, mən hara...

 

G ü l ç ö h r ə (təqsirli kimi). Vallah, özüm də başa düşmürəm ki, bu nə haldır. (Ağlamsınır və əlləri ilə üzünü örtür.)

 

A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara, bazarın gədəsi hara. Barı, bənd olursan elə adama bənd ol ki, sənə yaraşan olsun. İkinciyə qalan yerdə, bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən də sənin kimi bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də, vallahı, işdir, birdən atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar.

 

G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın.

 

A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm.

 

 

 

Gülçöhrəni aparıb gedirlər.

 

 

 

S u l t a n  b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Əsil mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı, bir nəfər molla, üç manat pul və bir kəllə qənd, şüttamam, vəssəlam. Amma, de gəl ki, mənədə bəxt yoxdur... Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm ki, bazarın gədəsinə verəm... Mən bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xan ilə aş yemirəm ki, buğum yağa batar; bir gədənin birisi mənə göyə olmaq istəyir... Amma xalasını alardım və bir söz deyən olsa idi, geyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım. Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq saldı. Qoymadı işimizi görək... Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu... (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)

 

T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə çağıracaqdır ki, ay qız, Telli, gəl üstümü basdır. (Sultan bəyin səsi gəlir: ay qız, Telli, gəl üstümü basdır.) Çor, zəhrimar... (Mülayim) Ağacan, gəlirəm, gəlirəm. (Gedir.)

 

A s y a (daxil olur, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir; bilmirəm hayandan gəldi çıxdı bura arşın mal satan... Yenə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi... (Pəncərəyə tərəf baxır.) O kimdir bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah, lap bəy balasına oxşayır. Bax, adam bənd olanda da beləsinə ola! Görəsən, bu bizə niyə gəlir, xeyir xəbər ola! Gəlir, gəlir, düz bizə gəlir, qoy gəlsin, qaçmayacağam. Gəldi...

 

 

 

Qapı döyülür, Asya qapını açır. Süleyman daxil olur.

 

Asya əli ilə üzünü gizlətmək istəyir.

 

 

 

S ü l e y m a n. Sultan bəy evdədirmi?

 

A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.)

 

S ü l e y m a n (tək). Yəqin ki, Sultan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkalla Əsgərə! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən belə bilmədim ki, Sultan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim özüm alardım. Heyif! Amma yaxşıca qızdır. Vallahı, çox böyük səhv eyləmişəm. Gərək bu qızı mən alaydım. Halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyim... Yoxsa, bəlkə elə gəlmişkən, elə özüm üçün istəyim?.. Yox, bu yoldaşlıq haqqında namərd-lik olar. Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir; necə ola bilər ki, onu məyus eyləyim, lənət şeytana! Adam gərəkdir, dostluqda düz ola. Nə eyləmək? Mən də axtararam özümə bir gözəl qız taparam, xainlik pis şeydir.

 

 

 

Sultan bəy daxil olur.

 

 

 

S u l t a n  b ə y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş görək nə var, nə yox? (Əl-ələ verib, otururlar.)

 

S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür Allaha, hər şey öz yerin-də sazdır.

 

S u l t a n  b ə y. Çox gözəl, indi söylə görək daha nə var, nə yox?

 

S ü l e y m a n. Bəy, bilirsən, bu dünyanın işi elə belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olursan; ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola. Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri.

 

S u l t a n  b ə y. O kimdir?

 

S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.

 

S u l t a n  b ə y. Hə, yaxşı tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi.

 

S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də, şükür Allaha, yaxşı varı, malı. Alveri də çox böyük tərəqqidədir.

 

S u l t a n  b ə y. Yaxşı, Əsgər nə deyir?

 

S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.

 

S u l t a n  b ə y. Balam, mənim qızım uşaqdır ki...

 

S ü l e y m a n. Bəy, gərək uşaq olmasın; amma onu bil ki, Əsgər özgə adamdır, bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar.

 

S u l t a n  b ə y. Sən orasını doğru deyirsən; həqiqət, tacir tayfası mənim xoşuma gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellərlə mənim işim olmaz və xoşuma da gəlməzlər. Ancaq burası var ki... Əsgəri mən görməmişəm; hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi vaxt yaxşı kişinin pis övladı olur.

 

S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. O barədə təvəqqə edirəm ki, mənə etibar edib, sözümə inanasan. Hərgah Allah eləməmiş Əsgər pis adam olsa idi, mən sənin qızını ona istərdimmi?

 

S u l t a n  b ə y. Elə isə, Allah xeyir versin, razıyam...

 

S ü l e y m a n (əl tutur). Allah xeyir versin, Allah hər ikisini xoşbəxt eləsin. Oğul-uşaq sahibi olsunlar.

 

S u l t a n  b ə y (durur). İndi buyur da... Buyur gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. (Durub o biri otağa keçirlər.)

 

A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə də görməmişəm; qoy indi də bu qapının deşiyindən baxım. (Əyilib qapının deşiyindən baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla) Nə qayırım? Gülçöhrə gədənin birinə bənd olanda mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki, hələ Gülçöhrəni də ötərəm... (Aşiqanə) Of, həqiqət, adamın adama gözü düşəndə əhvalı necə pərişan olur! (Oxuyur.)

 

 

 

(Musiqi)

 

 

 

Gözəlim, yar gözəlim.

 

 

 

(Musiqi)

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info