Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

Pulun var, gələrəm!

 

V ə l i

 

Bilirəm, gələrsən!

 

T e l l i

 

Belə, belə yarımsan!

 

V ə l i

 

Belə, belə canımsan!

 

 

 

Musiqi. Oynayırlar.

 

T e l l i

 

Mən gedərəm ol kəsə ki,

 

Onun pulu çox olsun,

 

Onun pulu çox olsun,

 

Dərdi, qəmi az olsun.

 

Pulun var?

 

 

 

V ə l i

 

Var, var!

 

 

 

Musiqi. Oynayırlar.

 

İ k i s i  b i r  y e r d ə

 

Qoy xanımı bəy aparıb,

 

Tezlik ilə toy eləsin.

 

V ə l i

 

Sənidəcə mən alaram!

 

T e l l i

 

Mənidəcə sən alarsan!

 

V ə l i

 

Mən də bir bəy olaram!

 

T e l l i

 

Sən də bir bəy olarsan!

 

(Tək) Pulun var?

 

V ə l i

 

                                  Var, var!

 

 

 

Musiqi. Oynayırlar.

 

 

 

T e l l i (xoşuna gəlir). Əşi, tez ol, sözünü de görüm nə istəyirsən?

 

V ə l i. Səni istəyirəm, səni! Bildinmi?

 

T e l l i. Buy, əcəb işə düşdüm!

 

V ə l i. Gözümün işığı, get o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir.) Yeri, maralım, yeri! Yeri, ceyranım, yeri! Əcəb qızdır! Vallah, qoy ağam qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür.)

 

 

 

Süleyman və Sultan bəy çıxırlar.

 

 

 

S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Sultan bəyə) Bəy, hələlik xudahafiz.

 

S u l t a n  b ə y. Xudahafiz, səlamət ol. (Gedirlər. Sultan bəy Süleymanı ötürüb qayıdır.) Ay qız, Telli! Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm nə olur... Bəli, dünyanın işi belədir... Bir vaxt var idi biz də cavan idik... İndi...

 

 

 

Qızlar gəlirlər.

 

 

 

S u l t a n  b ə y. Hə, oturun görüm. Ay qız, Gülçöhrə, nə üçün belə bikef görünürsən? Nə olub ki, naxoş deyilsən ki?

 

G ü l ç ö h r ə. Xeyr, ata, yaxşıyam.

 

S u l t a n  b ə y. Çox gözəl, qızım, bilirsən nə var?

 

G ü l ç ö h r ə. Xeyr, ata.

 

S u l t a n  b ə y. Bəs elə isə bil: səni ərə verirəm.

 

 

 

Gülçöhrə hərəkət edir, Telli şad olur. Asya heyifsilənir.

 

A s y a (kənara). Heyif, oğlan əlimdən çıxdı!

 

G ü l ç ö h r ə. Ay ata, mənim nə vaxtımdır ki, ərə gedim?

 

S u l t a n  b ə y. Lap yaxşı vaxtındır. Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həmi cavan, həmi pullu, həmi mallı...

 

G ü l ç ö h r ə. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info