Qonaq Kitabı
ARŞIN MAL ALAN

P Ə R D Ə

 

İKİNCİ PƏRDƏ

 

Musiqi müqəddəməsi çalınır, sonra pərdə qalxır. Sultan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub; biri tikiş tikir, digəri corab hörür.

 

Gülçöhrə (tikiş tikə-tikə oxuyur)

 

 

(Musiqi)

 

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir.

 

(Musiqi)

 

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,

Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir. (2 dəfə)

 

(Musiqi)

 

Dili- zarimdə dərdi-eşq günü-gündən füzun olmaq.

 

(Musiqi)

 

Dili- zarimdə dərdi-eşq günü-gündən füzun olmaq,

Yetən bidərdə tədbir ilə dərman etdiyimdəndir. (2 dəfə)

Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,

Binasın tişeyi-ahımla viran etdiyimdəndir. (2 dəfə)

Ah... Gəl yarım! (3 dəfə)

Gəl yarım! (3 dəfə)

A s y a (ah çəkir). Ay Gülçöhrə, sən oxuyanda mənim ürəyim tutulur, bikef oluram.

G ü l ç ö h r ə. Görünür ki, oxumağım sənə xoş gəlmir.

A s y a. Yox, çox xoş gəlir; elə ona görə də məni bir sayaq qəm basır, qüssə eliyirəm.

G ü l ç ö h r ə. Ah, elə bizim ömrümüz başdan ayağa kimi qəm-qüssə deyilmi?

A s y a. Hə, vallah, doğru deyirsən.

T e l l i. Ay xanımlar, nə olub ki, qəm-qüssə eliyirsiniz? Allah qoysa, Sultan bəy bu gün-sabah sizi ərə verər, gedib ev yiyəsi, oğul-uşaq sahibi olarsız, onda qəminiz də olmaz.

G ü l ç ö h r ə. Ah, Telli, o cürə ki, bizi ərə verirlər, heç verməsələr yaxşı olar.

T e l l i. Nə üçün, ay xanım, niyə elə danışırsan?

G ü l ç ö h r ə. Doğru deyirəm, vallah, o cürə ərə getmək mənim xoşuma gəlməz ki, heç bilmirsən səni kimə verirlər, ərin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçəldir, qoturdur, adam döyəndir...

A s y a (təəccüblə). Bəs, ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb, un çuvalına tay olacaqsan?

T e l l i. Allah eləməsin.

G ü l ç ö h r ə. Mən deyirəm ki, evdə qalıb un çuvalına tay olasan? Mən onu demək istəyirəm ki, belə, adam əvvəlcə bir görə ki, kimə gedəcəkdir. Baxa, bəyənə, təhər-töhrünə bələd ola, sonra ərə gedə.

A s y a (gülür). Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutur. Sən bu dörd divarın içində kimi görə bilərsən, ay yazıq ki, (rişxəndlə) hələ baxıb bəyənə-sən?!

G ü l ç ö h r ə. Elə olanda, evdə qız qalmaq yaxşıdır.

T e l l i. Əşşi, təki ağam sizi ərə versin, mən qaçıb, gedib nişanlını görərəm, evinə-eşiyinə baxaram, sonra gəlib hamısını sizə nağl edərəm.

 

Gülçöhrə ilə Asya gülürlər.

 

G ü l ç ö h r ə. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sən görsən kifayətdir, dəxi bizim görməyimiz lazım deyilmiş.

T e l  l i. Yox, xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz.

A s y a. Yaxşı, Telli, qoy sən deyən olsun; təki bizi ərə versinlər yerdə qalanı asandır.

G ü l ç ö h r ə. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Amma siz elə görməmişdən ərə gedərsiniz.

T e l l i. Vallah, xanım, elə görməmişdən getmək lazımdır; yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur; amma görməyəndə ürəyin tələsir ki, bir tez görəsən. (Oxuyur.)

Sən o yanda, yar bu yanda,

Ceyran tək boynun buranda

Baxışın min canlar alır,

Məni qəmə, dərdə salır.

 

(Musiqi)

 

Sən o yanda, yar bu yanda,

Hərdən qıyqacı baxanda

Gözüm o gözlərdə qalır,

Məni qəmə, dərdə salır.

 

(Musiqi)

 

Sən o yanda, yar bu yanda,

Saçların üzə salanda

Göylərə ahım ucalır,

Məni qəmə, dərdə salır.

 

(Nağl edir.) Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allah ilə aparırlar. Hələ, desən, ayağının altında qurban da kəsirlər, sonra otağa aparıb gərdək dalında oturdurlar, ürəyin tıp-tıp döyünə-döyünə gözlüyürsən ki, qapı açılıb oğlan çıxdı...

 

Bu əsnada qapı açılıb Sultan bəy çıxır. Qızlar səslərini kəsib, işlərinə məşğul olurlar.

 

T e l l i (kənara). Allah eləməsin ki, belə oğlan olsun.

S u l t a n  b ə y (əsnəyir). Ay qız, Telli, min kərə demişəm ki, mən yatanda gəl mənim üstümü basdır; indi üstü açıq yatmışam, deyəsən belimə soyuq dəyib. (Əsnəyir.) Ay... rəhmətlik Sona sağ olaydı... Qərəz ki, təklik bir sənət deyildir.

G ü l ç ö h r ə. Ay ata, bizə desəydin örtərdik, bilmədik.

S u l t a n  b ə y. Demədim, demədim, keçibdir. (Əsnəyir.) Di durun gedin evə, mən də şəhərə çıxıram. Evdən yaxşı muğayat olun. Durun! (Qızlar hamısı durub, içəri daxil olurlar.) Olmur, təklik mənə əl vermir. Beş ildir ki, günü-gündən geri gedirəm. Srağa gün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır; deyir ki, bir arvad al. Hanı bir elə arvad ki, uğruma gələ idi, ala idim! Əlbəttə, mənə qız verməzlər, çünki yaşım çoxdur, pulum da azdır və bir də tazadan top-tüfəng ilə evlənmək mənə yaraşmaz; mənimki bir hallıca, dulluca arvaddır ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə, iş tamam ola. Ondan sonra arvad başlar gecələr buğlarıma həna yaxar, səhərlər də yuyar. Yatanda da belimə soyuq dəyməz. Qərəz, gedək bazara, görək nə var, nə yox. (Gedir.)

 

(Musiqi)

Əsgər pərdə dalında oxuyur.

 

Ə s g ə r

Arşın mal alan! (2 dəfə)

Arşın mal alan!

Bafta, tafta, buxça, hey...

 

Əsgər qoltuğunda arşın malı və əlində arşın səhnəyə çıxır.

 

Ə s g ə r. Tamam üç gündür qapı-qapı dolanıb gəzirəm, amma axtardığımı tapa bilmirəm. Bu günü də başa çıxardım görüm nə olur. Ey bəxt, səndən mədəd!

 

(Musiqi)

 

(Yenə oxuyur.)   Arşın mal alan! (2 dəfə)    

Arşın mal alan!

Bafta, tafta, buxça, hey...

 

Bu halda Gülçöhrə, Asya və Telli bir tərəfdən və qonşu qızlar o tərəfdən bayıra çıxırlar. Qızlar Əsgəri çağırır.

 

Q ı z l a r. Arşınmalçı, arşınmalçı, bura gəl!

Q ı z l a r  x o r u (Soprano)

Arşınmalçı mal göstər,

Bir-bir yerə sal göstər.

Göstər, göstər hər nə var,

Qızlar bəzənmək istər.

 

(Musiqi)

H a m ı

Ah, nə gözəl parçadır,

Gülləri də qonçadır,

Toy bəzəyi xonçadır, xonça, xonça... (2 dəfə)

Ondan bir paltar tikdirsəydim,

Oynardım doyunca-doyunca.

(Musiqi)

Xor bir də təkrar olunur.

 

Ə s g ə r (gedə-gedə). Aha, deyəsən qız mədəninə düşmüşəm, bir sürü birdən çıxdı. Görək necə şeydirlər. (Onlara) Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, bafta, tafta – hər şeyim var.

G ü l ç ö h r ə. Aç görək, xoşumuza gələn nə var?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info