Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

S u l t a n  b ə y (əvvəl xoş üzlə, sonra təəccüblə). Balam, sən... Sən Əsgərsən? Yoxsa o arşın mal satan?

 

Ə s g ə r. Xeyr, bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm sənətim də tacirlikdir.

 

S u l t a n  b ə y. Deyirəm axı, ancaq mənim gözümə belə görükdü ki, qabağım-da o gədədir.

 

Ə s g ə r. Hansı gədə?

 

S u l t a n  b ə y. Heç, bir gədə var idi, arşın mal satardı.

 

Ə s g ə r. Bilirəm, sən istədin ki, onun xalasını alasan, o da əvəzində səndən qızını istədi, sən də acıqlanıb qovdun, belədirmi?

 

S u l t a n  b ə y (təəccüblə). Elədir... Balam, sən hardan bildin?

 

Ə s g ə r. Necə bilməyim ki, o mən özüm idim...

 

S u l t a n  b ə y (heyrətlə). Nə danışırsan?!

 

Ə s g ə r. Bəli, bəli, mən qəsdən etdim ki, qızı görüm, sonra alım.

 

S u l t a n  b ə y. Doğru deyirsən?

 

Ə s g ə r. Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni) Gülçöhrə!

 

G ü l ç ö h r ə (daxil olub atasına tərəf gedir). Bax, ata, həmi sən deyən oldu, həmi mən deyən. Əsgər bizi kələyə qoyub, sənin acığına və mənim də əzabıma səbəb oldu, bütün təqsir bundadır.

 

S u l t a n  b ə y (ayılır). Hə, indi başa düşdüm. Çox kələkbaz imişsən; rəhmətlik sənin atan heç belə  deyildi. Ya Allah! (Əl verir.) Kefin yaxşıdırmı?... Ay qız, Gülçöhrə, bəri gəl! (Gülçöhrə gəlir, atası onun alnından öpür.) Çox gözəl, çox pakizə, vay səni, Əsgər!... Amma əcəb kələkbaz imişsən! (Yadına düşür.) Yaxşı, balam, bəs sənin xalan necə oldu? Hə?... Həqiqət o sənin xalan idi, yoxsa o da kələk idi?

 

Ə s g ə r. Xeyr, doğrudan xalamdır.

 

S u l t a n  b ə y. Yəqin, özü də duldurmu? (Sevinir.)

 

Ə s g ə r. Bəli, duldur.

 

S u l t a n  b ə y. Hə, de ver gəlsin də!...

 

Ə s g ə r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək, xalamı çağır.

 

 

 

Gülçöhrə gedir.

 

 

 

S u l t a n  b ə y. Gəlsin, onu alım da!.. O dul, mən dul; həkim də mənə deyib ki, gərək arvad alam. Mən bilən, həkim xalanı da görsə deyər ki, ərə get.

 

Ə s g ə r. Nə sözüm var, al da... al, ikibaşlı qohum olaq. İndi bildinmi ki, ikibaşlı qohum nədir?

 

S u l t a n  b ə y (gülür). Bildim, bildim, a kələkbaz!

 

 

 

Gülçöhrə və Cahan daxil olurlar.

 

 

 

S u l t a n  b ə y (Cahana). Əşi, gəl də!.. İrəli gəl! Görürsən sənin bu bacıoğlun nə kələkbaz imiş... Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? Deyirəm ki, elə Əsgər ilə Gülçöhrənin və sən ilə mənim toyumuz bir olsun.

 

C a h a n. Nə deyirəm, Allah xeyir versin.

 

H a m ı. Amin, amin!

 

S u l t a n  b ə y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Sizin gədəni göndərin Asya ilə Tellini bura gətirsinlər.

 

Ə s g ə r. Bu saat gedim göndərim. (Çıxır.)

 

S u l t a n  b ə y. Əşi, vallah sevindiyimdən elə bilirəm ki, cavan oldum... (Tez dilin dolayır.) Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun mənə!

 

 

 

Əsgər gəlir.

 

 

 

Ə s g ə r. Göndərdim getdi.

 

 

 

Bu halda Süleyman daxil olur.

 

 

 

S ü l e y m a n. Səlamünəleyküm.

 

S u l t a n  b ə y. Paho, Süleyman, əleykəssəlam, balam sənin bu dostun nə kələkbaz imiş!..

 

S ü l e y m a n. Bəli, çox kələkbazdır; bilmirəm kimdən öyrənibdir.

 

Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur, xalam desin!

 

C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi.

 

S u l t a n  b ə y. Belə imiş!.. Süleyman, mən səni heç belə bilməzdim, bu işləri haradan öyrənibsən?

 

S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.

 

S u l t a n  b ə y. Ay sənin başın var olsun!

 

S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir). Yaxşı, Gülçöhrə budur?

 

Ə s g ə r. Bəli, budur.

 

S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamayır.

 

S u l t a n  b ə y. Sən yəqin Asyanı görübsən.

 

S ü l e y m a n. Asya kimdir?

 

S u l t a n  b ə y. O mənim qardaşım qızıdır.

 

S ü l e y m a n (sevinir). Hə?.. Əşi, elə isə mən nə üçün bekar qalım. Ver mən də toy edim də!..

 

S u l t a n  b ə y. Doğru deyirsən?

 

S ü l e y m a n. Əlbəttə!

 

S u l t a n  b ə y. Verdim, al!

 

H a m ı. Allah xeyir versin, Allah xeyir versin! Nə əcəb oldu!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info