Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

S u l t a n  b ə y. Nə verəcəyəm? Sənin müzdün bu olar ki, mənim kimi bəy ilə qohum olarsan. Xalanın müzdü o olar ki, canı rahat olar. Mənimdə müzdüm budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən?

 

Ə s g ə r. Yox , bəy, bu sayaq sərf eləməz...

 

S u l t a n  b ə y. Bəs nə sayaq sərf eylər?

 

Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq.

 

S u l t a n  b ə y (təəccüblə). Nə sayaq ikibaşlı?

 

Ə s g ə r. Bu sayaq ki, mən xalamı verirəm sənə, sən də qızını ver mənə.

 

S u l t a n  b ə y (bərk acıqlı). Axmağın birisi, axmaq! Nə yava-yava danışır-san?! (Xəncərdən yapışır.) Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?! Cəhənnəm ol buradan sən də, sənin xalan da!.. Qudurğanın birisi, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından!

 

Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Kənara) Arşınmalçı Əsgərə vermədi, amma tacir Əsgərə verəcəkdir. (Gedirlər.)

 

S u l t a n  b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib, qapının ağzında dayanır və gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. (Xəncərini çəkib yüyürür.) Öldürərəm səni, qudurğan oğlu qudurğan! (Qayıdıb fikrə gedir.) Yoxdur. Yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi olmuşdu, özü də əsil mən deyən hallıca arvad idi ki, iş bir nəfər molla ilə bir kəllə qəndəbənd idi; mərdümazar oğlu mərdümazar hayandan gəldi isə bütün işi korladı. Planımı dağıtdı. Ey vay... (Oxuyur.)

 

 

 

Nə pis oldu halım mənim, gəl alım,

 

                gəl alım, dilbilməz!

 

Getdi əldən yarım mənim, gəl alım,

 

                maralım, dilbilməz!

 

Aman, aman, oy!.. (Girir içəri.)

 

 

 

P Ə R D Ə

 

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

 

 

Sultan bəyin evində vaqe olur; Gülçöhrə təkcə oturub oxuyur. Musiqi çalınır.

 

 

 

G ü l ç ö h r ə

 

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.

 

 

 

(Musiqi)

 

 

 

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda

 

Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə)

 

 

 

(Musiqi)

 

 

 

Der idim səbr eyləyim, olsam cəmalindən cüda.

 

 

 

 

 

(Musiqi)

 

 

 

Der idim səbr eyləyim, olsam cəmalindən cüda,

 

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)

 

Ah... aman-aman... aman-aman!..

 

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)

 

Yar, gəl, yar, gəl, yar, gəl, yar, gəl!...

 

 

 

(Musiqi)

 

 

 

Ağlımı tərk eylədim fəzlü kəmalindən cüda,

 

 

 

(Musiqi)

 

 

 

 

 

Ağlımı tərk eylədim fəzlü kəmalindən cüda,

 

Dönmüşəm mən müflisə cahü cəlalindən cüda. (2 dəfə)

 

 

 

(Musiqi)

 

 

 

Tirə oldu ruzgarım zülfü xalindən cüda,

 

Oldu səhra mənzilim vəhşi ğəzalindən cüda. (2 dəfə)

 

Ay aman!.. (4 dəfə)

 

 

 

(Musiqi)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info