Qonaq Kitabı
ARŞIN MAL ALAN

(Musiqi)

 

Bəs sən kişi xeylağı qızı nə sayaq görərsən, xəlq qızını sənə göstərərmi?

Ə s g ə r. Hə, bəs mətləb elə burdadır ki, səhərdən bəri sənə deyirəm ki, bunun axırı nə olsun. İstəyirəm evlənim, amma bilmirəm kimi alım; çünki heç kəsi görməmişəm və görmək də olmaz.

C a h a n. Ay xalan sənə qurban! Sən gəl ata-baba yolu ilə evlən. Sənin nə borcundur, qoy mən gedim sənə qız alım, hərgah pis olsa təqsir mənim boynuma.

Ə s g ə r. Ay xala, sən nə fikir edirsən? Mən arşını iki şahılıq çiti görməmiş almıram; halbuki diri gözlü arvad ola... Yox, mən bu sayaq evlənmək istəmirəm. Bacarsan mənə bir yol göstər ki, qızı görüm, sonra alım.

C a h a n. Xalan sənə qurban, nə yol göstərim?

Ə s g ə r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm.

 

Vəli ah çəkir. Sükut. Musiqi çalınır, sonra Süleyman daxil olur.

 

S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vəli, sən necəsən?

C a h a n. Allaha şükür, sağ olasan, a Süleyman!

V ə l i. Bəy, iltifatın artıq olsun.

 

Süleyman Əsgərə tərəf gedib oxuyur.

S ü l e y m a n

Nədir sənin dərdin, bu nə ahü zardır? (2 dəfə)

Nədir sənin fikrin belə tarümardır? (2 dəfə)

Utanma, gəl söylə belə dərdini mənə, (2 dəfə)

Nə qüssədir böylə əsər eyləyib sənə? (2 dəfə)

Bu dünyada yoxdur belə dərdi-bidəva. (2 dəfə)

Davasın al dərdin, belə görginən səfa. (2 dəfə)

Eşitməmişsənmi, belə bir məsəl də var: (2 dəfə)

Nə arzu varsa, belə axtaran tapar! (2 dəfə)

Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır?

Ə s g ə r. Ay Süleyman, yaxşı oldu sən gəldin; axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək, sən nə məsləhət tökürsən?

S ü l e y m a n. Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam?!

Ə s g ə r. İnanıram, amma məsləhət töksən lap yaxşı inanaram.

S ü l e y m a n. İndi bir-bir söylə görüm nə olubdur?

Ə s g ə r. Nə olacaqdır; onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə bu dünya belə gəlib belə getsə...

S ü l e y m a n (sözünü kəsir). Dayan, bildim nə istəyirsən.

Ə s g ə r. Nə istəyirəm?

S ü l e y m a n. Əlbəttə, arvad almaq istəyirsən.

 

Hamı təəccüb edir.

 

Ə s g ə r (təəccüblə). Paho, nə bildin?

S ü l e y m a n. Sifətindən görürəm. Onu bilmək çətin deyil ki; (Cahana) Belədir, belə deyil, Cahan xala?

C a h a n. Qadan alım, əlbəttə elədir.

S ü l e y m a n (Vəliyə). Belədir, belə deyil, Vəli?

V ə l i. Bəy, əlbəttə belədir.

S ü l e y m a n (Əsgərə). İndi bildin ki, mən ağıllıyam?!

Ə s g ə r. Yarısına qədər bildim. Aşna, indi bir iş də var; hərgah ona bir tədbir töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan.

S ü l e y m a n. De bir-bir söylə, qulaq asım.

Ə s g ə r. Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi...

S ü l e y m a n. Dayan, bildim nə istəyirsən.

Ə s g ə r. Nə istəyirəm?

S ü l e y m a n. İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb, sonra alasan.

 

Yenə hamı təəccüb edir.

 

Ə s g ə r (təəccüblə). Balam, necə bildin?

S ü l e y m a n. Ağzını açan kimi. Onu bilməyə nə var ki... (Cahana) Belədir, belə deyil, xala?

C a h a n. Qadan alım, əlbəttə elədir.

S ü l e y m a n. Belədir, belə deyil, Vəli?

V ə l i. Bəy, doğru buyurursan.

S ü l e y m a n (Əsgərə). İndi bildin ki, başdan ayağa qədər ağıllıyam?

Ə s g ə r. Bir azca qalıbdır, hərgah bir işi də bilsən, onda imanım kamil olar.

S ü l e y m a n. Bir-bir söylə, qulaq asaq.

Ə s g ə r. Yaxşı, ağıllı oğlan! Bəs mən qızı hardan görüm və  nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum?

S ü l e y m a n. Ondan asan nə var ki; paltarını dəyiş, köhnəsini gey; qoltuğuna bir top çit-mit nə varsa vur, əlinə də bir arşın al; ondan sonra düş qapı-qapı gəz və arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lələşini göndər, gedim elçilik eyləyim, vəssəlam.

Ə s g ə r (sevinir). Əcəb fikirdir, vallah!

C a h a n. Qadan alım, əlbəttə yaxşı fikirdir.

S ü l e y m a n. Ayrı cürə əlacı yoxdur. (Cahana) Belədir, belə deyil, xala?

C a h a n. Qadan alım, əlbəttə belədir.

S ü l e y m a n. Belədir, belə deyil, Vəli?

V ə l i. Bəy, doğru buyurursan.

S ü l e y m a n (Əsgərə). İndi gördün ağıllıyam!

Ə s g ə r. Ağıllısan, qardaş, ağıllısan! Vallah, sən deyən kimi edəcəyəm.

C a h a n. Ay Süleyman, bəs sən niyə özünü qocaldıb evlənmirsən?

S ü l e y m a n. Mən də evlənərəm, xala; o fikirdən mənim də başımda var. Hələ indi əvvəlcə bir Əsgəri evləndirək; görünür ki, bu çox tələsiyir. Sonra mən də evlənərəm. (Birdən) Yaxşı, xala, bəs sənin fikrin nədir?

C a h a n. Heç nə, qadan alım, nə olacaq ki?

S ü l e y m a n. Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Qoy səni bir Allah bəndəsinə verək, canımıza dua eləsin.

C a h a n. Buy... qadan alım, mənim nə ərə getmək vaxtımdır ki?!

S ü l e y m a n. Necə? Çox balacasan?.. Əlbəttə, vaxtındır! Belədir, belə deyil, ay camaat? Əlbəttə belədir. (Vəliyə) Balam, Vəli, sən də hazırlaş ha!..

 

Vəli utanır, başını aşağı salır.

 

S ü l e y m a n. Hə... Əsgər, fikrə gedibsən?

Ə s g ə r. Vallah, sabahdan arşın mal satan olacağam.

S ü l e y m a n. Əcəb edərsən, Allah səni də tez muradına yetirsin, bizi də; belədir, belə deyil, xala?

C a h a n. Qadan alım, əlbəttə belədir.

S ü l e y m a n. Belədir, belə deyil, Vəli?

V ə l i. Bəy, doğru buyurursan.

S ü l e y m a n. Bəs indi ki, belə oldu, qulaq as! (Oxuyur.)

 

(Musiqi)

 

Öyrən bu kələyi, arvadı tap, tez toy elə, (2 dəfə)

Bil kim, düşməyəcək böylə kələk bir də ələ. (2 dəfə)

Amma, bax, unutma sən, unutma sən bizləri sən,

Görəndə qaşı qara, gözü qara qızları sən.

H a m ı (Əsgərdən başqa)

Amma, bax, unutma sən, unutma sən bizləri sən,

Görəndə qaşı qara, gözü qara qızları sən.

 

(Musiqi. Oynayırlar.)

C a h a n

O gün ola, balam, toy edəsən, qız alasan, (2 dəfə)

Evlənmək işini aramıza dəb salasan. (2 dəfə)

Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk,

Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək.

H a m ı

Bizə də sən qur kələk, (2 dəfə)

Bəlkə biz də gün görək. (3 dəfə)

 

(Musiqi. Oyun).

 

V ə l i

Düş bazar-şəhərə, sat arşın mal, Əsgər ağa! (2 dəfə)

Axtar, bax qızı tap, tez arvad al, Əsgər ağa! (2 dəfə)

Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,

Vəliyə sən bir yol aç, sən bir yol aç, sən bir yol aç.

H a m ı

Dərdinə tapdın əlac, (3 dəfə)

Bizə də tez bir yol aç. (3 dəfə)

 

(Oyun)

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info