Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

Pərvayə, pərvayə.

 

Bu bir işdir ki, məni iynə kimi incəldib,

 

Salır iplik kimi hərdəm bir uzun sövdayə.

 

Aşiq oldum (3 dəfə)

 

Necə bir tazə güli-rənayə. (2 dəfə)

 

 

 

Asya və Telli çıxıb oxuyurlar.

 

 

 

A s y a  v ə  T e l l i

 

Nə pərişandır halın,

 

Gülçöhrə, Gülçöhrə?!

 

Nədir bu ahı-zarın?

 

Tez söylə, tez söylə!

 

Niyə solmuş rüxsarın?

 

Gülçöhrə, tez söylə! (2 dəfə)

 

Qıza layiq olmaz kim,

 

Dərd çəksin, qəm çəksin.

 

Nədir bu ahı-zarın?

 

Gülçöhrə, tez söylə!

 

Gülçöhrə, tez söylə!

 

 

 

Hamı içəri girirlər. Bu halda Əsgər xalası ilə bərabər çıxır.

 

Cahan çarşaba bürünübdür.

 

Ə s g ə r. Bax, xala haman qız bu evdə olur. Apararsan bu məxməri və deyər-sən ki, arşınmalçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşınmal-çının xalasıyam. Başa düşdünmü?

 

C a h a n. Başa düşdüm, xalan sənə qurban, gedirəm. (Gedib içəri girir.)

 

Ə s g ə r (tək). Amma getdikcə qıza daha artıq bənd oluram. Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Belə istədiyimi tapdım... Bu ev, bu həyət, bu yol hamısı elə bil ki, üzümə gülür.(Oxuyur.)

 

 

 

(Musiqi)

 

 

 

Axtarıb tapdım səni, səndəmi sevdin yar məni?

 

Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı. (2 dəfə)

 

Gəl, gəl, maralım, gəl, gəl, gəl, ceyranım gəl! (2 dəfə)

 

Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni.

 

 

 

(Musiqi)

 

 

 

Halal olsun Süleyman!

 

 

 

(Musiqi)

 

 

 

Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan!

 

Öyrədib məni yola saldın, mənə rast gəldi yar can. (2 dəfə)

 

Gəl, gəl, maralım, gəl, gəl, gəl, ceyranım gəl! (2 dəfə)

 

İndi burada dayanmayım, gedim evə, xalam gəlsin görək nə söyləyəcəkdir. (Gedir.)

 

 

 

Sultan bəy bazardan evə qayıdır, yavaş-yavaş gələ-gələ özbaşına danışır.

 

 

 

S u l t a n  b ə y. Elə hamı mən deyəni deyir: bir hallıca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. İndi mən nə qayırım? Elə arvadı haradan tapım? Gəl, ey arvad, hardasan? Gəl! Gəl!.. (Deyən kimi Cahan çıxır və buna tərəf gəlir ki, keçsin.Sultan bəy təəccüblə) Paho!.. Yoxsa məni qara basır... Yox, deyəsən diri gözlü arvaddır. Özü də bizdən çıxır. Deyəsən, Allah mənimkini yetirdi. (Cahana tərəf gedir.) Ay bacı, kimsən, bizdə nə işin var idi?

 

C a h a n. Arşın mal aparmışdım, qızlara göstərəm.

 

S u l t a n  b ə y (kənara). Arvad olmağına arvaddır, ancaq üzünü görsəm pis olmaz. (Ona) Yaxşı, bacı, bir de, çarşaba bürünmüş kişi olmayasan?

 

C a h a n. Buy... ay qardaş, nə söz danışırsan?

 

S u l t a n  b ə y. Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun.

 

C a h a n (üzünü açıb göstərir). Gördün ki, arvadam!

 

S u l t a n  b ə y. Hə, gördüm. (Kənara) Arvadsan, özüdə də lap mən deyəndən. (Ona) De, yaxşı bir məni başa sal görüm sən kimsən, nəçisən və kimin adamısan?

 

C a h a n. Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram.

 

S u l t a n  b ə y. Yaxşı, axı mənə bir demədin ki, görək kimin adamısan.

 

C a h a n. Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyarsan.

 

S u l t a n  b ə y. Xeyr, tanımıram, məim dəllal-məllal ilə işim olmaz. Yaxşı, deməli, sənin kişin dəllalıq edir, özün də arşın mal satırsan.

 

C a h a n. Bəli, kişim dəllalıq edərdi.

 

S u l t a n  b ə y. Edərdi? Bəs indi nə iş görür?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info