Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

Səy qıl kim, qala səndən (2 dəfə)

 

Xəlqin içində yaxşı ad. (2 dəfə)

 

 

 

P Ə R D Ə

 

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

 

 

Əsgərin evində vaqe olur. Ev yaxşı bəzənib. Əsgər özü dəxi yaxşı geyinibdir.

 

 

 

Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da, onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluq ilə ərə getməyə razı olmadı; odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsiyir; istəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin; amma qəribə iş gördüm ha!.. Evlənmədim, evlənmədim, - axırda bu kələk ilə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eyləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir... Qərəz, gedim görüm xalam dediklərimi düzəldibdirmi? (Gedir.)

 

 

 

Bir qədərdən sonra qapı açılır. Gülçöhrəni qaçırıb gətirirlər.

 

Bir neçə oğlan Gülçöhrənin qolundan tutub onu içəri salır və qapını örtüb gedir.

 

Gülçöhrə bərkdən ağlaya-ağlaya taxtın üstə yıxılır... Bir az keçəndən sonra deyir:

 

 

 

G ü l ç ö h r ə. Ox! Bu nə əzabdır mən çəkirəm?! Məni güc ilə, zor ilə ərə verirlər; bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar. İstəmirəm mən bu dövləti, bu dəstgahı! Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.)

 

 

 

(Musiqi)

 

 

 

G ü l ç ö h r ə

 

Hicran dərdi fələk verdi,

 

Bunca cəfanı layiq gördü. (2 dəfə)

 

Yoxdur taqət, səbrə halət.

 

Ölmək yaxşıdır, nə ki, bu zillət. (2 dəfə)

 

Ey xuda, rəhm et, ey xuda, rəhm et!

 

Qıl mədəd, ya rəb, mən yazığa rəhm et!

 

 

 

 

 

 (Musiqi)

 

 

 

Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur. Hamısından yaxşı budur ki, bir kərəlik özümü boğum, öldürüm, canım qurtarsın. (Dəsmalını açıb burur ki, özünü boğsun, lakin bu əsnada arşınmalçının səsini eşidib təəccüblə qulaq asır və eşitdikcə xoşuna gəlir. Əsgər pərdə dalından oxuyur: “Arşın mal alan!”. Axıra kimi oxuyub qurtarır.)

 

 

 

(Musiqi)

 

 

 

Əsgər daxil olub, salam verir.

 

 

 

G ü l ç ö h r ə (təəccüblə baxır). Sənsən, yoxsa özgədir?

 

Ə s g ə r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol!

 

G ü l ç ö h r ə (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr öldürərlər... Mümkün var isə gəl qaçaq. (Əcələ ilə dartır.)

 

Ə s g ə r (gülür). Hara qaçaq öz evimizdən?

 

G ü l ç ö h r ə. Nə danışırsan, bura kimin evidir?

 

Ə s g ə r. Bura mənim evimdir, sonra da olacaq sənin evin.

 

G ü l ç ö h r ə. Heç başa düşməyirəm? Məni kim götürüb qaçıbdır?

 

Ə s g ə r. Mən göndərdiyim adamlar.

 

G ü l ç ö h r ə (fikirlə). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar.

 

Ə s g ə r. Əlbəttə, elədir.

 

G ü l ç ö h r ə (lap heyran qalır). Yenə başa düşmədim, Allah eşqinə, məni başa sal görüm bu nə kələkdir.

 

Ə s g ə r (gülür). Bax, Gülçöhrə! Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub, özümə qız axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi; amma atan bilmədi ki, mən arşın mal satan oğlanam, çünki o əvvəldən məni görməyibdir.

 

G ü l ç ö h r ə (naz ilə). Ay biinsaf! Bəs mənə yazığın gəlmədi ki, bu qədər əziyyət çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum... (Naz ilə) Belə bilseydim səni sevməzdim...

 

Ə s g ə r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə deyilmi, maralım, Gülçöhrə?

 

G ü l ç ö h r ə (axırda razı olur). Elədir.

 

Ə s g ə r. De gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o biri otağa)

 

 

 

Bu halda bayır qapıdan Sultan bəy daxil olur.

 

 

 

S u l t a n  b ə y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi; dedim gedib görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır). Bəs hanı bunlar? Ay uşaqlar, kim var?

 

 

 

Əsgər daxil olur.

 

 

 

Ə s g ə r. Salaməleyküm, Sultan bəy, sən bizə xoş gəlmisən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info