Qonaq Kitabı
ARŞIN MAL ALAN

Ə s g ə r. Bu saat, xanım! (Açır, Gülçöhrəyə diqqət edir.)

A s y a (kənara). Batmış nə göyçək oğlandır!

Ə s g ə r (yenə diqqətlə Gülçöhrəyə baxır). Bax, xanım, hər nə könül istəyən desən, hamısı burada vardır. (Kənara) Amma, əcəb qızdır!

T e l l i. Ay xanım, o tumanlıq nə yaxşıdır!

 

A s y a. A, nəyə lazım olan şeydir ki...

 

G ü l ç ö h r ə (Asyaya). Sənə lazım olmaz, amma Telliyə lazım olar.

 

Ə s g ə r. Doğru buyurursan, xanım (Kənara). Ağıllı qızdır ha!.. (Ona) Neçə arşın buyurursan qulluqçunuz üçün kəsim.

 

G ü l ç ö h r ə. Arşını neçədəndir?

 

Ə s g ə r. Heç neçə, iki qəpikdir. Amma sizə iki şahıdan hesab edərəm.

 

G ü l ç ö h r ə. Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq, elə versən, on arşın kəs.

 

Ə s g ə r. Zərər yoxdur, sizə qurban olsun! (Ölçür.) Bir...iki... (Kənara) Amma deyəsən axtardığımı tapmışam... üç... dörd... Vallahı, çox gözəl qızdır... beş... altı...yeddi... Deyəsən, elə qismətim bu olacaqdır... səkkiz... doqquz... Görünür, zahiri gözəl olan kimi batini də gözəldir... on... on bir... on iki...

 

G ü l ç ö h r ə. On arşın bəsdir.

 

Ə s g ə r. Buy, hə!.. Fikrimdən çıxdı, budur, elə on arşındır. (Kəsir qulluqçuya verir.)

 

A s y a. Ah, bizə yaraşan heç zadın yoxdur.

 

Ə s g ə r. Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. İnşallah, gələn səfər gətirərəm. (Gülçöhrə pul verir.) Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir.

 

G ü l ç ö h r ə. Nə bildin ki, əlimin bərəkəti vardır?

 

Ə s g ə r. Elə belə, ürəyimə damdı ki, sənin əlin bərəkətlidir. (Kənara) Vallah, mən deyən elə budur ki, var. (Ona) Xanım, bura Sultan bəyin evi deyilmi?

 

G ü l ç ö h r ə. Özüdür.

 

Ə s g ə r. Abadan olsun! Bəs Sultan bəyin qızı hansınızdır?

 

A s y a. Bu özüdür.

 

Ə s g ə r. Allah ömr versin! (Kənara) Çox gözəl qızdır!

 

A s y a. Ay Gülçöhrə, gedək evə; yoxsa əmim gələr, acığı tutar.

 

Ə s g ə r. Sağ olun, var olun!

 

G ü l ç ö h r ə (gedə-gedə). Sən də sağ ol!

 

Ə s g ə r (tək). Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, heç görməyəm. Gəl, Əsgər, ya qismət de, bunu al! Sultan bəy məni görmüyübdürsə də adımı eşidibdir. Bilir ki, dövlətli tacir oğlanam. Yəqin, qızı istəsəm verər. İndi görəsən qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Qızı bilmirəm, amma Sultan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa qızı mənə verməz. Allahın altında qız bir də çıxaydı, yenə bir görəydim, danışdıraydım. Dayan... (Qapıya baxır.) Deyəsən gələn var. Qoy gizlənim görüm kimdir. (Gizlənir, qapı açılıb Gülçöhrə çıxır.)

 

G ü l ç ö h r ə. Asya demişkən, arşınmalçının sir-sifəti yaxşı idi. İndi Asyaya desən ki, gəl səni ona ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayı-yam? Amma, məncə, arşınmalçılıq pis iş deyil ki... O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa, mən ona ərə gedərəm. Çünki, nə sayaq olsa, yenə də üzünü görmüşəm, bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil; sifəti də xoşuma gəldi. Üzü nəcib adamın üzünə oxşayır. Vallah, onu qəşəng geyindirsən bir oğlan çıxar ki, bəy balası kimi... Mənə deyir ki, yəqin sənin əlin bərəkətlidir; özü də elə baxırdı ki, guya tək məni görür... Bir də görsəydim yaxşıca diqqət edərdim... Ah, gör nə danışıram; kim bilir, bəlkə onun arvad-uşağı vardır... (Fikrə gedir.)

 

Ə s g ə r (çıxır hüzura, arşın qoltuğunda). Xanım, bağışla...

 

G ü l ç ö h r ə (səksənir). Oy, qorxdum a...

 

Ə s g ə r. Qorxma, xanım, deyəsən, mən arşınımı burada qoyub getmişəm.

 

G ü l ç ö h r ə. Olsa burada qalardı...

 

Ə s g ə r. Zərər yoxdur, evdə alahı arşınım vardır.

 

G ü l ç ö h r ə (kənara). Yenə o sayaq baxır, gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur.

 

Ə s g ə r. Xanım, Allahın altında Sultan bəyin on iki nəfər sən kimi qızı olaydı!

 

G ü l ç ö h r ə. Yəni nə demək istəyirsən?

 

Ə s g ə r. Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birini də seyidə verib, axırda birini də mənə verəydi...

 

G ü l ç ö h r ə. Nə olar ki...

 

Ə s g ə r. Amma yox, verməz, əlbəttə verməz, o bir bəy adamdır, amma mən arşınmalçı. O mənə qız verməz... (kinayə ilə) və bir də versə də qız gəlməz...

 

G ü l ç ö h r ə. Görünür ki, sən subaysan.

 

Ə s g ə r. Lap subayam; Allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm.

 

G ü l ç ö h r ə. Bəs nə üçün indiyə qədər evlənməyibsən?

 

Ə s g ə r. Nə sayaq evlənim; görmədiyim qızı almaram, gördüyüm qızlardan da xoşuma gələn, ürəyimə batan bir nəfər olubdur ki, onu mənə verməzlər...

 

G ü l ç ö h r ə. Qız özü sənə getməzmi?

 

Ə s g ə r. Yəqin ki, getməz, çünki o bəy qızıdır.

 

G ü l ç ö h r ə. Sən əvvəlcə qızdan soruş, sonra de; nə bilirsən getməz?

 

Ə s g ə r. Doğru buyurursan, xanım, bəs elə isə, de görüm, mənə gələrsənmi?

 

G ü l ç ö h r ə (təəccüblə). Kim? Mən?

 

Ə s g ə r. Bəli, sən; mənim xoşladığım qız bircə sənsən.

 

G ü l ç ö h r ə. Mən elə bildim ki, özgə qızdır...

 

Ə s g ə r. Səndən başqa özgəsi ola bilməz.

 

G ü l ç ö h r ə. Bəs sən məni bir kərrə görməklə xoşladın?

 

Ə s g ə r. Əlbəttə, xanım. Göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim sevindiyimdən çırpınmağa başladı.

 

G ü l ç ö h r ə (kənara). Vallah, mənimki də elə oldu.

 

 

 

(Musiqi)

 

 

 

Ə s g ə r

 

Öyrənib pürfənd oldum,

 

Özgəyə rişxənd oldum,

 

Hər bir dərdə mən doldum,

 

Səni gördüm bənd oldum.

 

Elə bənd oldum, elə bənd oldum,

 

Elə bənd oldum, dilbər!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info