Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

C a h a n. İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür.

 

S u l t a n  b ə y (sevinir). Ölübdür? Deməli, sən dulsan?

 

C a h a n. Bəli, dulam.

 

S u l t a n  b ə y. Belə də de!.. (Öskürür və özünü düzəldir.) Deyirsən ki, on iki ildir ki, ərin ölüb dul qalıbsan... Çox əcəb, indi bəs necə eyləyək?

 

C a h a n (təəccüblə). Nəyi necə eyləyək?

 

S u l t a n  b ə y (karıxmış). Yox, belə onu deyirəm ki, mənim də arvadım, budur, beş ildir ki, mərhum olubdur. Belə olmaq çox pis şeydir. Adam lap tək qalır, bilmir ki, nə etsin. (Kənara) Yaxşıca əlimə düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istəyir getsin, Sultan bəy tez qabaqlayır.) Əşi, bir dayan, hara tələsirsən?

 

C a h a n. Tələsiyirəm, işim var.

 

S u l t a n  b ə y. Daha bundan gözəl nə iş olar, əcəb söhbət eliyirik. Sən dul, mən dul, gəl dərdləşək də... Yaxşı, indi sən deyirsən ki, dulsan, hə?..

 

C a h a n. Buy, dedim ərim on iki ildir ki, ölübdür.

 

S u l t a n  b ə y. Axı burası var ki, mən də dulam.

 

C a h a n. Nə olar, Allahın əmridir. Tək sənin başında görünməyib ki...

 

S u l t a n  b ə y. Orasını bilirəm.

 

C a h a n. Bəs harasını bilmirsən?

 

S u l t a n  b ə y. Gəl biz ikimiz bir iş edək.

 

C a h a n. Nə iş?

 

S u l t a n  b ə y. Belə iş ki, nə sən dul olasan, nə də mən.

 

C a h a n. Nə sayaq eləyək?

 

S u l t a n  b ə y. Nə sayağı var ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, şüt-tamam, vəssəlam.

 

C a h a n. Heç başa düşmürəm ki, nə deyirsən?

 

S u l t a n  b ə y. Başa düşmürsən? Əcəb dilbilməzsən! Bəs elə isə, dürüst qulaq as gör nə deyirəm, a dilbilməz!

 

 

 

Musiqi. Çırtıq vura-vura oxuyur.

 

 

 

Bir at aldım, hər yana çapdım,

 

Gəl alım, gəl alım, dilbilməz!

 

Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz!

 

Aman, aman, oy, qaşı kaman oy!

 

Gəl alım, gəl alım, maralım, dilbilməz! (Oynayır.)

 

 

 

(Musiqi)

 

 

 

Bir ev tikdim, daş üstədir, gəl alım, gəl alım, dilbilməz!

 

Hər nə desən baş üstədir, gəl alım, maralım, dilbilməz!

 

Aman, aman, oy, qaşı kaman, oy!

 

Gəl alım, maralım, dilbilməz! (Oynayır.)

 

 

 

(Musiqi)

 

 

 

Sən dul, mən dul, gəl mənə bənd ol,

 

           gəl alım, gəl alım, dilbilməz!

 

Hər nə desəm ona razı ol, maralım,

 

            maralım, dilbilməz!

 

Aman, aman, oy, qaşı kaman, oy!

 

Gəl alım, gəl alım, dilbilməz!

 

 

 

Bu halda Əsgər gəlir və bunları görür.

 

 

 

Ə s g ə r. Aha!.. Xalamın da işi düzəldi. Əcəb! (İrəli gəlir, oynamaqda olan Sultan bəyin qulağına) A bəy! A bəy! Bir dayan, söz deyirəm. (Sultan bəy səksənib dayanır.) Axı belə iş yaxşı deyildir; özgəsinin arvadına eşqnamə oxuyur-san.

 

S u l t a n  b ə y. Balam, sən kimsən, sənə nə?

 

Ə s g ə r. Necə mənə nə? Bu mənim xalamdır.

 

S u l t a n  b ə y. Xalandır? Deməli, arşınmalçı sənsən?

 

Ə s g ə r. Bəli, mənəm.

 

S u l t a n  b ə y. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur?

 

Ə s g ə r. Nə olubdur ki?

 

S u l t a n  b ə y. Nə olacaq ki, bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə vermirsən.

 

Ə s g ə r (gülümsünür). Nə edim, bir yaxşı adam tapmıram.

 

S u l t a n  b ə y. Yaxşı adam – mən! Gəl də!.. Gəl qohum olaq, mən də dulam.

 

Ə s g ə r (kənara). Aha, yaxşı fürsətdir. (Ona) Doğru deyirsən, bəy, ya zarafat edirsən?

 

S u l t a n  b ə y. Tayımsan ki, zarafat edim? Lap ürəkdən doğru deyirəm?

 

Ə s g ə r. Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info