Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

S u l t a n  b ə y (mülayim). Bax, axmaqlama! Mən elçiyə söz verdim getdi.

 

A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş.

 

G ü l ç ö h r ə. Yox, ata, mən ərə getmək istəmirəm!

 

S u l t a n  b ə y. Yaxşı-yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən.

 

G ü l ç ö h r ə. Yox, ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən vur məni öldür, –  ərə vermə.

 

S u l t a n  b ə y. Deyəsən, sən doğrudan danışırsan! (Bərkdən) Nə axmaq sözdür; necə yəni ərə getmək istəmirsən; evdə qalıb qocalıb qartımayacaqsan ki?...

 

G ü l ç ö h r ə (ağlayır). Mən ərə getmək istəmirəm!

 

S u l t a n  b ə y (lap bərkdən). Sən allah qudurğan olma! Sənin nə haqqın var söz danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir!

 

A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as; indi ki, səni ərə verirlər, sənin borcun getməkdir. Daha burda artıq çək-çevir olmaz ki...

 

G ü l ç ö h r ə. Qoy atam məni öldürsün, amma ərə verməsin.

 

A s y a. Axı sənin danışmağa nə haqqın vardır?!

 

S u l t a n  b ə y. Sənə deyirəm ki, axmaq olma! Mən səni elə adama ərə verirəm ki, daha eləsin tapmazsan, sən nə fikirdəsən?!

 

G ü l ç ö h r ə. Sən o adama Asyanı ver, qoy mən evdə qız qalım.

 

S u l t a n  b ə y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə verəcəyəm.İndi səni istəyirlər, gərək əvvəl səni verim.

 

A s y a. Əlbəttə, elədir.

 

G ü l ç ö h r ə. Mən ərə getmək istəmirəm!

 

S u l t a n  b ə y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulaqlarından mıxlaram divara. (Gülçöhrə ağlayır... Sükut. Sultan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra mülayim dil ilə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama verirəm, sən onu yəqin bil ki, belə oğlana gedəcəksən ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövləti çox! Bəs, dəliyəm ki, səni pis yerə verim; sən mənim gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından öpür.) Sən qoca atayın sözünə qulaq as, dəlilik eləmə!

 

G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım.

 

S u l t a n  b ə y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət eylə, eləməsən Allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür; mən kişiyə söz verdim, Allah qoysa, bu gün sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram; sən mən deyənə qulaq as!

 

G ü l ç ö h r ə. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim.

 

 

 

Asya qorxusundan guya üzünü cırır, təəccüb edir.

 

 

 

S u l t a n  b ə y (təəccüb və heyrətlə). Qızım, sən istədiyin kimdir, söylə görək.

 

 

 

Asya qorxur. M u s i q i.

 

 

 

G ü l ç ö h r ə (oxuyur)

 

Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)

 

Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)

 

Gündüz, axşam fikrim-zikrim, arşın mal alan, (2 dəfə)

 

Ola bilməz özgə fikrim, yanaram. (2 dəfə)

 

Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)

 

Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə)

 

 

 

S u l t a n  b ə y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara) Yoxsa o xalası olandır?

 

G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm.

 

S u l t a n  b ə y (birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq! Bazarın gədəsinə ərə gedəcəksən? Dəli olubsan, nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Sultan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh-pəh!... İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər axmaqlasan, atamın goru haqqı sənə bir toy tutaram, bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan? Qoy bir o arşınmalçı gözümə görünsün, ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mənə Sultan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam deyiləm. Səni də öldürərəm, onu da öldürərəm!

 

G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah öldür, mənim canım qurtarsın.

 

S u l t a n  b ə y (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, səni tikə-tikə doğrayacağam! Belə binamusluq olar ki, mənim qızım gədə-güdəyə bənd olsun! (Ayağını yerə vurur.) Dur bu saat rədd ol gözümün qabağından! İtil burdan! Binamus! (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir, Sultan bəy hövlnak ora-bura gəzir. Asyaya və Telliyə) Nə vaxt arşınmalçı bura gəlmişdi?

 

A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur.

 

S u l t a n  b ə y. Necə xəbərim yoxdur? Yalandan məndən gizləyirsiz! Cəhənnəm olun siz də buradan! (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar?! İndi başa düşürəm ki, neçün xalasının əvəzində qızımı istəyirmiş; cəhənnəm olsun onun xalası da, istəmədik... Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim çıxsın getsin, yoxsa işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar; yoxsa, görünür ki, xoşa-xoşluq ilə getməyəcəkdir. Mənim də hirsim tutar vurub öldürərəm. Ay qız, Asya, Telli! Bura gəlin. (Asya və Telli daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz; onu başa salarsınız. Yoxsa, vallah, Allaha and olsun, hamınızı qıraram! (Gedir bazara.)

 

A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə təqsir var ki, Gülçöhrə bir gədəyə aşiq olubdur! Ay qız, get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör sən allah! Qızın cürətinə bax! Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap xatadır bu qızın işi.

 

 

 

Gülçöhrə ilə Telli gəlirlər. Gülçöhrə yenə taxtın üstə yıxılır.

 

(Musiqi)

 

 

 

A s y a  və  T e l l i

 

Bəsdir bunca ahü-zarın, (2 dəfə)

 

Nəyə lazım bu fəryad?! (2 dəfə)

 

Layiqdirmi ola yarın, (2 dəfə)

 

Atan ola sənə yad! (2 dəfə)

 

G ü l ç ö h r ə

 

Getmiş əldən ixtiyarım, (2 dəfə)

 

Kimsədən yox heç imdad.

 

Ağlar oldu böylə halım,

 

Necə qılmam mən fəryad?! (2 dəfə)

 

A s y a  və  T e l l i

 

Heç yaraşmaz ah edəsən. (2 dəfə)

 

Gəl ol sən də biz tək şad. (2 dəfə)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info