Qonaq Kitabı
ARŞIN MAL ALAN

Dörd pərdəli operetta

 

 

İ Ş T İ R A K  E D İ R L Ə R

 

Ə s g ə r – dövlətli bir tacir oğlandır

C a h a n –  Əsgərin xalası, kök arvaddır

S ü l e y m a n – Əsgərin yoldaşı

V ə l i – Əsgərin nökəri

S u l t a n  b ə y – qoca mülkədardır

G ü l ç ö h r ə  – Sultan bəyin cavan qızıdır

A s y a – Sultan bəyin qardaşı qızıdır

T e l l i – Sultan bəyin qulluqçusudur

Qonşu qızlar

 

BİRİNCİ PƏRDƏ

 

Əsgərin evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Qapının ağzında nökər Vəli hazır durubdur. Musiqi müqəddəməsi çalınır.

Pərdə qalxır. Əsgər oxuyur.

 

Ə s g ə r

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.

 

(Musiqi)

 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam ney tək kəsilsəm, bənd-bənd.

 

(Musiqi)

 

Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.

 

(Musiqi)

 

Qıl mədəd, ey bəxt, yoxsa kamil-dil mümkün deyil.

 

(Musiqi)

 

Qıl mədəd, ey bəxt, yoxsa kamil-dil mümkün deyil,

Böylə kim, ol dilrüba bidərddir, mən – dərdmənd.

 

(Musiqi)

 

Halə tərkin qılmazam, nalə tərkin qılmazam,

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.

 

(Musiqi)

 

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb.

 

(Musiqi)

 

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,

Açır ol gülrux təbəssüm birlə ləli-nuşxənd.

 

(Musiqi)

 

Halə tərkin qılmazam, nalə tərkin qılmazam,

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. A...

 

(Musiqi)

 

C a h a n. Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan, adam eşidəndə ürəyi yanır?

Ə s g ə r. Ürəyin yanırsa, görünür ki, sənin ruhun var, ay xala!

C a h a n. Qanmadım nə dedin, xalan sənə qurban, bir də de, başa düşüm.

Ə s g ə r. Heç bir elə söz demədim ki, bir də təzədən deyim... İndi sən bura bax, ay xala. Bircə mənə de görüm axı belə olmaz ki,  belə də qalsın, bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun?

C a h a n. Xalan sənə qurban, Allaha şükür, dünyaya nə olubdur ki?

Ə s g ə r. Belə, deyirəm ki, axı bunun axırı necə olsun, nəticəsi necə olsun, məsələn, biz, bəli, böyüdük, başa çatdıq. Allaha şükür, mal-dövlət hamısı var, amma yenə də, bilirsən, bununla adamın işi düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə yenə ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm?

C a h a n. Xalan sənə qurban! Əlbəttə düz deyirsən, amma yenə də əməlli başa düşmədim ki, nə deyirsən.

Ə s g ə r. Dediyim aşkar söhbətdir, ay xala! Belə, sözün doğrusu, o tərəfə, bu tərəfimə baxıb göz yetirirəm, görürəm yenə bir şeyim çatmır.

C a h a n. Boy!.. Çatmayan bir şey varsa, gədəni göndər bazardan alsın, onda nə fikir var ki?..

Ə s g ə r. Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbə-tini eləyirəm, sən bazardan danışırsan. Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Malım var, pulum var, amma pul sahibi gərək bir özgə şeyin də sahibi olsun. Vəhalun ki, heç malı, pulu olmayanların, görürsən ki, bir sürüsü var.

C a h a n. Xalan sənə qurban! Sən bir tacir adamsan, sürünü nə edirsən? (Vəli başını bulayır.)

Ə s g ə r. Of, ay xala! Yenə bilmədin nə istəyirəm?

V ə l i (birdən-birə). Mən bilirəm ağa nə istəyir...

Ə s g ə r (ona tərəf yönəlir). Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm..

V ə l i (irişə-irişə). Mən bilirəm sən nə istəyirsən...

Ə s g ə r və C a h a n. Di bilirsən de, nə dayanıbsan!

V ə l i. Sən istəyirsən... (Birdən hırıldayıb, tez qapıdan çıxır, Əsgər gülümsü-nür.)

C a h a n. Boy, elə bil ki, gədənin dəliliyi var. (Əsgərə) Xalan sənə qurban, bircə məni yaxşıca başa sal görüm nə istəyirsən.

Ə s g ə r. Ay xala, bura bax, ağlınca, mənim neçə yaşım var?

C a h a n. Boy, bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra sənin iyirmi səkkiz yaşın tamam olacaqdır. Nəyin dərdin çəkirsən? Sən ki hələ uşaqsan, səni görüm yüz yaşayasan!

Ə s g ə r. Çox əcəb. Axı nə qədər uşaq olsam da yenə də ayaq üstə dura bilirəm ki?

Vəli daxil olub həmən sayaq dayanır.

 

C a h a n. Əlbəttə dura bilirsən, Allaha şükür, sağ və salamat cavansan.

Ə s g ə r. Yaxşı, indi bu sağ-salamat cavan bəs neyləsin, elə yeyib yatsın?

C a h a n. Əsgər, sən Allah, gəl mənimlə açıq danış ki, mən başa düşüm; axı mən türkəsayəcə bir arvadam, ərəb dilini nə başa düşürəm, xalan sənə qurban.

Ə s g ə (kənara). Əşi, daha utanmaq yeri deyildir. (Cahana) Belə bilirsən nə var, xala? (Bərkdən) Mən arvad almaq istəyirəm ey, arvad, arvad!..

V ə l i. Bax, mən deyən oldu... (Hırıldayır.)

C a h a n. Buy... ay xalan sənə qurban, habeləcə de ki, mən də başa düşüm, daha bunun nə çək-çövürü var ki?!

Ə s g ə r. Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm.

C a h a n. Belə çox da yaxşı eləyirsən, xalan sənə qurban. Allah o günləri eləsin ki, toyunda oynayım. (Vəli oynayır.) Bax, Əsgər, xalan sənə qurban, gördün ki, axırda sən gəldin mən deyənə. Neçə vaxtdır ki, mən sənə deyirəm: Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol, amma nə fayda var ki, sən qulaq asmırdın deyə, mən də daha dinmirdim. İndi görünür ki, mən deyənə gəldin. Əlbəttə, arvad al, toy elə, dost sevinsin, düşmən yansın. (Vəli ah çəkir.) Bax, istəsən günü bu güncə gedərəm, sənə qız axtararam. Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyirdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm; onu tək qoyma, evləndir. (Ağlayır. Vəli bərk ah çəkir.)

Ə s g ə r. Əşi, daha bura ağlamaq yeri deyildir ki, qoy, söhbət açmışıq, görək axırı necə olur.

C a h a n. Xalan sənə qurban, evlən!

Ə s g ə r. Axı nə sayaq evlənim, iş elə burasındadır ki, evlənmək asan iş deyildir.

C a h a n. Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana ki, Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Vallah, lap padşahın da qızını istəsən sənə verər. Bax, burda çox fikir lazım deyildir, qoy elə bu güncə çadramı başıma salıb, gedim sənin üçün qız bəyənib seçim. Ya özün istəsən mənə de, hansı bəyin və ya tacirin qızını istəsən gedim sənə alım.

Ə s g ə r. Axı mən nə bilirəm ki, hansı bəyin və ya tacirin qızı yaxşıdır ki, deyim get al; mən ki onları görməmişəm.

C a h a n. Buy!.. Xalan sənə qurban! Bəs mənim gözlərim kordur? Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər.

Ə s g ə r (gülür). Ay xala, bəs elə olsa ağlım gedər, dəli olaram ki... Yox, xala, bu, əl verməz, mən gərək əvvəlcə özüm qızı görəm, xoşuma gəldi – alam, gəlmədi – almayam. Sən bir ağıllı – başlı mənə nağıl et görüm necə qız alarsan?

C a h a n (oxuyur və oynayır)

Çadramı sallam başıma,

Üz-gözümü bəzərəm. (2 dəfə)

Gedib sənə qız axtarıb,

Hər tərəfi gəzərəm.(2 dəfə)

 

(Musiqi)

 

Bəyin, xanın və tacirin

Qızlarını düzərəm. (2 dəfə)

Çəməndəki o güllərin.

Ən gözəlin dərərəm. (2 dəfə)

 

(Musiqi)

 

Xalan sənə qurban ola,

Zəhmətinə dözərəm. (2 dəfə)

Toyunda da sənin, bala,

Bax, beləcə süzərəm. (2 dəfə)

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info