Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Həyəcandan, təlaşdan təngiməz də nəfəsi,

Könlünün riqqətindən ləngiməz də nəfəsi.

Göylərə uçursa da təfəkkürü, xəyalı,

Göyləri fəth etsə də, həyalıdır, həyalı!

Cəbrayıl qanadlıdır şairin ilham atı.

Əlinin yelpiyidir İsrafilin qanadı.

Duyğular aləmini duyan hanı aləmdə?

İncəliyi açmağa uyan hanı aləmdə?

Bütün quşlar olsaydı əncir yeyəsi bağda,

Əncirə tamarzıydı əncir yiyəsi bağda.

Yeni tərzə, üsluba qadir sənətkaram mən,

Möcüzəm göstərir ki, nadir sənətkaram mən.

Şer”sənət məbədi abad oldu əlimlə,

Şairlik meyxanadan azad oldu əlimlə.

Zahid, rahib qalmadı, üstümə axdı onlar,

Əbanı, qurşağı da atəşə yaxdı onlar.

Qızılgül qönçəsiyəm, açmamışam hələ mən,

Ətrimi yaymaq üçün intizaram yelə mən.

Bakir sözüm, kəlamım günəş kimi nur yayar,

Şöhrətim qiyamətin şeypurutək gurlayar.

Sənətim güzgüsüdür kainatın, varlığın,

Yer üzü məftunudur belə sehrkarlığın.

Ecazkar sənətimlə açaram tilsimləri,

Sehrimlə əfsunlanıb, tilsimdədir bir pəri.

Gəncə ” Harut sehirli Babil deyil, bəs nədir?

Ürəyim ” ulduzlara nur saçan bir Zöhrədir.

Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə,

Onu belə ucaldan ülvi sözümdür, məncə.

Heyrətamiz sənətim ” ölməzliyə bir buta.

Sehrimlə, möcüzəmlə nicat yoxdur Haruta.

Nizamiyəm, xəyala dönənin biriyəm mən,

Həyəcanlı sözümlə əbədi diriyəm mən.

 

KÖNÜL DÜNYASI VƏ ONUNLA SİRDAŞLIQ

 

Günəş təslim olaraq yerə atdı qalxanı.

Xəcalətdən yerin də suya batdı qalxanı.

Kainatın nəfəsi daralmağa başladı.

Günəş ” öz qalxanıtək saralmağa başladı.

Ordusu düşən görüb qalxanını günəşin.

Tökdü odlu qılıncla al qanını günəşin.

Sağlığında inəyin muncuq bəzər boynunu,

Əldən düşən zamanda xəncər kəsər boynunu.

Dayəsini gecənin çağası qucaqladı.

Gündüzün qumrovunu ayağına bağladı.

Gecə ” dəli”divanə aman vermir qəm ona,

Hazırladı torpaqdan dayəsi məlhəm ona.

İsanın nəfəsitək torpaq məlhəmə döndü,

Dəliliyin atəşi onun suyuyla söndü.

Xəstə şəfa şərbəti içdi dayə əlindən,

Divanəlik binası sarsıldı təməlindən.

Bir ləyən qan qusaraq gör nə hala qaldı o,

Təpədən dırnağadək qapqara qaraldı o.

Qəlbinin qaralığı çöhrəsinə yayıldı.

Yer üzünün kafiri ” üzüqara sayıldı.

Hər hoqqası, oyunu ” məsxərə, qaravəlli,

Bu şəbədəbazlığı kimə deyildi bəlli?!

Gah oldu gül”çiçəyi Ay əyninin qumaşı.

Gah Zöhrənin dəfinə dirhəmlərdi şabaşı.

Zülmətlərə bürünmüş bu çıraqsız gecədə,

Mənim kimi bülbülə bağça”bağsız gecədə,

Hər sözümə kəlməmə ürək qanım hopubdu,

Ciyərimin qanından qığılcımlar qopubdu.

Sözümlə sirdaş kimi ürəyimi açanda.

Fikrimlə, xəyalımla məsləhətə qaçanda.

Dedi ilham pərisi: ʺHazıram, nə diləsən.

Elə borca giriş ki, qaytara da biləsən.

Bu müqəddəs atəşə su çiləmək olarmı?

Can mülkünə at çapan yel diləmək olarmı?

Günəşin şöləsini yaqutlara bağışla.

Tamahın torpağını tabutlara bağışla,

Ox nəyinə gərəkdi, hər sözün oxdu sənin,

Köhləninin sürəti şimşəkdən çoxdu sənin.

Qafil olmaq yaraşmaz, ayıl qəflətdən daha.

Tök üzünün suyunu könül adlı dərgaha.

Göy rəngli küpün altda nə qədər inləyək biz?

Könüldən söhbət aç ki, nəğmətək dinləyək biz.

Könül quldurlarından qurtar öz yaxanı sən,

Dünyan ” könül dünyası, bu dünyanı tanı sən.

Könüllə qanadlanıb ərş evinə hər pəri.

Könülün qanadıdır Cəbrayılın şəhpəri.

Kim ki, iki dünyadan cilovunu döndərib,

Könül öz sayilini möhtəşəmə döndərib.

Könül gildən, palçıqdan, de, yoğrularmı, səncə?

Gildən insan düzəlsə, qəlbi olarmı, səncə?

Heyvan vurur ömrünü başa canla dünyada.

Yaşa odlu ürəklə, həyəcanla dünyada.

Ülvi məqsəd üçündür göz”qulağı bəşərə,

Göz”qulaqdır öz gözü, öz qulağı bəşərə.

Şəbnəmli nərgiz gözün qan saçmağa yaranıb,

Qulağın qafillikdən gen qaçmağa yaranıb.

Gülə də, nərgizə də bel bağlama bağında.

Gülü də, nərgizi də gəl dağlama bağında.

Alçaqların qəlbini oxuyan gözə dön sən.

Qaynar gənclik çağında alova, gözə dön sən.

İlhamınla kamalın özünə yar seçibdir,

Evlənməyə hazırdır, qırx yaşına keçibdir.

Qırx yaşını ötəndə sayılmasın qul gərək,

Dolanmağa, gəzməyə, xərcləməyə pul gərək.

Qırx yaşın təlimindən söz açma ki, tanışıq,

Evlənməyə tələs ki, artıqdır boş danışıq.

Məlul”məlul dayanma, qovuş gözəl dildara,

Qəmli qəlbin qəmxarı, ” könül kimi yar, ara.

Dərd çəkməyə dəyərmi, bir qəmxara qovuşsan?!

Sındır qəmin boynunu, belə yara qovuşsan.

Qəm”qüssədən üzülən canından əl üzəndə.

Son nəfəsdə dirçələr dostu”yarı süzəndə.

Bir cana odlu nəfəs ” yarla yarın vüsalı,

Yar nəfəsi yandırar hər kədəri, məlalı.

Sübh gözünü açmamış nəfəs alıb əsnəyər.

Səhər öz müjdəsilə ulduzları səsləyər.

Sübh ” gözünü ovardı, zəlil kimi, xar kimi,

Al səhəri qoynuna almasaydı yar kimi.

Evlənmək istəsən də, canansız toy hardadı?

Özünə yar axtar ki, toy”büsatın yardadı.

Hər diyar zənginlikdə Xara tay ola bilməz

Heç kəs könül verdiyin yara tay ola bilməz.

Hamının öz sirdaşı, yarı vardır cahanda,

Əsil yar havadardır, xilaskardır cahanda.

İki”üç həmdəmi var, heç biri pak sayılmaz.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info