Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Təlaşdan gülü”gülə, şaxı”şaxa qatanda.

Nəşəsindən çağlayan çeşmə gördüm hər yanda.

Eşqin qızıl bayrağı vüqarla dalğalandı,

Vəfa ətri qoxuyan könül oda qalandı.

Öz nəfəsi qasiddi şirindilli canana.

İsanın nəfəsitək can verdi cansız cana.

Zərrin təxti”rəvanı köhlənimdən götürdü,

Köhlənin cilovunu tez səbaya ötürdü.

Dedi ki: ʺQürrələnmə, enməlisən atından,

Həyatın əlimdədir, bezmisən həyatından?!

Heyrətdən su üzündə yelkənsiz bir gəmiydim.

Cənnət ətri qoxuyan nəfəsin həmdəmiydim.

Çalxalanan, çağlayan gur dalğaya qovuşdum,

Susuzluqdan yanırdım, artıq çaya qovuşdum.

Günəşin şöləsindən çoxdu nuru çeşmənin,

Xızır da təşnəsidir belə duru çeşmənin.

Nərgiz kimi xumardı göy çəməni buranın.

Yatmağa can yeridi yasəməni buranın.

Ənginliyi, aləmi xatırladır göyləri,

Behişt öz nəfəsilə süsləyibdir bu yeri.

Gül qucub yasəməni, ” seyr edirəm bayaqdan,

Gül toxunsa ayağa, tikan çıxar ayaqdan.

Ovçu gözüm çəməndə ceyran tülkü hərisi

Gül ” ceyran göbəyidi, tikan ” tülkü dərisi.

Təbəssümlü güllərin kefi, kökdü çəməndə.

Xəcalətdən tükünü tuti tökdü çəməndə.

Yemlik qəndmi qatıbdır ” südü belə şirindi?

Ceyranlar şirin süddən sərxoş gəzişir indi.

Güllərin gərdəyindən gəlir küləyin səsi,

Otlar quzu ceyrana olub gül mürəbbəsi.

Xeyri mənsəb fərmanı tutubdu əllərində,

Ənbər saçan yelpikdi gülşən gözəllərində.

Nərgiztək sürmə çəkər bu çəməni süzənlər,

İlanları qırıbdı zümrüd otlar, süsənlər.

Ağıl”huş karvanını gül, yasəmən soyubdu,

Qumru, bülbül şairtək ağlı heyran qoyubdu.

İsadilli, birgünlük süsən necə nəşəli,

Musanın əli kimi olub sübhün məşəli.

Göyərçin inildəyir sübh zamanı ahından,

Öz rənginə boyayıb göy səmanı ahından.

Eşqi sığmır söyüdün ənbər varaqlarına,

Səba namə yazırdı çəməndəki yarına.

Baharın salamına baş əyir yasəmənlər.

Tikana gül çələngi bağışlayır çəmənlər.

Yasəmən ” türk gözəli çadır qurub düzəndə.

Sürəyyanı andırır ay hüsnünü süzəndə.

Lalənin atəşgahı ” laləzardır burada.

Hindli atəşpərəstdir, yanıb çatıb murada.

Lalənin qara xalı, şux yasəmən incisi,”

Qara ərəb qarğası, parlaq Yəmən incisi.

Sular xəzə bənzəyir, narın”narın ləpələr

Ağ xəzi, göy sincabı sahillərə səpələr.

Al”əlvan bayraqlarla yelkən açıbdır gəmi.

Ulduzlu asimandı çiçəklərin aləmi.

Fələyin şəfəqini şax budaqlar sökdülər,

Sayənin qədəminə altun pullar tökdülər.

Kölgələri ləlitdi günəşin hücumları,

Ləpələr alqışladı rəqs eləyən qumları.

Sünbülün busəsindən nəsrin alışdı”yandı,

Qönçənin kirpiyindən gülün dodağı qandı.

Xeyrinin oxqabında yoxdu oxu tikanın,

Qalxana əl atdı ki, oxdu çoxu tikanın.

Söyüd gözə gəlmişdi, əsməcəliydi canı.

Tez üzərlik qovurdu lalənin buxurdanı.

Fərəhdən qanad açan gözəl tavusdu çəmən,

Şəbnəm kimi az qalır buxarlansın yasəmən.

Neyşəkər gülüşüylə fərəhdən boy atmışdı,

Gül sarı yaqutunu al qana boyatmışdı.

Xudpəsənd vəhşi güllər gül açmışdı hər yanda.

Nəsimin nəfəsindən dil açmışdı hər yanda.

Narınc rəngli asiman oyadanda günəşi,

Əlində turunc kimi oynadanda günəşi,

Öz qızıl bayrağını qaldırdı ərşə fələk,

Çəmən yıxmaq istədi ” sərilsin fərşə fələk.

Yer üzü gül”çiçəkdi, başdan”başa çətirdi,

Göyün qəlbi günəşdi, yerin canı ətirdi.

Bəxtiyarlıq ulduzu erkən nur çiləmişdi,

Yer üzünə əbədi səadət diləmişdi.

Ya da öz güzarını fələk salmışdı yerdən.

Girov qoyub zümrüdü, mərcan almışdı yerdən.

Safdı mələk gözündən çəmənin nur çeşməsi.

Çatmaz belə çeşməyə günəşin gur çeşməsi.

Bu çeşmədə yuyunub, ətir qoxuyur çəmən.

Göylərin cəlalına alqış oxuyur çəmən.

Süleymanın ətrinə aşiq hophopdu bağda,

Sinəsindən Davudun naləsi qopdu bağda.

Qırqovul qanı axdı turacın caynağına.

Qanlı zəncir bağladı turac sərv ayağına.

Quşların fitvasıyla döndü darğaya bülbül.

Ölüm hökmü oxudu bağda qarğaya bülbül.

Bayquş qarğışçıydı ki, torpaqda gəzdi başı,

Ulamasa, sirrinə qurban getməzdi başı.

Süheyl dabbaqlığına başladı bağda səba,

Zərif güllü dərilər aşladı bağda səba.

Tələsərək özünü tez bağa saldı lalə.

Qəlbinin təlaşından yandı, qaraldı lalə.

Sayəsilə oxşardı öz gözəlini şümşad,

Lalənin ürəyinə qoydu əlini şümşad.

Yasəmən göyə gümüş dırnağını apardı,

Gecənin titəsini dırnağıyla qopardı.

Səhərin Yusifiydi yasəmənin çöhrəsi.

Quyusu ” kölgəsiydi, kəndirisə ” pöhrəsi.

Bağ sarı köynək geydi cuhud gözəlləritək,

Sular şölə saçırdı Musanın əlləritək.

Torpaq sudan düzəltdi özünə sarı məlhəm.

Bir sarılıq gətirdi üzünə sarı məlhəm.

Gecəni sıxışdırıb cövlana gəldi günəş.

Yel at çapdı kölgədə, göyə yüksəldi günəş.

Kölgə öpüb dişlədi günəşin dodağını,

Yel söyüdün telinə çəkdi öz darağını.

Sayə və nur bayrağı çiçəkli bağa düzdü,

Sonra axar”baxarda dodaq”dodağa süzdü.

Gülün odlu manqalı alovlandı könüldə,

Arzumun tikanları udtək yandı könüldə.

Güllərin minbərində ötdü şeyda bülbüllər,

Bənövşənin telindən kəmər bağladı güllər.

Davuddan daha artıq quşlar cəh”cəhəliydi,

Nizamidən daha çox güllər qəhqəhəliydi.

 * * *

Küləkdən cananımın niqabı yenə düşdü.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info