Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Bu füsunkar gecənin sehirli aləmi var.

Canan ” Babil mələyi, keşikçisi ” hindula

Qəmzəyə, qara xala hamı, heyran, hamı mat.

Babilistan, Hindistan timsalıdı kainat.

Baxışların söhbəti sözlü gözlə, qaşladı,

Könül canan gözünü ziyarətə başladı.

Neştər kimi tikandı o qəmzəli baxışlar,

Qıvrım saça baxanda gözdən yağar yağışlar.

Aşiqinə tuşlanıb qəmzəsinin oxları.

Kamandan ox süzməmiş qurban gedir çoxları.

İsanın nəfəsitək bağışlayar can könül.

Dirilik suyu çilər torpaq ağzından könül,

Güllərin yasəməntək buxurdanları yandı,

Ay da fələklər kimi qulluğunda dayandı.

Üzdə şəkər təbəssüm, dodaqda duzlu badam.

Gül yanağın şəhdinə gül dedi ki, mən yadam.

Hər baxışı cahanı kaşanətək bəzədi,

Hər kirpiyi bir canı bütxanətək bəzədi.

Parlaq gümüş ələndi qara saçın tağından,

Söyüd ənbər yağdırdı gümüşü yarpağından.

Buxaq ” gümüş kəmərdi, təri ” inci şehdi ki,

Günəşin hovxurduğu bir qövsi”qüzehdi ki...

Saçı, odlu çöhrəsi ” İbrahim möcüzəsi,

Xəncər kirpiklərində İsmayıl göz süzəsi.

İbrahimin sehriylə od dönüb gülüstana,

Nərgiz gözün xəncəri qan töküb batıb qana.

Busəsi bir meydi ki, aşiq ona can verər,

Dodağı İsa kimi cansız cana can verər.

Çöhrəsinin təridir gül”çiçəyin jaləsi,

Ülkərin çələngidir parlaq ayın haləsi.

Şəhla gözlü hurinin yaxası ki, açıldı,

Səhərin naməsindən vüsal nuru saçıldı.

Yandı ürəklərdəki hünər şamı bu nurdan,

Vurğun aşiqlər kimi çaşdı hamı bu nurdan.

Dili tamam tutuldu, səsi batdı carçının,

Göz”qaşı, naz”qəmzəsi dada çatdı carçının.

Eşqin gülgün meyindən bəşər yetdi murada,

Simuzər piyalədi nərgiz gözlər burada.

Bu işrət məclisində yaman sərxoşdu ağıl,

Səbir, dözüm sarıdan əlləri boşdu ağıl.

Gülüşlər, qəhqəhələr üzmüşdü canı indi,

Taqətin ah çəkməyə taqəti hanı indi?!

Ziyafət pərdəsində susdu səbrin nəğməsi,

Həyəcanın, qovğanın zilə qalxdı gur səsi,

Davudun nəğmələri dildən”dilə car oldu,

ʺMahmud ” Ayazʺ dastanı eldən”elə car oldu.

Nizaminin sözləri şirin, duzlu, məzəli,

Müğənnilər dilində əzbərdir hər qəzəli.

Sözümlə əbədiyyət fərşi toxumuşam mən,

Gözümlə ürəkləri, ərşi oxumuşam mən.

Muştuluq naməsidir əsərim ürəklərə,

Baxışlardan zillənib nəzərim ürəklərə.

Könül şəkər gülüşlü gözəllərə vuruldu,

Baxışlar ahu gözün sürməsindən duruldu.

Kətan geymiş ay kimi gözəldi necə canan,

Qəlbimi kətan təki doğradı gecə canan.

Gecəylə vidalaşıb yatmağa tələsən Ay

Sübhəcən süzdü bizi batmağa tələsən Ay.

Qəmzəsinin oxları can üstə uçan oldu,

Hər can can bahasına neçə ox qucan oldu.

Bu nurdan şam kirpiyi yaşla doldu həsəddən,

Çırağın nurlu gözü nursuz oldu həsəddən.

Sitəmini, zülmünü sanma cəfa sanmışam,

Töhfə kimi qucmuşam, zülmü səfa sanmışam.

Çəməntək çay saçmışam gözdən axan yaşımı,

Günəştək qurutmuşam tərimi, üst”başımı.

Yar nübarı nəsibdi tamarzıya o gecə,

Sən demə, qovuşmuşam hər arzuya o gecə.

Nurdan kəmər qurşanan təzə ayım hardadı?

Camalını gizlədib, aşiq intizardadı.

Vuruldum bir könüldən min könülə mən ona,

Şirin vüsal gecəmiz nə tez yetişdi sona?

Könlümün arzusuydu: çata kaş dada gündüz,

Gecənin pərdəsini yaxmaya oda gündüz.

Bu gecə yar yarını öz qoynuna alaydı,

Səhərin açılması qiyamətə qalaydı.

Axtarıram günəştək belə nurlu gecəni,

Röyada da görmürəm bu uğurlu gecəni.

Vidalaşıb mənimlə şadlıq gecəm haçandı,

Sanma ki, başqa gecə könlümə nur saçandı.

Hər gecə yalvarıram üz tutub dərgaha mən,

Həsrətəm, o gecəyə qovuşmaram daha mən.

Ağ günün gündüzüydü, zülmət gecə deyildi,

Merac gecəsiydi ki, ona gecə deyildi.

Fələyin xəznəsinə inci düzür gecə Ay,

O gecənin dərdindən üzülüb gör necə Ay.

Gecəni qan düşməni bir kafir sanır gündüz,

Yalnız həmin gecənin eşqiylə yanır gündüz.

Uğurlu səfərim ki, başa çatdı birtəhər,

Əlində odlu qılınc üstümü aldı səhər.

Günəş odlu şəmşirlə lərzə saldı canıma,

Gözlərimin yaşını axıtdı eyvanıma.

Ləpələnən sularda süzdü, səkdi buludlar,

Günəşin köynəyini suya çəkdi buludlar.

Günün coşqun çeşməsi yüz rəng çalan çeşmədi,

Çox ömrün kuzəsini daşa çalan çeşmədi,

Öz gümüş çadrını ki, göylərdə qurdu fələk.

Günəşin tellərindən zər naxış vurdu fələk.

Yuxudan oyanmağa nə tez fürsət tapdı sübh,

Qızıl qanlar tökməyə xəncərini qapdı sübh.

Hücum çəkdi üstümə, mən də teylədim canı,

Can alan xəncərinə sipər eylədim canı.

Əjdahatək vermədi bircə qurtum su səhər,

Vüsal çeşməsi üstə təşnəni uddu səhər.

Könül xarabatımın səsi tutdu fəzanı:

ʺEy səhər, eşq əhlinə rəva görmə cəzanı!

Bayaq vəfalı aşiq vüsaldan söz açırdı,

Gecəni nurlandıran şamlar şölə saçırdı.

Əridərək gecəmi, söndürərək şamımı,

Puç etdin növrağımı, gözdə qoydun kamımı.

Neştərinlə yarala balının hərisini,

Nuruna xor baxanın aşıla dərisini.

Nadanları öldür ki, belə işin savabdır,

Aşiq qəlbi onsuz da eşq odundan kababdırʺ.

Göz yaşımı görəndə halıma ağladı sübh.

Şəfəqə gözlərindən qızıl qan çağladı sübh.

Xiffətimdən gündüzün xırmanı yandı göydə,

Günəşin çeşməsinə ahım dumandı göydə.

Fələk özü əjdaha ağzına atdı məni,

Əjdaha zəhəriylə günəş sağaltdı məni.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info