Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Könlümun hökmdarı eşqə düşdü, nə düşdü.

Ətirləndi nəfəsdən şəkər təbəssümlü gül,

Gül dodaqda şəkəri şirinləşdirdi könül.

İşvəsindən qumaşda şux canı yandı ayın,

Od alan qamış kimi xırmanı yandı ayın.

Saç beləcən zirehdi könül sərvinazına.

Təpədən dırnağacan duz qatılıb nazına.

Camalının günəşi qamaşdırar baxanı,

Gözlərinin incisi naxışlayar yaxanı.

İşvələri duzludu, dodaqları baldımı?

Hüsnündən gözəllərdə bir gözəllik qaldımı?

Dodağının qəndindən bağda utandı tuti,

Çənəsini başının halqası sandı tuti.

Yumru narınc deyərsən ətirli çənəsinə.

Gümüş buxaq turunctək sallanıb sinəsinə.

Gülşənin gülü kimi ətri məst eylər səni.

Yar verdiyi şərabtək unutdurar tövbəni.

Təbəristan qızıdı, bir innabdı dodağı,

İnnab nabat əzməyə hardan tapdı dodağı?

Qızılgül qönçəsidi, şirincə neyşəkərdi,

Qupquruca nabatı gülabtək təzətərdi.

Ud kimi tüstülənən xalı ciyər yandırar,

Gündüzün sədəfində müşk”ənbəri andırar.

Ay qəlbini dağlayıb, dönüb qora xalları,

Ay üzünü bürüyüb qara”qara xalları.

Qəlbə günəşdən odlu gözlə basıb o, dağı,

Aylı, bəyaz gecədən nurludu ləl dodağı.

Qatar”qatar karvanı yüklə dolu könülün,

Ağzın meydanı kimi dardı yolu könülün.

Zillətlə, məşəqqətlə könül qəmxara döndü,

Qəlbi qana döndərib, istəkli yara döndü.

Təbəssümlü dodağın hər kəlamı şəkərdi,

Nazıyla, alqışıyla tilsimləri çəkərdi.

Ağzındakı sədəflər bir mücrüyə dolmuşdu,

Ağzı gövhər səpməyə açıq mücrü olmuşdu.

Bu sədəfi, mücrünü görüb neylədi eşqim?

Məni möcüzəsilə heyran eylədi eşqim.

Gədalıq torbasını belimdən açdı mənim,

Köləlik zəncirini əlimdən açdı mənim,

Öz kölə həyatımla vidalaşıb sovuşdum.

Dirilik çeşməsində ölməzliyə qovuşdum.

Ağıl ” vurğun vurmuştək vuruldu öz yarına,

Dəmir zəncir vuruldu gümüş ayaqlarına.

Könül dərdli aşiqi bağlamağa qoymadı,

Günəşin çeşməsini çağlamağa qoymadı.

Qəminə qəmxar ara bir qəmli sirdaşından,

Meyin xumarlığını mey dağıdar başından.

Məhəbbət atəşimə can atanı dağlaram,

Qafilsən, gülşənlərəm, gül”çiçəkli bağlaram.

Günəş ” nurlu gözümdü, fələklərdi ” çəmənim,

Səhər ” bağım, suyudur ” gözümün yaşı mənim.

Könül şahı dönüncə yalqızlıq sirdaşıma,

Dizim dayaq olubdu düşüncəli başıma.

Bu səfəri inamla vurdum başa könüldə,

Sən də öz inamınla belə yaşa könüldə.

Bu yol elə bilmə ki, hər kişinin yoludur,

Bu yol Nizami kimi ər kişinin yoludur.

* * *

Könül şahı bir gecə həmdəm oldu yarıyla,

İxtilata başladı sadiq sirdaşlarıyla.

İşıqlı gündüzütək nur saçırdı gecəsi,

Sonsuz cah”cəlalından söz açırdı gecəsi.

Məclisinin büsatı ” ilk baharın növrağı,

Büsatına heyrandı ruzigarın növrağı.

Ud nəfəsin dumanı, çətri vardı hər yanda,

Yusifin köynəyinin ətri vardı hər yanda.

Gecə keşikçisinin gözünü ovdu darğa.

Süfrənin milçəyini şəkərdən qovdu darğa.

Təranələr, qəzəllər ağlı heyran qoyurdu,

Hicabdakı gözəllər ağlı heyran qoyurdu.

Saqilər filayaqlı sürahiylə süzürdü,

Büllur cama, qədəhə yaqut şərab süzürdü.

Bağrı yanan şam kimi ciyərlər odlanırdı,

Qəlbi odlu ocaqtək ürəkdə od yanırdı,

Məclisə nur saçırdı buxurdanın şöləsi,

Udu qəndsiz yaxırdı yanan canın şöləsi.

Gülablı qəndab ilə gəldi camlar məclisə,

Altun şabaş yağdırdı yanan şamlar məclisə.

Noğul öpən şərablı al dodaqlar şəkərdi,

Badam gözlər ” badamdı, bal dodaqlar ” şəkərdi.

Məşuq ” şəkər dodaqlı, aşiq ” badam gözlüdü.

Zöhrə, Mərrix eşqdən ixtilatı, sözlüdü.

Aşiq duydu cananın peymanını, əhdini,

Gülüş ” məlhəm dilədi bal dodağın şəhdini.

Yar hökmlü pələngdi, xəz döşənib yoluna,

Ətir saçan hörüklər zəncirdi şir qoluna.

Yar doladı qolunu boynuna aşiqinin,

Cavahirat yağdırdı oynuna aşiqinin.

İşvəli saqi kimi mey süzdü cama şamlar,

Sərxoş pərvanələri yetirdi kama şamlar.

Yuxu ” qanadı yanan pərvanəydi bu gecə,

Baş qurban gedənəcən şam baş əydi bu gecə.

Sehirli rübabını tez ələ aldı Zöhrə,

Mizrabı sınanacan oxudu, çaldı Zöhrə.

Baş ” yuxunu başından dağıtmağa çalışdı.

Bir”birinin bəhsinə çilçıraqlar alışdı.

Bir nemət ki özgəyə bəsdi ömür boyunca,

Ona öz sirdaşıyla qismət oldu doyunca.

Bu büsatın yanında hər büsat yalan oldu,

Hamı sonsuz nemətdən nəşəyə dalan oldu.

Bu cəlaldan iqbala, nemətə çatdı hamı,

Fənalıq libasını əynindən atdı hamı.

Müjdəylə qanadlandı şadlıq quşu Ülkərə,

Yeddi lələk saldırdı bu uçuşu Ülkərə.

Sübhün carçısı quşlar kabab oldu köz üstə,

Yar nə dedi sübhəcən, aşiq dedi göz üstə.

Səhər quşu yuxudan səhərtək bəndə düşdü,

Aya tor quran fələk özü kəməndə düşdü.

Qapılar qapalıydı ağyara, biganəyə.

Pərinin hörükləri zəncirdi divanəyə.

Müştəri seyrə daldı qıvrım saçlı mələyi,

Üzük kimi daraldı məftunluqdan ürəyi.

Hurilərin yanında qansız yağı yalandı.

Sevdalı aşiqlərin könül mülkü talandı.

Ürəklərin yolunda yasəmən əkdi onlar,

Ürəkdəki tikanı kirpiklə çəkdi onlar.

Şəkər qamışı oldu könüldəki hər acı,

Canların gül şaxıdı ” boyların sərv ağacı.

Şəkər ağız ” fındıqdı, qıyğacı gözlər ” badam,

Püstə dodaq ” innabı, görən deyər bal dadam.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info