Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Duyğular kələfini sözlə çözələdi can.

Şairi şah elədi şah əsərləri sözlə,

Möhürlədi məsləki məslək ərləri sözlə.

Sözü ” qızıl yatağı altunla tutdu qoşa,

Dedi söz sərrafına: ʺDe, hansı gəlir xoşa?

Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdırʺ?

Söz sərrafı söylədi: ʺSöz dünyanın naxşıdır!ʺ

Söz qasidi bələdsiz başa vurar yolları.

Söz ” hünər meydanında yenər mərd oğulları.

Söz ” gümüş sikkəsidir, dirhəm ” tozu da deyil,

Qızıl ” itdən urvatsız, qorxaq tazı da deyil.

Söz hər yerdə hakimdi, hamıdan baş da odur,

Dünyanın sərvətidir, inci qaş”daş da odur.

Ürəksizlər qafildir ürək sözündən belə,

Sözün şərhi artıqdır sözün özündən belə.

Söz durduqca, sorağı qoy dünyaya car olsun,

Nizaminin şöhrəti sözlə daim var olsun!

 

ŞAİRLİK LƏYAQƏ

 

Qiyməti var ölçüsüz, pərakəndə sözün də,

Cavahirdir cavahir sərrafları gözündə.

Sən kəlamı bəzə ki, zövq alıb gülsün ürək,

Hikmətli kəlamlara ölçü, qafiyə gərək.

Şairlər yaratdığı sözdən qiymətli nə var?

Sözlə iki dünyanın xəznəsini alarlar.

Xəznələr açmaq üçün açar gərəkdir, açar,

Açılmaz xəznələri şairlər sözlə açar.

Şairlər söz mizanı quran zamandan bəri,

Sözlə nəcibləşdirib sözə aşiq kəsləri.

Ərşin bülbülləridir sözə qadir şairlər

Hər tərifə layiqdir sözü nadir şairlər.

Düşüncənin odundan qovrulub yanar onlar.

Özünü mələklərə bir sirdaş sanar onlar.

Şairliyin qurduğu sirli”sehirli pərdə.

Şübhəsiz, peyğəmbərlik kölgəsidir hər yerdə.

Ərənlər, ulu kəslər səf çəkərək düzəlib.

Qabaqca peyğəmbərlər, sonra şairlər gəlib.

Həqiqət dostu olmaz onları gözdən salan.

Hərəsi bir ləpədir, qabıqdır yerdə qalan.

Süfrəyə zinət verən tər”təzəcə nübardır,

O nübarda canımın, tam bir parçası, vardır.

Can”dillə sığallayıb əldən dildən düşüncə,

Ürək qanla yoğrulub, bişiribdir düşüncə.

Bir hikmət çeşməsidir bu şairlik sənəti,

İtirib məddahların ucbatından hörməti.

Kim ki söz pərdəsində çalar gözəl havalar,

Dünya ona dar hücrə, daha geniş qəsri var.

Baş var ki, ölkə alar, var olsun qoy belə baş!

Vüqarından əyilməz hər qapıda elə baş.

Kim ki, başla aldığı könül mülkündə gəzər,

İki dünya boynunu həmayillərlə bəzər.

Qədəminə əyilən öz başıdır şairin.

Şer”sənət kürsüsü bardaşıdır şairin.

Qəddi dönər kamana şövqü, həyəcanıyla.

Sözə can vermək üçün əlləşər öz canıyla.

Lülələnmiş kağıza diz üstə inci axar.

Fələyin qulağına qul kimi sırğa taxar

Göy ” sehirli mücrüsu, tapmaz nələr mücrüdən?

Bir sədəfdən on sədəf ələ gələr mücrüdən.

Söz mülkündə köhləni qan”tərə batar onun,

Dodağından öpməyə canı can atar onun.

Gövhər dəfinəsini eşər söz tişəsilə,

Göyün dəbilqəsini deşər söz tişəsilə.

Əziz, doğma balası kəlamıdır, sözüdür,

Bu övladın atası ilhamının özüdür.

Fələyə baş əydirər şairlərə qulluğu,

Rəva görməz onlara köləliyi, qulluğu,

Nəfəsini canında duyar hamı şairin,

Dildə dönər nəğməyə hər kəlamı şairin.

Memardır ” sözləriylə heykəl yonan sənətkar.

Şair ” adı dillərə uçub qonan sənətkar,

Məncə, Zöhrə özüdür, Harut sehri açandır,

Sehrkar Müştəridir, sözü gövhər saçandır.

Söz köhləni çapanlar qorusa da bu qəsri,

Alçaqlar viran qoyub verdi bada bu qəsri.

Saxta, boyalı sözlə ismət qalmadı sözdə,

Şair qəlbim dözməyir, yanıb qovrulur közdə.

Ürəyin meyvəsini can verib almaq olar,

Çörək üçün qaş”daşı ayağa salmaq olar?!

Ey fələk, qoy dolaşsın xəyalı çaşdıranlar,

Açılmaz düyün kimi sözü dolaşdıranlar,

Oğrular ucbatından puç görürəm mən onu,

Söz kələfi dolaşıb, qurtar düyündən onu,

Qızıl üçün can verər gümüş satan miskinlər,

Gümüşlə saf qızıla hey can atan miskinlər.

Kim ki, qızıla qatdı gündüz kimi başını

Gecətək qucaqladı nur saçan qaş”daşını,

Əllaməlik eləyib, ad alsa da eləsi,

Alçağın alçağıdır, ucalsa da eləsi.

Sultan zər”xarasını kim ki geydi əyninə,

Qan uddu, ” dəmir toxmaq qan sızdırdı beyninə.

Civə kimi getmədi kim ki, qızıla sarı,

Gümüş oldu, ” əzmədi Səncərin toxmaqları.

Sözün ” beçə balıdır, qıyma ucuz alına,

Qoyma milçək daraşsın sözün beçə balına.

Söz verib, söz alanın əhdinə inanma sən,

Biganənin adını alqışınla anma sən.

Söz mülkündə çatmamış arzuna, muradına,

Şerin gözəl qızını nişanlama adına,

Şer göyə qaldırar şöhrətini ölkədə.

Kəmərinin qaşından Cövza qalar kölgədə.

Şer səni sidrənin kölgəsinə göndərər,

Mənalar dünyasında hökmdara döndərər,

Olarsan şerin ilə söz hakimi dünyada,

Şairlərdir hikmətin öz hakimi dünyada.

Qanadlı kəlamları, uçurmamış göylərə,

Fələk kimi yorulma, həsəd çəksin göy yerə.

Odlu düşüncələrdən şama dönəsən gərək,

Gecə alovlanasan, gündüz sönəsən gərək.

Düşüncənin köhləni dönər yelə yollarda,

Fələyin bədöy atı yortar belə yollarda.

Göyə meydan oxusun qanad açan sözlərin,

Bu dünyanın könlünə ətir saçan sözlərin.

Gözəl çoxdu hicabda, sevmə hər gözəli sən,

Seç özünə misilsiz, gözəllər gözəli sən,

Tapdığın hər incini sinənə taxmaq nədir?

Ondan gözəl incilər axtar ki, sinəndədir.

Sənətin bayraqları ucalar kainatda,

Aydan da, günəşdən də öc alar kainatda.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info