Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Hamını xilas eylə, qurtar dardan, çətindən.

Nə istərsən düzlükdən, ədalətdən savayı?

İradənlə oynamaq havayıdır, havayı.

Qayğınla, köməyinlə, eşqinlə bizə yarsan.

Müqəddəs əməlinlə dağ üstə dağ qoyarsan.

Göstər məslək mülkünü, o müqəddəs yerləri,

Bağışlansın ariflər, sadiq məslək ərləri.

Əməlin uğurludur, zavalsızsan qəzadan.

Yolunun yolçusunu qurtararsan cəzadan

Camalını göstərsən ” günəş hüsnün nur yayar,

İki cahan şadlıqdan vəcdə gəlib oynayar.

Eşqini hopdurub ki, iliyinə Nizami,

Həyat tapsın ruhunun gül iyinə Nizami.

Nəfəsinlə ötüşsün qoy ömrünün hər günü,

Bir yoxsula bağışla bu Süleyman mülkünü.

 

4

Ey nəbilər tacının şölə saçan gövhəri,

Tacidara döndərdin saysız ər oğlu əri

Baxıb ümid gözüylə yaxın da, yad da sənə,

Dönüb dünya evində hamı sənin kölənə

Xilqət ” gözəl şerdir ilk beytdir onda adın,

Ən gözəl qafiyətək səslənir sonda adın.

Elə başdan”binadan xarabaydı bu aləm.

Onu abad eyləyən bir sənsən, bir də Adəm.

Bu dünya sarayının qoyulanda təməli.

Suya da, kərpicə də möhtac imiş, deməli.

Adəmin də, Nuhun da kələfləri dolaşdı,

O dolaşıq düyünü sənin əllərin açdı

Adəm bir buğda yedi,” unuduldu tövbəsi.

Ona yasaq edildi dadsız gül mürəbbəsi

Tövbə ” günah qoxudu könlünün gülşən bağı

Gülşəkər ətirlidir yollarının torpağı

Könlü sənin tövbəni şirin gülşəkər sandı

Bu tövbədən gülşəkər gülşəkərliyi dandı.

Əzəldən hünər topu yaratdılar hüzura.

Könül mülkü ” meydandı, top atdılar hüzura

İlk zərbəni vurmağa Adəm çıxdı irəli,

Qələbə əzmi ilə əsdi çövkənli əli.

Sünbülü görən kimi, atı üstünə cumdu,

Topu ala bilmədi, ah, bu necə hücumdu?!

Nuh susayıb dirilik çeşməsinə can atdı,

Çeşmənin sorağında gəmisi suda batdı.

İbrahim kəcavədə xəcalətdən sıxıldı.

Yarı yolda üç dəfə”kəcavədən yıxıldı.

Davudun boğulanda tutulanda nəfəsi,

Zilə qalxa bilmədi, inlədi bəmdə səsi.

Daim ədalətindən nəşə duydu Süleyman,

Peyğəmbərlik tacına sanma uydu Süleyman.

O quyudan qisməti ah, nə oldu Yusifin?!

Nəsibi bir kəndirdi, bir də doldu Yusifin.

Gedər”gəlməz səfərə atını çapdı Xızır.

Ətəyini isladıb, çeşməni tapdı Xızır.

Camı boşdu həqiqət sorağında Musanın.

Sındı ümid şüşəsi Tur dağında Musanın.

Niyyət bais deyildi təlaşına İsanın.

Atasızlıq qaxıncdı öz başına İsanın

Əməlin təməl oldu sarayına dünyanın,

Məqamında yetişdin harayına dünyanın.

Şərəfinlə şanınla təsdiqləndi bu fərman

Xütbəni tamamladı, yaratdığın bu dövran.

Qalxıb, yaxşı dolandır bu dövranı fələkdən,

Hünər, qüdrət səndədir, mədət hanı fələkdən?!

Fələyin gen sinəsi öz meydanındı sənin,

Yer topunu buraxmaz koğa kimi çövkənin.

Fənalıq tozanağı sarmamış kainatı,

İndi meydan sənindir, çap, şahə qaldır atı.

Fəna həyat camını əlindən ala bilməz,

Alçaq yoxluq adını yadına sala bilməz.

Qoyma varlıq mülkünə düşsün yolu yoxluğun.

Əllərinlə bağlansın əli”qolu yoxluğun.

Nəfəsinlə dil açıb dilsiz varlıq cahanda,

Şəfqətin dərdin, qəmin məlhəmidir hər canda.

Savaş barışıq oldu sənin məsləkin ilə,

Çıxdı ağlın gəmisi qan nəhrindən sahilə.

Doqquz fələk qibləsi yolunda taybataydı.

Bu altı günlük nərgiz saçıntək ətir yaydı.

Əgər bircə tükün də əskik olsa başından.

Bu dünya saçın kimi dağılar təlaşından.

Yazmasan da, yazılı saysız dəri oxudun,

Dinməmiş, beyinləri, ürəkləri oxudun.

Niyə sənin barmağın söz üstünə gəlmədi?

Kafirlər deyərdi ki: nə sözdü, nə kəlmədi?

Kim deyər: sözüm düzdür, üstündən barmağı çək.

Sözünü əzbər bilir hamı beş barmağıtək.

Qubar yox, şəkər tozu qonub astanan üstə,

O şəkər dodaqların innabdı, ya da püstə.

Bir ovuc şəkər tozun eşqin biyabanında

Qırx günlük azuqədir eşq əhlinin yanında.

Qurtuluş səhərimsən, sənsən bəxtiyarlığım.

Dirilik suyumsan ki, torpağındır varlığım.

Könlümün gülşənidir qapındakı torpağın,

Həyat, dünya bağışlar səfalı cənnət bağın.

Pak türbənin üstünü zəvvartək kəsə biləm,

Toz olub qona biləm, yel olub əsə biləm.

Torpağını gözünə tutya sanar Nizami,

Qapında qolubağlı qul dayanar Nizami.

Türbətin ətir saçsın ərənlərin başında,

Torpağın ənbər olsun hər bir ərin başında.

 

DAVUD OĞLU MƏLİK FƏXRƏDDİN BƏHRAM ŞAHIN ŞƏNİNƏ

 

Ərşə məhkum dünyada almamışam hələ kam.

Alnının qırışları düyünlənən məhbusam.

Qandalımı açmağa tapmayıram bir kəsi.

Kölgəyəm, başım üstə yoxdu hümay kölgəsi.

Ayağım torpaqdadır, çoxda ki, yerdəyəm mən,

Sözümlə, şöhrətimlə uca göylərdəyəm mən.

Dünyanı ayaqla yox, dolanmışam başımla,

Ayaqdəyməz yerlərə yol açmışam başımla.

Üzüm ağ, alnım açıq, başdan aşıb sevincim.

Könlümün aynasıdır şölə saçan söz incim.

Hünərimi əks etdim sözümün güzgüsündə,

Aləmi canlandırdım gözümün güzgüsündə.

Hansı könül güzgüsü əksimi əks eləyər?

Hansı işıq çeşməsi yanğıma su çiləyər?

Ağlın iti nəzəri seyrə daldı hər yanı,

Dolaşdı başdan”başa zirəkliklə dünyanı.

Ləyaqət, qədir”qiymət gördü comərdlikdədir,

Yüksək məqama çatmaq, himayə mərdlikdədir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info