Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Ülviyyətdən uzaqdır qəflətdən də ayılmaz.

Yapış üzəngisindən könül hökmdarının.

Önündə göz yaşı tök könül adlı yarının.

Ərşin qadir sultanı yaradanda dünyanı.

Ayrı aləm yaratdı bu bədəni, bu canı.

Pərvərişi, şəfqəti daim bəsdi onlara.

Ayrılmaz sirdaş kimi nigah kəsdi onlara.

Qucaqlaşıb yatdılar, dünyaya gəldi könül,

Oğultək taxta çıxdı, gör nə yüksəldi könül.

Könülü ülviyyəti sultanlığa səslədi.

Bir mənəvi, cismani ata, ana bəslədi.

Üzünə nur çiləyən könlünün Süheylidir,

Can da könül mülkündə bədəntək tüfeylidir.

Könül adı gələndə möhtəşəm dağa döndüm,

Beynimin öz yağıyla nurlu çırağa döndüm.

Canımı hədəf aldı ilhamımın pərisi,

Qulağım dil yerinə oldu söhbət hərisi.

Sevincimdən dilim də ağzıma sığışmadı,

Qəm qoşunu dağıldı, bir yerə yığışmadı.

Könülün eşq atəşi alov saçdı qanıma,

Gözümün çeşməsindən su çilədim canıma.

Qolumdakı zənciri parçaladım ər kimi.

Quldurları yolumdan qovdum şiri”nər kimi.

Köhlənimlə uçurdum qan”tərə batanacan.

Birbaş könül mülkünə təngnəfəs çatanacan.

Cananıma yetincə öz canımı teylədi.

Gecə yarı olunca, ömrü yarı eylədim.

Müqəddəs məbədimdi pənahım, iqamətim,

Döndü çövkən topuna çövkən qəddim, qamətim.

Ətəyimi yığaraq öz yaxama bağladım.

Top dalınca yel kimi hey kükrədim, çağladım.

Çövkənin ağacı da, topu da öz canımdı,

Qanad verib uçuran sonsuz həyəcanımdı.

Varlığımı unutdum, sürüdü qeyrət məni.

Gözüm çıxdı kəlləmə, bürüdü heyrət məni.

Özüm ” səfər görməmiş, dostlarım ” kor nabələd.

Qürbət məni sıxmazdı, yola olsaydım bələd.

Yol”iz tapa bilmirəm, bu da səfər ” seyirdi?

Ayağım ʺgetʺ desə də başım ʺgetməʺ deyirdi.

Köhlənimin cilovu eşqin öz əlindəydi,

Dil”dodağım təpidi aman, bu hoqqa nəydi?!

Qapını döydüm, dedi: ʺGələn kimdir bu zaman?!ʺ

Dedim: ʺGörüşə gəlib pak niyyətli bir İnsanʺ.

Pişvazıma gələnlər qaldırdılar pərdəni,

İxtilat pərdəsində əzizlədilər məni.

Könül mülkünün şahı ” məhəbbət adlı pəri

Səsləyərək dedi ki: ʺNizami, gəl içəriʺ.

Ən yaxın sirdaş oldum gəldiyim bu dərgaha,

ʺGəlʺ dedikcə yeriyib yaxınlaşdım mən şaha.

Cah”cəlallı bir saray cəlb elədi nəzəri,

Yaman gözə gəlməsin, kor olsun bədnəzəri.

Yeddi xəlifə gördüm bir kaşanə içində.

Yeddi macəra vardı bir əfsanə içində.

Könül mülkü göylərdən daha geniş, əngindi.

Sakinləri bəxtiyar, neməti də zəngindi.

Günortanın sultanı baş tərəfdə əyləşib.

İlıq nəfəs sahibi közərməkdən keyləşib.

Qızıl atlı süvari qarşısında baş əyir,

Yaqut qəbalı əsgər ondan zəfər diləyir.

Acıdil, cavan cəsus hər an hazırdır ova.

Qüssəli qara kölə qorxudan düşüb lova.

Bərədə pusqu quran bir kəməndatan da var,

Gümüşdən zirehlənib misbədən pəhləvanlar.

Hamısı pərvanədi, nur saçan şamdı könül,

Hamısı tələşdadı, lakin aramdı könül.

Döndüm könül mülkünün əziz mehmanına mən.

Canımı töhfə verdim könül sultanına mən.

Könül qərargahında bayraqdara qovuşdum.

Hamıdan üz çevirdim, çünki yara qovuşdum.

Könül dedi: ʺ Heyrətdən itirmisən huşunu,

Bu yuvadan uçurma səadətin quşunu,

Adicə ürəkmiyəm, can bürünə tüstümə?

Bir parça ət deyiləm duz səpilə üstümə.

Ürəklərin sərvindən kölgəm böyükdür, böyük!

Ürəklərin mülkündən ölkəm böyükdür, böyük,

Mən Qarunun yığdığı xəznəyə tay deyiləm,

Hər kəsin sərvətiyəm, hər kəsə pay deyiləmʺ.

Söz tərlanım yolundu od saçan nəfəsindən.

Xəcalətdən çıxmadı öz qızıl qəfəsindən.

İsmətimdən qızardım atəşdəki pul kimi,

Sözündən sırğa taxdım qulağıma qul kimi.

Təzələdi dünyamı könül mülkünün şahı,

Nizamiyə açıqdır fələklərin dərgahı.

Paklıqdan, ülvilikdən uzaq olsam, nəyəm mən?

Könlümün sərvərinə, müqəddəs bəndəyəm mən.

 

KÖNÜL PƏRVƏRİŞİ HAQQINDA TƏNHALIQ DÜŞÜNCƏLƏ

 

Bədöy atım yumşaldı, ramdı, deyil xam indi,

Fələklərin torundan qurtardı yaxam indi.

Varlığımın kələfi dolaşıqdı yüz yerdən,

Dolaşığım açıldı açılmaz düyünlərdən.

Açılmaz, dolaş”dolaş, düyün”düyün telləri

Kəsdi ömür sapımdan sərvərimin əlləri.

Könül ” pənahımızdır, dərgahımızdır biz

Tanrımız olmasa da, öz şahımızdır bizim.

Başımın darğasıdır iki cahanda mənim.

Qəmxarım olardımı yoxsa bir an da mənim?!

Sirdaş kimi sirrini açıb deməz heç zaman,

Lakin öz şəfqətini əsirgəməz heç zaman.

Gördü ki, tərbiyəsiz, təlimsiz bir naşıyam,

Təlim”ədəb verdi ki, İnsan adı daşıyam.

Xoşdu hər əzabıma qatlaşaraq inləmək,

Bir zavallı bəndənin söhbətini dinləmək.

Züleyxanın eşqindən Misirtək yandı aləm,

Yusifin camalıyla nura boyandı aləm.

Gecənin gözlərində sönən kimi nur, çıraq,

Səhərin gözlərində şölə saçdı gur çıraq.

Fələklər yandıranda səhər çağı şamını

Qızıl atlaz bəzədi gündüzün əndamını.

Ustadım günəş kimi nurlu çırağa döndü,

Əlimdən yapışaraq bir güllü bağa döndü.

Qəm tikanı yığmışdım, onu atası oldum,

Gül”çiçəyin içində itib”batası oldum.

Dodağımda təbəssüm lalə kimi açıldı,

Qönçə təki açıldı, ətrim bağa saçıldı.

Sinəsi dağlı lalə ürəyimi dağladı,

Gül”çiçək çələngini kəmərimə bağladı.

Yanaqlarım allıqda qanlı şərab rəngidi,

Vücudum gül”çiçəyin ətirli çələngidi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info