Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Əl”bayraq, dil də ” xəncər, dişdə xəncər kəsəri.

Olsa dişi, kəsəri olmazdı xəncərinin,

Tökdü dişini ” ağzı almazdı xəncərinin.

Bu əzabı çəkdi ki, kərəmini görələr,

Tikana uymayalar, bağından gül dərələr.

Güllər sayrışan bağda tikanın nə qorxusu?!

Əfsundan dil çıxaran ilanın nə qorxusu?!

Tavus yanında qarğa nəyə gərəkdi bağda?!

Bülbüllərin cəh”cəhi qəlbə fərəhdi bağda.

İlhamlı nəfəsilə qızıl güldü Nizami,

Güllərin nəğməkarı bir bülbüldü Nizami.

 

2

Sən, ey müqəddəslərin hər birindən müqəddəs.

Qurban olmaq öyrətdin, qurbanın oldu hər kəs.

Şəfqət qəsri ucaldı xeyirxah əməlindən,

Əzab”zillət evini dağıtdın təməlindən.

Ərəb ariflərinə mahtabsan, nurlu aysan.

Əcəm hakimlərinə şahsan, arxa, haraysan.

Hamı sənə yol verir, yol verməzsən sən yada.

Dünyanın ağasısan olmasan da dünyada.

Öz səfər sovqatından comərd pay əsirgəməz,

Süfrəsini gen açar, sovqatını tək, yeməz.

O süfrənin başında barındın hər nübardan,

Bizə nə gətirmisən daddığın tər nübardan?

Şəkər dodağını aç, şəkər yesin qoy hamı.

Dadıb şirin xurmanı əhsən desin qoy hamı.

Saçın zülmət gecətək sübhə çıxartdı bizi,

Eşq atəşin qaynatdı dirilik çeşməmizi.

Hüsnündən divanədir, yox halı aşiqlərin,

Zənciri saçlarındır sevdalı aşiqlərin.

Kəmərin gərdənbənddir, ” çarx dolayıb boynuna.

Gün camalın nur saçır səhərlərin qoynuna.

Suya çəkib qurutdun aləmin ətəyini.

Ənbərinlə doldurdun torpağın göbəyini.

Türbətinin qubarı döndü ənbər ətrinə,

Yurdun ənbər vətəni oldu sənin xətrinə.

Torpağın ətirlidir Süleymanın mehindən.

Cənnət də ətirlənər gülzarının şehindən.

ʺUlu tanrı!ʺ dediyin doğma məkandı Kəbə.

Gülabına təşnədi, eşqinlə yandı Kəbə.

Tacın, taxtın vardı ki, dünya paytaxtın oldu,

Səma başının tacı, yer üzü taxtın oldu.

Gölgən ola bilərmi? Həşəmət nurusan sən,

Ülvi nur kölgəsisən, əzəmət nurusan sən.

İslamın sütunutək o dörd bayraq ucaldı.

Şəninə gecə”gündüz beş kərə təbil çaldı.

Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın,

Gözünə işıq gəldi hər bir qərib zəvvarın.

Mübarək qədəminə saçını tökdü gecə,

Başını ətəyinlə bürüdü, bükdü gecə.

Ətəyinə cavahir səpdin odlu baxışla,

Köynəyini bəzədi günəş zərli naxışla.

Nəsimin titrək əli saçına sığal vurdu,

Səhərin sədəfini ənbər ilə doldurdu.

At oynadıb meydanda səba əsirdi yenə,

Ənbər öz ordusuyla ona əsirdi yenə.

Ənbərin əsə”əsə satılması süftədi,

Versən iki cahana, bil iki, yenə müftədi.

Sidrə qəsrin önündə baş əyib kölgə salar,

Ərş”taxtını qurmağa cəlalına alçalar.

Varlığın ” bu xilqətin nur saçan səhəridir,

Günəşin ərşi yaxıb zərrə kimi əridir.

Parlaq güzgü olmasa gündüzünə günəşin,

Nurunu saçardımı yer üzünə günəşin?!

Sən ki iki cahansan, yerdə yatmağın nədir?!

Əgər xəznə deyilsən, yerə batmağın nədir?!

Torpaq altda olsan da, xəzinə billik səni,

Torpağa tapşırarlar hər yerdə xəzinəni.

Mənəvi xəzinəsən, viranən saya gəlməz,

Sayən ” nurlu şamındır, pərvanən saya gəlməz.

Çarxın nişangahını dəldi atdığın nizə,

Kəndirinlə salladın dolçasını kəhrizə.

Gündüzün al günəşi, gecənin nurlu ayı

Peyk olmasa yolunda, dolanmaz ki, havayı.

Kamalın loğmanısan, şəfası sənsən onun,

Ayda səni soraqlar, səfası sənsən onun.

Qalx, işıqlı səhərin üzümüzə açılsın.

Nizaminin üzündən şadlıq nuru saçılsın.

 

3

Ey Məkkə, Mədinənin pərdələnən günəşi,

Zülmət pərdələyərmi nur ələyən günəşi?!

Əgər aysan, günəşdən nur almağın görünsün,

Əgər gülsən, ətirli gülşən bağın görünsün.

Həsrətini çəkənlər düşdülər can hayına,

Haraya çağıranın özün çat harayına.

Ay günəş köhlən olub, alsın səni belinə,

Durma ərəb mülkündə, yetiş əcəm elinə.

Bir yeni aləm yarat dünyada qüdrətinlə

Doldur iki dünyanı səsinlə şöhrətinlə,

Xütbənlə xətiblərin özün yetiş dadına,

Hakimlər kəsdirməyən sikkə kəsdir adına.

Torpağının ətrindən ətir saçandı yurdun.

Fitnə, nifaq qoxuyur sənsiz haçandı yurdun.

Harınların əlindən bu taxtı al geri sən,

Alçaqlar ləkələdi, təmizlə minbəri sən.

Cin”şeytan yuvasına döndərdilər dünyanı,

Qoy zalımın, namərdin yerdə çürüsün canı.

Acgöz harınların sən həsrət qoy naz”nemətə,

Torpaqsız qoy onları ” uydular qənimətə.

Hamımız cansız bədən gəl, gəl, can ol sən bizə,

Hamımız qarışqayıq, Süleyman ol sən bizə.

Karvanımız soyulmaz, darğamızsan sən özün,

Bayraqdarı neylərik, sərkərdəmizsən özün.

Məsləkindən döndərib, azdırıblar hərəni,

Qəsdə girib kəsiblər, yol”izi, bənd”bərəni.

Ya meydana Əlini ” ər oğlu əri göndər,

Ya da şeytan üstünə cəsur Öməri göndər.

Çöhrən ” Yəmən ayına, saçın ” gecəyə dönsün.

Başın ” aytək qoy Yəmən cübbəsindən görünsün.

Azğına yolsuzlara əsarətin gərəkdi,

Aman yox amansıza, cəsarətin gərəkdi.

Beş yüz əlli doqquz il yuxuya dalmısan sən.

Dünyanın axırıdır, bəs harda qalmısan sən?

Qalx! Qoy sənin hökmünlə İsrafil adlı mələk

Qəndilləri söndürsün işıqsız qalsın fələk.

Sirdaş ol pərdələri açılmayan dərgaha,

Biz qəflət yuxusunda, sənsə, yatma, qalx daha.

Bu fəlakət evinin bəla fəlakətindən



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info