Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Bu merac gecəsində qatı zülmət heç nədi,

Buraqın ayağından şimşək öpmək istədi.

At deyil, göyərçindi, kəklikdi, qızıl quşdu,

Ya humaydı, qumrudu, ” bəs bu necə uçuşdu?

Firuzə döşəməli pillələrlə yüksəldi.

Ərşlə dizbədiz olub, gültək əl üstə gəldi.

Ərş evində sidrəni əyninə köynək saydı,

Ərş ətəyində qaldı, başı ərşdən ucaydı.

Müşayət eləyənlər özlərini yordular,

Əldən”dildən düşdülər, dirəndilər, durdular.

O, qərib yolçu kimi heyrətə düşdü daha,

Qapını döymək üçün yaxınlaşdı dərgaha.

O müqəddəs pərilər, mələklər artıq hanı?

Tənha qalan özüydü, bir də təxti”rəvanı.

Elə yolla getdi ki, yoxdu, bircə sirdaşı,

Sirdaşı tənhalıqdı burda hər qədəm başı.

Kim onunla bu sirrin dərgahına yovuşdu.

Mənəvi aləmiylə ülviyyətə qovuşdu.

O, xilqətin başına şərəfli bir tac oldu,

Ərş bu ülvi nemətə əbədi möhtac oldu.

Asimanda elə ki, başa vurdu yolları,

Bayrağını yellətdi ərşin büllur qolları.

O cismani varlığın yalnız nəfəsdi canı,

Onunla yol gedirdi can mülkünün sultanı.

Elə ki ərş evini dolaşdı başdan”başa,

Təlaş cana, ürəyə yol açdı başdan”başa.

Bədən öz xəznəsinə pənah apardı daha,

Göz onu axtarsa da, çətin tapardı daha.

Bir göz ki əzəl gündən qüdrətdən nur alıbdır.

Qaranlığa, zülmətə daim işıq salıbdır.

Yollar yoran qədəmi necə mətindi, mətin,

Göz önündən götürdü pərdəsini xilqətin.

Getdikcə, sonsuz yollar çoxaltdı təlaşını,

Çıxartdı kainatın yaxasından başını.

Məkansız bir məkanın dərgahına çatanda.

Comərdliyin nuruyla nurlandı qəlbi canda.

Onu sirli pərdədə qısqanclıq bürüyəndə.

Çaşqınlığın əlinə keçdi cilov, yüyən də.

Həşəmətli dərgaha səcdəylə basdı ayaq,

Vüsal öz əlləriylə hicabı açdı bayaq.

Aya ” qədəm atmağı atdı başın üstünə,

Can min təlaş gətirdi bir təlaşın üstünə.

Qədəmi incimədi, dönmədi də yolundan,

Axtardı. ʺGəlʺ deyərək tutan hanı qolundan?

Hər sözün ixtiyarsız sədasıdır hər kəlam,

Salamına cavabdı eşitdiyi o ʺsalamʺ.

Ecazkar bir işıq ki, hey yanırdı sönmədən,

Gözlərinə göründü boş xəyala dönmədən.

Cövhərsiz mayasızdır gözə dəyən varlığı,

Hər varlıqdan uzaqdır görünməyən varlıqı.

Tanrının dərgahında qəlbi nura büründü,

Xəlvətdə görünən kəs aşkarda da göründü.

Onu gözdən gizləmək çətin olar, şübhəsiz.

ʺGörməmişəmʺ deyənin korluğu var, şübhəsiz.

Məbudun ziyarəti savabdır, savab, bəli,

Camalı görməlidir, görməlidir, görməli!

Bu sehrli pərdənin yoxdu yeri, məkanı,

Vüsalına çatmağa imkan hanı, vaxt hanı?

Kim arayıb, axtarıb bu pərdədə yerini.

Ha çalışıb, tapmayıb heç bir yerdə yerini.

Varlığına varsa da, hanı olduğu dərgah?

Allah ola bilməzdi yeri bilinsə hərgah.

Qüdrətini danma ki, kafirlik, xamlıq olar,

Yerini axtarma ki, o da avamlıq olar.

Sanma görüb”görüşdü peyğəmbər də özüylə,

Gördü ağlın gözüylə, ürəyinin gözüylə.

Başına qaldıraraq həqiqətin camını,

Mərhəmət badəsilə məst elədi hamını.

Tanrının iltifatı həmdəm oldu, öyündü.

Haqq ” rəhimli, qılıqlı, o da ki, ərköyündü.

Şəkər dodaqlarına xoş təbəssümdü adət,

Dilədi ümmətinə bəxtiyarlıq, səadət.

Hikmət xəzinəsindən vara yetirdi cəhdi,

Bəxtəvərə döndərdi hər diləyi, hər əhdi.

İqtidar sahibitək döndü haqq dərgahından,

Yer üzündə hamidir o, hamıya yaxından.

Eşqin ülvi gücüylə göylərə yüksəldi də,

Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də.

Hər kəlamın, hər sözün möhürdür dilimizə,

Ətrin ” can məlhəmidir, onu çox görmə bizə.

Bu comərdlik mülkündə ol səxavətli hami.

Qoy sözünü şəninlə başa vursun Nizami.

 

PEYĞƏMBƏRİN MƏDHİ

1

Bir günəş qəndilidir göyün doqquz tağında,

Son nəbidir, nəbilər üzüyü barmağında.

Ən gözəl elçimizdir, ağıltək qulu vardı.

Yəhərinin qaşında iki cahan şikardı.

Gözəllik zəmisində sünbülü təzətərdi,

Sirlərin dəryasında ən qiymətli gövhərdi.

Sünbül saçı ” Sünbülə, şölə saçır gündüzə,

Gövhəriylə dür səpir, inci səpir Gün düzə.

Dürrü görünər, deyə gülməz şəkər dodaqlar,

Sədəfin sinəsini dürrü həsəddən dağlar.

İncisindən daşın da daş qəlbi inciməzdi,

Bəs niyə incisini daşlar sındırdı, əzdi?

Harda ki, daşqəlbli var, avam, nadan, naşı var,

Orada daşqalaq var, dəlilər savaşı var.

Dəlilik məlhəmilə ağıllanmazdı dəli,

Sındırmasa incini, əzib ovmasa ləli.

Tənə daşı vuranla istəmədi barışsın.

Yad gövhəri qoymadı gövhərinə qarışsın.

Gövhər o dar mücrüdən çıxaraq azad oldu,

Heyrət nəyə gərəkdi, daşdan gövhər doğuldu.

Qanbahası verməyə gücü hanı o daşla?!

Axdı kiçik ağzının qızıl qanı o daşla.

Daşın ağzından çıxan gövhərlərə qiymət kəs, ”

Qanayan dodağına, sınan dişinə dəyməz.

Nə qədər inci, gövhər yatar zəngin mədəndə,

Sanma gövhər dişinə çatar zəngin mədən də.

Qələbə ərz etdi ki, mən hazıram qisasa,

Diş yerinə diş tökdü, toyu döndərdi yasa.

ʺUfʺ demədən, qanlara qəltan ağzını sildi,

Hamı mərhəmətini, comərdliyini bildi.

Qopan dişin ağrısı işləsə də beyninə,

Çıxarıb atdı onu, almadı da eyninə.

Diş nədir, ağrıları çıxardı hər candan o,

Çəkdi tamah dişini hər iki cahandan o.

Ordular da yenməzdi belə ər oğlu əri,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info