Qonaq Kitabı
ANA

Səlim

Gəldi oğlun...

 

Səlma

(Təlaş ilə)

Köydəmi?

 

Səlim

Əvət, köydə, şimdi gəlir...

 

Səlma

(Sevinc ilə)

Ah, yavrum!

Hər bəladan saqlasın sizi Tanrım!

Söylə, nə müjdə istərsin, arslanım?

 

Səlim

Artıq sən bilirsin...

 

Səlma

Pəki, sultanım!

(Əcələ içəri girər)

 

Səlim

(Kəndi kəndinə)

Gəzdim, dolaşdım, uğradım hər elə,

Bən böylə bir qadın görmədim hələ.

Böyüklükdə, mərhəmətdə seçilmiş,

Alicənablıq boyuna biçilmiş.

Söz yoq, böylə qəlbi geniş qadından

Doğar Qanpolad kibi bir qəhrəman.

 

Səlma

(Əlində bir kəmər çıqaraq)

İştə gümüş kəmər! Həm də yep-yeni,

Sonra yenə məmnun eylərim səni.

 

Səlim

Çoq sağ ol...

 

Səlma

Toyda da bir xələtin var.

 

Səlim

Bu bəncə ən dəyərli bir yadigar,

Bir yadigar ki, hiç unutmam bunu.

(Əcələ qoşub gedərək)

Şimdi gedib qarşılayım oğlunu.

 

Səlma

Get, arslanım, get, sevindirdin bəni,

Oğlum, şadikam etsin Allah səni!

Ah, yürəyim sanki dönmüş məş’ələ,

Ya Rəbb, təhəmmül ver, səbr əta eylə!

Hər anayı et bənim kibi dilşad!

(Sevinc ilə)

Of, yenə sağ gəlib çıqdı Qanpolad!

Qorqarım ki, xəbər duyarsa İsmət,

Sevincindən məcnun olur nihayət.

(Bu sırada yaqında dörd-beş əl şiddətli tapança atılır. Səlma təlaş ilə beş-on adım səs gələn tərəfə yürüyərək)

Ah, bu qurşun nə? Ruha dəhşət verir;

Aman yarəbb! Həp tüklərim ürpərir;

Köydə mütləq qanlı bir atışma var,

Yoqsa yenə çarpışırmı qaçaqlar?

 

Murad

(Əlində bir boş tapança olduğu halda təlaş ilə qoşaraq)

Eyvah, can qurtaran yoqmudur?

 

Səlma

Nə var?

 

Murad

İmdad! Həmşirə, imdad, bəni qurtar!

 

Səlma

Gəl, oğlum, gəl, hiç qorqma!

 

Murad

Ah, mərhəmət!..

Yoqsa məhv edərlər bəni bu saət.

 

Səlma

(Evi göstərərək)

Haydı gir, çabuq bir tərəfdə saqlan;

Allah böyükdür, bir şey olmaz, inan!

 

Murad

Ah, xanım, bir sənsin bənim pənahım;

Bən qərib kimsəyim, yoq bir günahım.

 

Səlma

Haydı gir içəri, gizlən bir yanda;

Təlaş etmə, kəndini bil amanda!

 

Murad

(Kəndi kəndinə)

Orxan! Orxan! İştə sənin yüzündən,

Qatil oldum...

 

Səlma

Artıq çəkil, durma sən!

 

Murad

Allah razı olsun...

 

Səlma

Tez çəkil, durma!

 

Murad

Ah!

(Deyə içəri girər)

 

Səlma

Zavallı! Pək çoq qorquyor amma;

Kim bilir! Hanki vicdansız qudurmuş.

Biçarəyi məhv etmək istiyormuş.

Həm qərib, həm kimsəsiz, həm köməksiz...

Bütün dünya toplanıb gəlsə hərgiz,

Allah şahid, bən onu verməm ələ.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info