Qonaq Kitabı
ANA

Söylədiyim sözlər yalanmı? Söylə!

Söylə, İsmət, yalanmı? Bir fikr eylə

Bütün Dağıstanda var bir şöhrətim,

Yüksək dağlardan böyükdür həşmətim,

Hürmətim, İzzətim, varım, sərvətim,

Nəslim, nəcabətim, gücüm, qüdrətim.

Günəş kibi parlayorkən, fəqət bən

Yalnız məftunum sana, ah, yalnız sən!..

 

İsmət

Orxan! Yetər, yetər...

 

O r x a n

İsmət, bir düşün!

Səndən başqa bir düşüncəm yoq bu gün.

Bütün qızlar əsir ikən eşqimə,

Bən sənin eşqində batmışım qəmə.

Səbrim tükənmiş, taqətim kəsilmiş,

Huşum, əqlim uçmuş, uyqum çəkilmiş.

Səndə əsla mərhəmət yoqmu?

 

İsmət

(Barmağındakı yüzüyü göstərərək, hiddətlə)

 

Orxan!

İştə barmağımda gördüyün nişan

Qanpoladdan bir yadigardır bana,

Ömrüm olduqca bağlıyım bən ona.

 

O r x a n

Bir yüzükdənmi eylərsən ihtiraz?

 

İsmət

Əvət, bu bir zəncir ki, hiç qırılmaz.

 

O r x a n

İsmət, onun hiç bir mə’nası yoqdur,

O bir boş xəyaldır, səni qorqudur.

Yüzük, nişan yalnız gönüldür, gönül!

Olma çocuq... Sən gəl bana ver gönül!

Yarın atlanıb bu köydən çıqalım,

Yigit kimsə, qarşı çıqsın baqalım.

(Kəndi-kəndinə heyrətlə)

Allah, Allah, yenə çatıldı qaşlar!

Dəhşət verir qartalvari baqışlar!

(İsmətə)

Söylə, fikrin nədir? Cavab ver, İsmət!

 

İsmət

(Usanmış və sinirli bir halda)

Artıq yetər, Allah için, çəkil get,

Hürmətin, İzzətin, varın, şöhrətin,

Nəslin, nəcabətin, gücün, qüdrətin

Həp sənin olsun, get, çəkil get, Orxan!

Bən ayrılmam o yoqsul Qanpoladdan.

Bütün dünya alt-üst olub dağılsa,

Ondan başqa sevdiyim yoqdur əsla!

 

O r x a n

İsmət, artıq bənim təhəmmülüm yoq...

Sən gəl bu işdə pək inad etmə çoq.

Inan, gözəl, səmər verməz bu inad,

Nə sən sağ qalarsın, nə də Qanpolad.

 

İsmət

Get, nə yaparsın yap, çəkil get, durma!

 

O r x a n

Ah, öyləmi?

 

İ z z ə t

(Görünərək)

Orxan, kəndini yorma!

Bir gücsüzə yalvarmaqdan nə hasil?

 

İsmət

Ah, vicdansız, alçaq!..

 

O r x a n

İzzət, sən çəkil!

 

İ z z ə t

(Çəkilərək)

Pəki, bən çəkildim, sən yalvar, yaqar,

Sanki yalvardıqca məhəbbət artar!

 

O r x a n

Artıq anladıq, çəkil, dəf’ ol, İzzət!

 

İsmət

Ah, xain oğlu xain!..

 

İ z z ə t

Pəki.

(Çəkilir.)

 

O r x a n

İsmət!

O məcnundur, ondan bir şey umulmaz,

Saçmadır hər sözü, əsla tutulmaz.

 

İsmət

(İstehza ilə)

Əvət, doğru... yoqsa səni bulmazdı,

Səninlə sirdaş, arqadaş olmazdı.

 

O r x a n

Hər nə söylərsən söylə, xoşdur bəncə,

Bəllidir ki, olmaz dikənsiz qönçə.

Hər nazına bən eylərim təhəmmül,

Ancaq ayrılığa tab etmə müşkül...

Bəndə artıq can qalmamış... mərhəmət,

Mərhəmət qıl, insafsız olma, İsmət!

Ya gəl canımı al, ya ver tazə can,

İştə sən, İştə xəncər, İştə Orxan!

(Xəncərini çəkib İsmətə uzatır.)

 

İsmət

(Alaraq istehza ilə)

Afərin, afərin bu zərbi-dəstə!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info