Qonaq Kitabı
ANA

Yarıl! Bu talesizi çək qə’rinə!

Bəndə artıq təhəmmül yoq qəhrinə!

Yalnız bir pənahım, bir oğlum varkən,

Qanlı topraq! Ayırdın onu bəndən.

Yarəb, ədalət! Bəni öldür, qurtar!

Hər yer bana zindan kibi oldu tar.

(Qapıya doğru baqaraq)

Ah, bu xain qonaq aman istərkən

Niçin bən ona yer verdim bilmədən.

Oğlumun köksünü yarsın da gəlsin,

Bir cəllad kəndini amanda bilsin?!

Xayır, xayır, bu mümkün deyil əsla!

Sağ buraqmam... Bənim pəncəmdə hala!

Onun həddini bildirir bu əllər!

Qəlbinə yerləşsin gərək bu xəncər!

Gərək bulsun cəzasını...

(Təbdili-tevr ilə)

Ah, fəqət;

Oğlumun ruhu bəlkə eylər nifrət,

Bəlkə bəndən incinir, çünki şimdi

Qan dökməyə əsla riza vermədi.

Həm mültəci, həm qərib, həm misafir;

Xayır, vicdanım olmaz buna qadir.

Bir də hər nə yapsam bu dərdi silməz,

Məhv olsa aləm, Qanpolad dirilməz.

Xayır, əfv etməli!.. Getsin də miskin

Xəcalətdən ölsün, yerlərə keçsin!

(Dönüb İsmətlə oğluna baqaraq)

Yarəb! Ah, bu nasıl mənzərə? Dəhşət!..

Sonsuz bir iftiraq içində vüslət!

Şəfəq zənn olunan şey yanğın oldu;

Qönçələr açmadan sarardı, soldu!

Ah, nasıl iki heykəl kibi bihuş,

Bir-birini eyləmişlər dərağuş!?

(Ətrafa baqaraq)

Xayır, gecikdirməsi pək səmərsiz;

Burdan şu qanlı dəf’ olsun gərək tez,

Yoqsa xain parçalanır əllərdə...

(Yollara baqmaq için çəkilərək)

Bir baqayım kim var? Səlimgil nerdə?

(Büsbütün uzaqlaşıb gedər, sonra Murad əlində tapança evdən dışarı çıqar. Həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər, şaşqın və qorqulu bir halda.)

 

Murad

Ah, bən nə yapdım? Nə günah işlədim!

Durduğum yerdə bən nə xəlt eylədim?

Qanpolad!.. İştə, qıydığım nevcəvan

Tükənməz bir uyğuya dalmış... aman!

Aman, yarəb, nədir bu qorqunc əhval?

(İsmətin halına diqqət edərək)

Ah, bu qız niçin böylə pəjmürdəhal?

Bu İsmətmi? Solğun bir gülə dönmüş,

Orxanı yandıran atəşmi sönmüş?

Odur, o... qızcığaz nasıl da bayğın!

Ah, bənim bais... əllərim qırılsın!

(Ətrafa göz gəzdirərək)

Xayır, bundan sonra durulmaz burda,

Tez savuşmaq gərək başqa bir yurda.

Yoqsa buğum-buğum doğrarlar bəni;

Qurtaracaq yoq bir havadar bəni.

(Əlindəki tapançaya baqaraq)

Boş bir silah!.. Pək tuhaf, şimdi bundan

Həm daşıyan qorquda, həm də düşman.

(Qaçmağa hazırlanırkən Səlma qarşısına çıqar)

 

Murad

(Təlaşlı və şaşqın)

Ah!

 

Səlma

Qonaq qardaş, dur! Təlaş etmə sən,

Qorqma, bir zərər gəlməz sana bəndən.

Amandasın; hiç qorqma, hiç sıqılma!

Sünki bən əvvəldən söz verdim sana.

Sən bir qonaqsın, qatil olsan belə,

Səlma həlak olur da, verməz ələ.

 

Murad

(Tapançayı yerinə qoyaraq)

Aman! Ah, nə böyük qadınsın!

 

Səlma

Amma,

Bir ricam var, sənin adın nə?

 

Murad

Sorma!

 

Səlma

Bilmək istərim, söylə!

 

Murad

(Mütərəddid bir tövrlə)

Çərkəs Murad...

 

Səlma

(Sinirli və çılğın bir halda)

Yarəb, mərhəmət! Ah, oğul! Qanpolad!

 

Murad

(Başını aşağı dikərək kəndi kəndinə hiddətlə)

Öldürdüyün Qanpolad, Səlma pənah...

Murad! Sən nə vicdansız oldun, eyvah!

 

Səlma

Aman, nə müşgül mevqedə qaldım, ah,

Ah, nə talesiz ana oldum, Allah!

 

İsmət bu sırada saçlarını aralayaraq, başını qaldırıb baqınır

 

Səlma

(Yumşaq səslə)

Murad! Sən həm qəribsin, həm mültəci...

Burdan sağ qurtulub gedərsin şimdi.

Fəqət bilməlisin, şu qanlı arslan,

Şu qıydığın cavan oğlumdur...

 

İsmət

(Çığıraraq)

Aman!

Ah, nerdəsin Səlim! Gəl, İştə fürsət!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info