Qonaq Kitabı
ANA

Şimdi,

Bağçaya çıqmışdım, Orxan göründü...

 

Səlim

Nasıl Orxan? Bu kim, bu hanki Orxan?

 

İsmət

Qomşumuz xanzadə, zəngin bir cavan.

 

Səlim

Çox gözəl, bildim, o bizim əhbabdır;

Sonra?

 

İsmət

Gördüm yavaş-yavaş yaqlaşır.

 

Səlim

Əvət, sonra?

 

İsmət

Məktubdan, Qanpoladdan

Əhval sordu; cavab verdim... bir zaman

Qüvvətindən, varından çoq söylədi.

Sonra birdən e’lani-eşq eylədi,

Gəl qaçalım – dedi – başqa bir yana...

 

Səlim

Pəki, cəvab vermədinmi sən ona?

 

İsmət

Əmin ol, pək gözəl cəvablar verdim;

Dəf’ ol! dedim, gözlərinə tükürdüm.

 

Səlim

Nihayət?

 

İsmət

Pək çoq yalvarıb yaqardı,

Xəncərini tez qınından çıqardı.

Verdi bana, öldür! – dedi – Orxanı,

Öldür! İşgəncədən qurtulsun canı.

 

Səlim

Öyləmi? Öyləmi? Ah, rəzil, xain!

Pəki, nə yapdın sən?

 

İsmət

Dedim: get, miskin!

Çəkil get! – dedim, ədəbsiz, həyasız!

Sonra çəkildim evə e’tinasız.

 

Səlim

Afərin dostumuz, afərin Orxan!

Sonra?!

 

İsmət

Evdə gecikdim az bir zaman;

Çıqdım, bir də baqdım, ondan yoq xəbər.

Ancaq qalan yadigar, bir bu xəncər!..

 

Səlim

Hiç zərər yoq, fəqirlər aciz deyil,

Sən bəklə Səlmayı, ondan xəbər bil,

Sonra evimizə get, burda gecikmə!

Həm də söz açma bu işdən hiç kimə!

 

İsmət

İnsan kəndini hiç eylərmi rüsva?

 

Səlim

Haydı, get evdə bəklə, burda durma!

 

İsmət

Pəki, itaət borcumdur, qardaşım!

 (Evə doğru gedərək kəndi kəndinə)

Ah, nələr çəkəcək ağrımaz başım.

(İçəri girər.)

 

Səlim

(Kəndi kəndinə hiddətlə)

Orxan istər xan olsun, istər sultan;

Haqsızlıq əfv olunmaz hiç bir zaman.

Şimdi yalnız bulub gizli bir yerdə,

Anlatırım həddini bir xəncərdə.

(Orxanın xəncərinə diqqətlə baqaraq)

Gərçəkdən pək kəskin silahdır, yinə

Ən nihayət qİsmət olsun kəndinə.

Bir də, dosta əyri baqan azğınlar,

Eşitsinlər də qoy ibrət alsınlar.

(Xəncəri qoltuğunda gizlər. Ətrafına baqaraq uzaqlaşır. Sonra Orxan və İzzət ağaclıqdan çıqarlar.)

 

O r x a n

(Qəhqəhə və istehza ilə)

Od-alav saçıyor qəhrəman Səlim,

Eyvah, demək son nəfəsimdir bənim!

(Səlimin getdiyi tərəfə baqaraq)

Get, baqalım, get ara, bul Orxanı!

Get, bul sana dost görünən düşmanı!

Məhv et, parçala! Anlasın həddini,

Bundan sonra küçük saymasın səni.

 

İz z ə t

Düşman hər nə qadar aciz olsa da,

Məğrur olub küçük sanma, xanzada!

 

O r x a n

Sözün doğru, pək doğru... lakin, İzzət!

Kim yigitsə söz onundur nihayət.

Hiç tələsmə, burda dur, şimdi bir də

İtmami-höccət eylərim İsmətə;

Təklifimi xoş görürsə nə ə’la!

Rədd edərsə, inan, yaşatmam əsla!

 

İ z z ə t

(Şaşqın bir halda göstərərək)

Ah, bu gələn kim?

 

Orxan

(Usanmış bir halda)

Allahın bəlası!..



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info