Qonaq Kitabı
ANA

Qanlımız burda...

 

Murad

Ah!

 

S ə l m a

(İsmətə)

Sus, qızım, İsmət!

Sus! Qərib bir qonaq verilməz ələ...

 

İsmət

(Səlmadakı xəncəri almağa çalışaraq)

Xayır, böylə vicdansız gərək ölə!

 

S ə l m a

(İsməti əli ilə rədd edərək)

Amandadır, yavrum, bildinmi?

 

İsmət

(Həyəcanlı bir halda Murada)

Cəllad!..

(Cənazəyi qucaqlayaraq)

Ah, qanın yerdə qaldımı, Qanpolad!?

 

Murad

(Səlmanın əlindən xəncəri qaparaq İsmətə)

Xayır, bu qan yerdə qalmaz, baq iştə!

(Yürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurur, xəncər yerə düşər, dərhal kəndisi alır.)

 

S ə l m a

(Hiddətli)

Murad!..

 

Murad

Doğrayın bəni r İştə-r İştə!

Əvət, doğrayın, məhv olmalı zalım!

Ah, bir alçağa mərhəmət nə lazım?

Qanlı bir canavar sağ bıraqılmaz;

Bən bir xainim, öldürün!

 

S ə l m a

Hiç olmaz!

 

Murad

Yaşatma, öldür, ana! Bəncə hala,

Billah, gəbərmək yaşamaqdan evla.

 

S ə l m a

Xayır, sən bana eylərkən iltica,

Söz vermişim, dönməm sözümdən əsla!

(Bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir)

 

Murad

(Diksinərək)

Aman, yarəb!

 

S ə l m a

(Qolundan tutub çəkərək)

Gəl! Hiç təlaş etmə, gəl!

Qaçmaq gərək... Qorqarım arta əngəl...

 

Murad

(Kəndisi)

Hər tərəf qorquluq, qaçmaq səmərsiz.

(Aşkar)

Ah, bən nə bir yol bilirim, nə bir iz.

 

S ə l m a

Gəl, hiç qəm etmə, gəl! Baq, iştə bir yol...

Düz, qorqusuz bir dərədir, əmin ol!

Burdan çıqar bir köyə, həm çoq sürməz,

Sağ qurtulub gedərsin, kimsə görməz.

 

İsmət

(Başını qaldırıb həzin və atəşli bir ahənglə)

Yarəb, nə bəxtiyar imiş ölənlər!..

 

Murad

(Səlmaya)

Ah, nə qadar alicənabsın...

 

S ə l m a

(Murada)

Yetər!

Yetər get, durma get! Haydı, çəkil get!

Artıq savuş! Durmaq vaqtı deyil, get!

 

Murad Səlmadakı böyüklüyə qarşı sıqılaraq şaşqın bir halda yürür. Bir-iki adım getdikdən sonra dönüb baqar və dərin bir ah çəkərək büsbütün uzaqlaşır.

 

S ə l m a

(Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə)

Get, namərd qonaq, get! Alçaq mültəci!

Get, miskin hərif, get! Cəllad, yırtıcı!

Get, vicdansız! Kəndini qurtar, yaşa!

Ancaq vicdansızları bəslər dünya!

 (Daha sinirli və qızğın)

Get, gözüm görməsin! Uzaqlaş, dəf’ ol!

Nə haqsızlıq etdinsə Allahdan bul!

Get, çəkil get! Dinsiz, Allahsız xain!

Murdar izin bu topraqdan silinsin!

Oğlumu söndürdün, yandırdın bəni,

Get, kamə irdirməsin Allah səni!

(Göyə doğru ditrəyərək)

Mərhəmət! Yarəb, mərhəmət, inayət!

Təhəmmül ver! Qalmamış bəndə taqət;

Ah, qəlbim az qalır patlasın Allah!

(Cənazəyə doğru qoşaraq çılğınca)

Allah, nə bədbəxt ana oldum... Eyvah!

Həsrəti könlündə can verən evlad!

Ah, qəhrəman oğul, nakam Qanpolad!

 

(Haman oğlunu qucaqlayaraq şiddətli və yaqıcı hıçqırıqlar içində boğulub düşər. Bu sırada S ə l i m ilə a r q a d a ş ı dəxi birər tərəfdən çıqaraq hiddətli və məbhut bir halda baqa qalırlar.)

 

Pərdə

 

 

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info