Qonaq Kitabı
ANA

İnsaf yoqmu? Səlma ölməmiş hələ!

 

Səlim

(Əlində xəncər, təlaş ilə qoşaraq)

Ah, o xain nerdə? O qatil nerdə?

 

Səlma

Kim? Oğlum!..

 

Səlim

Ah, o miskin, rəzil nerdə?

 

Səlma

Yavrum! Qanpoladdan xəbər ver bana!

 

Səlim

Burdan biri qaçmadımı bir yana?

(Əcələ başqa bir tərəfə qoşmaq istər)

 

Səlma

(Qollarından tutub təlaş ilə)

O kim? Nasıl qatil bu?

 

Səlim

Çərkəs Murad...

Orxanın yoldaşı, alçaq bir cəllad!

 

Səlma

Səlim, vaz keç, oğlum! Qaçan qovulmaz.

 

Səlim

Xayır, bir vəhşiyə mərhəmət olmaz.

 

Səlma

Kim kimi öldürmüş? Bir söylə, anlat!

 

Səlim

Sorma, ah, bilməm...

 

Səlma

Nə var, söylə?

 

Səlim

Heyhat!..

Bu bir cinayətdir ki, ağzım, dilim

Söyləməkdən aciz...

 

Səlma

Ah, Səlim, Səlim!

Hər nə var, aç söylə, anlat həpsini...

 

Səlim

İştə səfil Orxan, vicdansız dəni

Vurulmuş İsmətə; qarşılıq yalnız

Təhqir eyləmiş onu biçarə qız,

Alçaq hərif bundan çoq öfkələnmiş,

Qanpoladın gəldiyini öyrənmiş;

Fürsətdir deyə kəsmiş yolu cəllad,

Pusub durmuş yanında İzzət, Murad.

Birdən-birə hər üçü...

 

Səlma

Söylə, söylə!

 

Səlim

Hücum eyləmiş qurşunla, xəncərlə,

Bən qoşaraq qaçırmayıb fürsəti;

Varıb gördüm ki, Orxanı, İzzəti

İlk atəşdə Qanpolad yerə sərmiş;

Hər ikisi parçalanmış, gəbərmiş.

 

Səlma

Südüm halal olsun, oğul, Qanpolad!

Pəki, sonra?

 

Səlim

Ah, fəqət xain Murad

Nişanlamış Qanpoladın qəlbini;

 

Səlma

Ah!..

 

Səlim

Sağalmaz bir yara açmış dəni...

 

Səlma

(Təhəssürlə)

Of! Quzum, toy qismət olmadı sana!

(Şiddətlə ağlar, bir az sonra təbdili-tevr ilə)

Xayır, xayır, göz yaşı dökməm ona!

Gərçi dünyadan almamış kamını,

Qanlısından almış intiqamını.

 

Səlim

Fəqət Murad!? Qaçsa da sağ qurtulmaz.

(Bir tərəfə qoşmaq istər)

 

Səlma

(Hiddətli)

Səlim, bıraq getsin, qaçan qovulmaz.

Yüzlərcə öylə miskin parçalansa,

Bir tükünə dəyməz oğlumun əsla!

 

Səlim

(Gəldiyi tərəfə baqar, birdən-birə həyəcan ilə)

Gəl, ana, oğlun gəldi İştə!

 

Səlma

(Yola baqaraq)

Eyvah!

Kaş ki, öləydim, görmiyəydim, Allah!

(Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu halda bir ləzginin yardımilə görünür. Səlim, Səlma da ətrafını almış olurlar.)

 

Səlma

(Oğlunu bağrına basıb ağlayaraq)

Oğul, oğul!

 

Qanpolad

Of, ana!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info