Qonaq Kitabı
ANA

Lakin bu xəncəri o kimdən almış?!

Bu evdə böylə şey yoq, nerdə bulmuş?

Xayır, xayır, hər an şübhəm artıyor,

Şimdi bən İsməti eylərim məcbur;

Bu sirri açsın, gərək həp söyləsin;

Ya and içsin, bəni rahət eyləsin.

(İsməti çağıraraq)

İsmət, İsmət!

 

İsmət

Nə var?

 

Səlim

Sözüm var sana.

 

İsmət

Allahın sevərsən, çıq get bir yana!

 

Səlim

Gəl bəri, İsmət! Bəri gəl...

 

İsmət

Səlim, get!

 

Səlim

(İsmətə yaqınlaşaraq)

Getmək qolay, ancaq sən e’tiraf et!

Anlat başından keçəni büsbütün;

Yoxsa bən sana rahət verməm bu gün.

Qıymaqmı istiyordun sən kəndinə?

Bu xəncərlə oynamaqdan məqsəd nə?

 

İsmət

Səlim, çıldırdınmı?

 

Səlim

Əvət, çarə bul!

 

İsmət

Bəndə bir şey yoq, qardaşım, əmin ol!

 

Səlim

Kimin bu xəncər, xəbərin yoqmu?

 

İsmət

Yoq...

 

Səlim

Ah, bu yalan bir söz, zəhərli bir oq,

Ağzından uçub qəlbimə saplanır.

Vücudumda qan coşar, alavlanır.

Söylə, İsmət!

 

İsmət

Yoq xəbərim, dedim ya!

 

Səlim

Öylə isə, and iç, bitsin bu qavğa.

 

İsmət

Nasıl! And içməkmi?

 

Səlim

(İsmətin yaqasından tutub silkərək)

Şübhəsiz...

 

İsmət

(Kəndisi)

Eyvah!

 

Səlim

Söylə, İsmət, söylə ki: vallah, billah,

Bu xəncərdən hiç xəbərim yoq bənim,

Həm də kimindir bilməm əsla...

 

İsmət

Səlim!

Bütün dünya dağılsa, bən and içməm.

 

Səlim

(Hiddətli)

Bən də, inan, ısrarımdan vaz keçməm,

Səlim çocuq deyil, hərgiz aldanmaz;

“Billah” de, qurtul...

 

İsmət

(Kəndisi)

Ah, inadlı qanmaz!

And içməsəm susdurmaq olmaz onu,

And içsəm olurum Allah düşmanı;

Fəqət, xayır, mümkün deyil and içmək,

Hər nə varsa açıb söyləyim gərək.

 

Səlim

İsmət, söylə niçin susdun?

 

İsmət

Ah, Səlim!..

 

Səlim

Bəndən qorqma, hiç qorqma!

 

İsmət

Ah, söyləyim,

Söyləyim, qardaşım, ancaq bu sirri

Bir sən bilməlisin, bir bən...

 

Səlim

(İsməti bir tərəfə çəkərək)

Gəl bəri!..

Hiç qəm eyləmə...

 

İsmət

Faş edilsə bu sirr,

İnan ki, pək böyük fəlakət verir.

 

Səlim

Pəki, anladıq, söylə artıq...

 

İsmət



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info