Qonaq Kitabı
ANA

Qanpoladdan çıqarmışdın heyfini.

 

O r x a n

Of! Ağrıdan sanki çatlıyor başım...

 

İ z z ə t

Yigit hər zaman yigitdir, qardaşım,

Yenə az-çoq əldə fürsət var hələ;

Yalnız açıqgöz ol, sən vaqtı bəklə!

 

O r x a n

Xayır, bəklədikcə hevsələm bitər.

 

İ z z ə t

Haydı, gəl, gedəlim, artıq gəl, yetər.

Orxan

Ah, qəlbimə sanki od-alev dolmuş!

 

İ z z ə t

Gəl, canım, gəl!

 

O r x a n

Pəki...

 

İ z z ə t

Baq, aqşam olmuş!

(Səhnə yavaş-yavaş qürub zamanını göstərir, bir az ışığı əksilir)

 

O r x a n

(Ətrafa baqaraq sinirli və qızğın bir halda)

Ey həşmətli, qarlı, qartallı dağlar!

Şahid olun, ruhum bu gün qan ağlar.

Ey mavi göylər! Ey yeşil ormanlar!

Ey bacalardan yüksələn dumanlar!

Fikrim kibi, ey dağılmış bulutlar!

Orxan şimdi qorqunc bir adım atlar.

Parlaq günəş! Ey, göylərin ərusu!

Niçin sarardın, ey vərəm yavrusu?

Yoqsa bizim ölkəyi tərk edərsin?

Seyr için başqa bir yurda gedərsin?

Nə gördünsə, get söylə, ay da bilsin;

Yıldızlar da bu halı seyrə gəlsin;

Bir qəhrəman ikən şaşırdığından,

Bilməz gülsünmü, ağlasınmı Orxan!?

(Qapıya doğru baqaraq, həyəcanlı)

Ah, gözəl çərkəs qızı, nazlı İsmət!

Mələk yüzlü şeytan, incəbel afət!

Bunlar həp sənin yüzündən, uf...

 

 

İ z z ə t

Orxan!

Burda bəkləməkdən nə hasil?

 

Orxan

İnan,

Burdan getməm İsməti görməyincə...

 

İ z z ə t

Şaşırdınmı?

 

Orxan

Nasıl?

 

İ z z ə t

İsmət şimdicə

Müjdə için getmədimi?

 

O r x a n

Xayır, bən

Görmədim, hiç görmədim...

 

İ z z ə t

Ah, bu gün sən

Pək başqa bir hal keçirməkdəsən...

 

O r x a n

Gəl!

 

İ z z ə t

Nə yapmaq istiyorsun? Söylə əvvəl!

 

O r x a n

İzzət! Gəl! Çoq söyləmə, çoq uzatma!

Şimdi bulmalıyım bən onu!..

 

İ z z ə t

Amma,

Böylə tələsməkdən bir şey umulmaz,

Təhəmmül gərək, qardaşım...

 

O r x a n

Hiç olmaz!

Ər kişidə olur bir söz, bir məram.

Əzm eylədim, məhv olsa aləm tamam,

Dönməm geri, hər yan bana açıq yol...

(İzzətin qolundan tutub çəkərək)

Haydı, gəl gedəlim, fəqət əmin ol;

Ya gərək İsmət eşqimə inansın,

Ya Qanpolad al qanlara boyansın.

(Gedirlər)

 

Səlma

(Bir az sonra dışarı çıqaraq sevinc ilə)

Yarəb, şükür dərgahına, çoq şükür!

Səlma da, aqibət, xoş bir gün görür.

(Əlindəki məktuba baqaraq)

Gerçək, kim zənn edərdi birdən-birə

Bir kağız böylə ruhu şənləndirə.

Oğlum Yusif kibi həbsə düşmüşdü;

Şükür, qurtulmaq xəbəri yetişdi.

Ah, onu yalnız bir də sağ görsəydim;

Dünyada olmazdı həsrətim, dərdim.

Səlim

(Bir tərəfdən çıqaraq)

Səlma bacı! Müjdəmi ver, müjdəmi!

 

Səlma

Nasıl müjdə?

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info