Qonaq Kitabı
1905-Cİ İLDƏ

E r m ə n i. Yox, aşna, heç o boyda zarafat yoxdur.

M ü s ə l m a n. Sən öləsən, vurmaram, o Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, vurmaram.

E r m ə n i. Yox, aşna, mən ölüm, heç üz vurma, ölsən də, başımı çıxaran deyiləm... İstəyirsən sən çıxar, mən baxım. Məzhəb haqqı vurmaram.

M ü s ə l m a n. A kişi, mənim gözlərim səninkindən yaxşı seçir. İstəyirsən, tüfəngi qoyum yerə. Ha... inanmırsan, bax, bu da mənim əllərim.

E r m ə n i. Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil...

M ü s ə l m a n. A kişi, hansı kənddənsən?

E r m ə n i. Mən Tuğdanam.

M ü s ə l m a n. A kişi, mən də oradanam ki, Allahverdi Qəhrəman oğlunu tanıyırsan?

E r m ə n i. Necə, Allahverdi? (Başını çıxarır). Allahverdi elə mən özüməm ki.

M ü s ə l m a n. Gədə, Allahverdi? (Başını çıxarır).

A l l a h v e r d i. A kişi, Imamverdi! Tfu sənə, gic müsəlman! (Hər ikisi birbirini qucaqlayır). Səhərdən başımı dolaşdırmışsan, ürək-göbəyimi yemişəm. Haçan gəldin? Uşaqlar necədir? Gülsün bacı neyləyir?

İ m a m v e r d i. Hamısı duaçıdır. Nabat bacı necədir?

A l l a h v e r d i. Çox-çox duaçıdır. Mənə bax, İmamverdi, mən ölüm, tüfəngi hara qoydun?

İ m a m v e r d i. Sən öləsən, səni gördüm, sevindiyimdən heç bilmirəm hara atdım. Yəni tüfəngdə də tüfənglik yoxdur, zəhrimar şişirdir. Əvvəllər bir pistonlu tüfəngim var idi, sonra bunu tapdım, onun da patronu yoxdur. Sən Allah, Allahverdi, bir-iki patron ver mənə.

A l l a h v e r d i. Axtarsan, elə mənimki də azdır. Ala, dörd dənə verim, ancaq, mən ölüm, atanda üzü bəri tutmayasan. Sən öləsən, köpəy uşağı bir iş gördülər ki, iş olsun. Ara yerdə xalqı verdilər qırğına. Bah, bəs sən deyirdin patrondaşım doludur.

İ m a m v e r d i. A kişi patrondaş hanı? Yalandan küyə salmışdım. Bura bax, Allahverdi, oturmuşuq burada, birdən o köpəy oğlu İşxan dediyin daldan gələr...

A l l a h v e r d i. A kişi, burada Işxan nə gəzir. Yalandan səni qorxudub qaçırmaq istəyirdim.

İ m a m v e r d i. Sən öləsən, bir az da möhkəm desəydin, qaçacaqdım.

A l l a h v e r d i. Axtarsan, elə mən özüm də hazırlaşırdım qaçmağa... Bura bax, hələ sən nə üçün özünü soxmuşsan hamıdan qabağa?

İ m a m v e r d i. Ey, sənin sözün nədir, qarabağlı gədəsi dalda qalsın? Cahad eləmişəm də. Bəs sənə nə düşüb hamıdan qabaq gəlmişsən?

A l l a h v e r d i. Nə bilim, a kişi, mən də qarabağlıyam də, mən də sənin kimi axmağam də.

İ m a m v e r d i. Eyvazdan xəbər var? Mən ki, Baxşını tapa bilmirəm.

A l l a h v e r d i. Eyvazın işi uzundur: nə öldüsü məlumdur, nə qaldısı. Elə acam...

İ m a m v e r d i. Sən öləsən, Allahverdi, mənim ürəyim axır acından, lap qarnım girdovoy fiti kimi qaytağı vurur.

A l l a h v e r d i. Dayan, mənim heybəmdə sürsat var... Hə, qızı vermişəm axı, bu gecə toy idi.

İ m a m v e r d i. Qızı verdin? Allah mübarək eləsin. Kimə?

A l l a h v e r d i. Heç demə, Imamverdi, bir qələt idi ata-babam ilə eləmişəm, ancaq daha keçibdir. Hələ gördüm bayırda vurhavurdur mətbəxdə yarım dənə toyuq var idi, bir az qalbas ilə donuz əti, tez doldurdum heybəmə, durdum ayağa.

İ m a m v e r d i. Qalbas ilə donuzu özün ye, toyuğu bəri ver.

A l l a h v e r d i. Allah bunların evini yıxsın, yıxdılar məxluğun evini.

İ m a m v e r d i. Doğrudan, ay Allahverdi, bu nə işdir gördülər, bunu hansı ağıllı elədi?

A l l a h v e r d i. Heç bilmək olur necə işdir. Mənə nə düşüb gəlim sənin ilə əlbəyaxa olum. Hələ o yanındakı kim idi, yazığı vurdum, yıxıldı. Vallah, qorxudan atdım, yoxsa heç vurardım?

İ m a m v e r d i. Burada adam nə gəzir, ay gic! Yanımdakı papağım idi, səni qorxutmaq üçün qoymuşdum! Ara yerdə papağım deşildi.

A l l a h v e r d i. Elə yaxşı ki, papaq imiş, ürəyim lap dincəldi.

İ m a m v e r d i. Yıxdılar kasıb-kusubun evin.

 

                 Bu aralıqda A r a m görünür.

 

A r a m. Ey, kimsiniz?

A l l a h v e r d i. Mənəm, a gədə! Adə, tüfəngim nə oldu?

İ m a m v e r d i. A kişi, otur. Ya indi müsəlman olacaq, ya erməni. Erməni olsa, sən qoymazsan, müsəlman olsa, mən, olmasa, ikili düşərik üstünə.

A r a m. Yerinizdən tərpənməyin! Adınız nədir?

A l l a h v e r d i. Allahverdi Qəhrəman oğlu Əsriyan.

A r a m. Allahverdi dayı, sənsən?

A l l a h v e r d i. Mənəm. Deyəsən, Imamverdi, mənə tanış çıxdı. Dur keç dalıma. A gədə, sən kimsən?

A r a m. Mənəm, Aram.

A l l a h v e r d i. Aram, sənsən?

A r a m. Mənəm. Gecənin bu vaxtı o başda gözümə bir kölgə göründü. Uzaqdan Baxşıya oxşatdım. Yastı-yastı yeriyirdi. Yüyürdüm ki, çatım, tapa bilmədim. Itirdim. Dedim o birtəhərdir, yazıq fikir verməz, ilişib qalar, bu yanda rast gələr birinə...

İ m a m v e r d i. A gədə, Aram, bəs hayana getdi? Hardan gəlirsən?

A r a m. İmamverdi dayı, sənsən? Siz haradan tapışmışsınız?

İ m a m v e r d i. Atışırıq özümüz üçün də.

A r a m. Elə yaxınlarda gördüm. O olmaz, ancaq ona oxşayırdı.

A l l a h v e r d i. Adam bu vurhavurda bu köpəy uşağının arasına gələr?

İ m a m v e r d i. A gədə, Aram, bic-vələdüzüna, o nədir, o yazıq arvada nə üçün beş-altı köpüy göndərmirsən? Qalıb əl-amanda. Axır o gün gücnən daş-baş eləmişəm, bir batman buğda vermişəm, beş girvənkə də arpa; qatıb ona əl dəyirmanında çəkibdir.

A r a m. Vallah, Imamverdi dayı, bu neçə vaxtda bikardım, elə təzəcə işə girmişdim, bu yandan da köpəy uşağı iş düzəltdilər. Aləmi verdilər qırğına... Ah... Birdən güllə açılır, Aram ayağını tutur, Allahverdi yıxılır.

İ m a m v e r d i. Ay dadi-bidad, kişini vurdular!

A r a m. Yatın yerə!

A l l a h v e r d i. Atan kazaklardır...

 

İ ş ı q s ö n ü r.

 

 

ON ÜÇÜNCÜ ŞƏKİL

 

 

                        G e n e r a l-q u b e r n a t o r u n kabineti.

 

Q u b e r n a t o r (telefonla danışır). Allo... Salamov, hə, xoş gördük! Necə? Belə sözləri telefon ilə danışmaq olmaz, Əmiraslanbəy. Mədənləri yandırırlar? O daha mənim işim deyil, cənab Salamov. Sizin də əliniz var, onların da mədəni. Patron? O mümkündür, onu düzəldərik.

P o l i s m e y s t e r (gəlir). Bağışlayın, general həzrətləri...

Q u b e r n a t o r. Polkovnik, siz gedib, gedib, qayıdırsınız.

P o l i s m e y s t e r. Bağışlayın, general həzrətləri, işçi nümayəndələri gəlmişlər, sizi görmək istəyirlər.

Q u b e r n a t o r. Dedim ki, mən bu gün kimsəni qəbul etməyəcəyəm.

P o l i s m e y s t e r. Lakin general həzrətləri, o özü də gəlmişdir.

Q u b e r n a t o r (qalxaraq). Volodin özü?

P o l i s m e y s t e r. Volodin özü.

Q u b e r n a t o r. Yoldaşları kimdir?

P o l i s m e y s t e r. Gürcülər, müsəlmanlar, ermənilər, ruslar, bütün millətlərdən vardır.

Q u b e r n a t o r. Bu şaşqınlıqdır, polkovnik. O öz canını karta qoyur. O mən düşündüyümdən daha qoçaq imiş. Yoldaşları qalsın, özünü burax, sən özün də qal, əmrimi gözlə. Hə, sonra yadımdan çıxar: müsəlmanlara bir az patron vermək lazımdır; sonra lazım gəlsə, kazaklar da bir az kömək etsinlər.

P o l i s m e y s t e r. Kimə?

Q u b e r n a t o r. Kimə? Heç kimə. Hər iki tərəfdə ara soyuduqda, onlar qızışdırsınlar.

 

                  Polismeyster çıxır, bir azdan V o l o d i n içəri girir.

 

Q u b e r n a t o r. Aha, cənab Volodin, axır ki, sizi də görə bildik. Bəxtimiz dost imiş. Buyurun, oturun! Siz axı dastanlarda oxunan qəhrəmanlar kimisiniz, hər yerdə adınız çəkilər, özünüz görünməzsiniz, adı var, özü yox. Gərək ki, Allah da belədir?

V o l o d i n. Bizim, general, nə zarafat üçün, nə də compliment demək üçün vaxtımız var. Biz iş üçün gəlmişik. Rica edirəm ki, tapşırın yoldaşlarımı da buraxsınlar.

Q u b e r n a t o r. Yox, Volodin, mən sizi çoxdan görmək istəyirdim, ancaq diplomatiya sizin vaxtınızı elə almışdır ki, görünmürdünüz.

V o l o d i n. Mən diplomat deyiləm, mən işçiyəm.

Q u b e r n a t o r. Oho, dildə, əlbəttə! Ancaq, biz eşitmişik, işçi çəkic vurar, şalban daşıyar, siz ki, Allaha şükür, nə onlardansınız, nə də bunlardan.

V o l o d i n. Mən şalban çox daşımışam.

Q u b e r n a t o r. Ancaq Sibirdə, siyasi dustaqlar arasında.

V o l o d i n. General, siz sözümü sapdırırsınız. Mən xahiş edirəm...

Q u b e r n a t o r. Mən sizin xahişinizi bilmirəm.

V o l o d i n. Biz xahiş etmirik, tələb edirik: bu qardaş qırğınını dayandırın!

Q u b e r n a t o r. O sizin bunt planınıza mane olur, onun üçünmü?

V o l o d i n. Bizim planımıza heç bir şey mane ola bilməz. Mən sosialdemokrat bolşevik partiyası adından qəti deyirəm: bu gün qırğın saxlanmazsa, sabahdan heç bir mədən, heç bir zavod işləməyəcək. Siz iki qardaş kütləni birbirindən ayırır, bir-birinə qırdırırsınız. Biz buna yol vermərik.

Q u b e r n a t o r. Siz nə istəyirsiniz? Istəyirsiniz bu iki vəhşi milləti birləşdirək ki, sizin iradəniz altında bizi, Rusiyanın doğma oğullarını qırsınlar? Mən ağalıq sürmək istəyən böyük bir imperiyanın bir əsgəriyəm. İmperiyanın siyasəti öz bayrağını bir yandan Bəndərbuşirə, bir yandan da Bosfor sahilinə sancmaqdır. Bu yollara kimsə mənim üçünodekolon səpməyəcəkdir. Bu yol süngü ilə açılmalıdır ki, onun da məhsulu sümükdür və qan... Onların ancaq bir Allahı var: pulemyot. Siyasətdə mərhəmət olmaz. Mən onu öldürməsəm, o məni öldürəcəkdir. Onlar birləşəcəkdilər. Mən patron altında doğma oğlanlarımın başını qoymalı idim. Indi isə, özləri bilərlər: çayın daşı, çölün quşu.

V o l o d i n. Siz cəlladsınız!

Q u b e r n a t o r. Volodin, siz isə, vətən və millət xainisiniz. Siz müharibədən çıxmış imperiyanın çətin vəziyyətindən istifadə edib, onun təxt-tacını düşmənlərin ayağı altına salmaq istəyirsiniz, belə bir halda, siz siniflər vuruşu salmağa çalışırsınız. Bu, millət üçün ölümdür. Bu, doğrudan da qardaş vuruşu olardı, ancaq siz görməyəcəksiniz.

V o l o d i n. Siz sinif vuruşunu millət vuruşuna çevirməklə ancaq vaxtı uzada bilərsiniz. Lakin onu əbədilik susdurmazsınız. O vuruş hər gün gedir. Bu gün deyilsə, sabah o sizin təxtü-tacınızı öz amansız baltası altında əzəcəkdir.

Q u b e r n a t o r. Aha, demək, millət vuruşu olmasaydı, vətəndaş vuruşu olmalı idi. Şah və mat! Cənab Volodin, siz çox xarab oyunçusunuz. Siz qabaqlanmışsınız, siz uduzmuşsunuz. Artıq buraxın bu oyunu. Hələ gec deyil, zərərin yarısından qayıtmaq da bir qazancdır. Oyunun sonu isə sizin üçün çox qorxunc olar. İmperiya döyüşkən bir qartaldır. O, qartallar ilə döyüşür, siz isə qanadı qırıq sərçələr kimi əlayağa dolaşırsınız.

V o l o d i n. Lakin, o qartal Rusiya əməkçilərinin qanını sorur. Onun sonudur. O, başlarının heç birini ölümdən qurtara bilməyəcək.

Q u b e r n a t o r. Volodin, mən sizi saxlamıram. Cənab Volodin, gedə bilərsiniz! Mən son dəfə sizi ayıltmaq istəyirdim.

V o l o d i n. Biz tələb edirik, general. Yoxsa heç bir mədəndə heç bir çarx fırlanmayacaqdır.

Q u b e r n a t o r. Siz çox sərtsiniz, cənab Volodin. Bu qanlı hadisə mənim də əsəbilərimi sarsıtmışdır. Siz də məni təbiətdən çıxartdınız. Nə etmək, mən də əlimdən gələn qədər çalışaram. Mədəni bir adam belə bir vəhşətə soyuqqanlılıqla baxa bilməz. Rica edirəm yoldaşlarınıza da bildiriniz: mən onların xahişlərini böyük sevinclə qəbul edirəm və elə günü sabah lazımi tədbirləri görərəm.

V o l o d i n. Sabah gec olar, general!

Q u b e r n a t o r. Mənim sözümə inanın, Volodin. Sabah işçilər onların nəticəsini görərlər. Hər halda mən onları inandırmağa çalışacağam. Vəziyyət çətindir. Volodin, nə etmək, siyasət şahmatdır, yaşasaq, sonunu görərik.

V o l o d i n. Əlbəttə, general, yaşasaq, sonunu görərik (Gedir).

Q u b e r n a t o r (zəngi vurur, polismeyster gəlir). Polkovnik, onu buraxın. Yoldaşlarını elə bu gecə birbaş dustağa!

P o l i s m e y s t e r. Volodini buraxmaq?

Q u b e r n a t o r. Buraxmaq.

P o l i s m e y s t e r. Elədir ki, var, general həzrətləri. Bu doğru əmrdir, çünki onun nüfuzu çox böyükdür.

Q u b e r n a t o r. Polkovnik, siz hələ gəncsiniz. Mən vəziyyəti sizdən yaxşı görürəm. Artıq onlar qorxusuzdur. İnternasional birlik həmişəlik qırılmış, tarixin təkəri çevrilmiş, bunt gəmisi qayaya çırpılıb parçalanmışdır. Indi artıq onlar və o, heç bir şey deyildirlər... Buraxmaq və sabahdan gec olmayaraq onu və Əsriyanı mənə təslim etmək!

P o l i s m e y s t e r. Bağışlarsınız, general həzrətləri, dirisini, ya ölüsünü?

Q u b e r n a t o r. Polkovnik, siz siyasət terminlərini öyrənmiş olmalı idiniz. Ölüsünü...

P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri!

 

                  İ ş ı q   s ö n ü r.

 

 

ON DÖRDÜNCÜ ŞƏKİL

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info