Qonaq Kitabı
1905-Cİ İLDƏ

E y v a z. Mənim vaxtım çox azdır.

A ğ a m y a n. Siz ki, zabastovka etmişsiniz.

E y v a z. Etmişik.

A ğ a m y a n. Daha nə işiniz ola bilər?

E v v a z. Tapılar.

A ğ a m y a n. Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.

E y v a z. Yandırmışam.

A ğ a m y a n. Bərk dayan, Eyvaz. Heç bir şeydən qorxma. Burada artıq millətimizin var-yoxu karta qoyulmuşdur: ya onlara verən Allah, ya bizə...

E y v a z. Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.

A ğ a m y a n. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən. Bizim hər yerdə adamımız olmalıdır. Sən ki bir dəstənin başında durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki, mənim filan yerdə adamım vardır.

E y v a z. Adamın? Kimdir o sizin adamınız?

A ğ a m y a n. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır.

E y v a z. Siz gülməli sözlər danışırsınız, cənab Ağamyan! Mənim üçün sizinlə Salamov arasında heç bir fərq yoxdur. Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam.

A ğ a m y a n. İki millət üz-üzə durub ölüm-dirim vuruşu aparırkən, bir ermənidən belə bir sözü eşitmək!? Sən ermənisən, qəti vuruşda ermənilərin qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı vardır.

E y v a z. Siz qızışmayın, cənab Ağamyan! Bu sözlər ilə mənə təsir edə bilməzsiniz. Mənim həqiqət sandığım kitabda türk, erməni sözü yoxdur, işçi var, fabrikant var. Birincilərlə qardaşam, ikincilərlə düşmən.

A ğ a m y a n. Doğrudan da, sən axı materialistsən.

E y v a z. Mən materialistəm.

A ğ a m y a n. Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola bilər?

E y v a z. Sən bunu edə bilməzsən, çünki sənin fabrikant təbiətin bunun ziddinədir.

A ğ a m y a n. Yox, edərəm, mən öz millətimin yolunda hər bir şeydən keçməyə hazıram. Sən mənim işçimsən, nə qədər alırsan? Slesar 60 manat... kontor müdiri 400 manat, indi sözün nədir?

E y v a z. Siz çox səxavətlisiniz, cənab Ağamyan!..

A ğ a m y a n. Mən pulu sizin üçün yığmışam, mənim varım millətin varıdır, mən millət yolunda çalışıram, səni irəli çəkmək istəyirəm, çünki sən... özümüzünküsən. Nəhayət, hər şey bir yana, sən axı mənimlə qudasan.

E y v a z. Necə, necə yəni quda?

A ğ a m y a n. Deməli, sən bilmirsən, sən axı mənim oğlumun qaynısan.

E y v a z. Necə yəni qaynı?

A ğ a m y a n. Aha, sən indi soruşursan? Mən sənin bacını öz oğlum üçün alıram.

E y v a z. Mənim bacımı?

A ğ a m y a n. Sənin bacın Sonanı oğlum Haykaz Ağamyan üçün... Bundan sonra mənim bütün varım da, mədənlərim də sənin olacaqdır.

E y v a z. Belə iş ola bilməz.

A ğ a m y a n. İş qurtarmışdır. Mən neçə yol Qarabağa adam göndərmişəm.

E y v a z. Bacım da razı olmuşdur?

A ğ a m y a n. Atan razılıq vermişdir. Mən ananı da, bacını da, bütün  külfətinizi də öz evimə köçürürəm.

E y v a z. Bu olan iş deyil, mənim külfətimin sizin evinizdə işi yoxdur.

A ğ a m y a n. Lakin onlar bu gün gələcəklər, bu da teleqram.

E y v a z. Onlar gəlməzlər, mənim bacım sənin oğluna getməz.

A ğ a m y a n. Getməz, nə üçün getməz?

E y v a z. Çünki o özgəsini sevir.

A ğ a m y a n. Özgəsini, kimdir o özgəsi?

E y v a z. Onun sevdiyi bir türkdür.

A ğ a m y a n. Türkdür! Sən öz bacını türkə verməyə razı olursan?

E y v a z. Nə olar?

A ğ a m y a n. Bizim din düşmənimizə, millət düşmənimizə, qan düşmənimizə qız vermək? Hələ dünən basdırdığımız o meyit kim idi? İki düşmən bir-birinin boğazına yapışıb boğmaq istərkən, bir erməni qızını düşmən əlinə vermək, bizim milli namusumuza qarşı qara bir ləkədir, bir xəyanətdir.

E y v a z. Ağamyan! Sözlərinizə diqqət edin, cənab Ağamyan! Milli namus! Sizin milli namusunuz puldur, mənsəbdir. Onlar bizim nə düşmənimizdir. Onlar da bizim kimi yük daşıyır, çəkic vurur, torpaq qazıyır, qan tökür, bir parça quru çörək qazanırlar. Onlarla bizim nə düşmənçiliyimiz vardır? Lakin siz iki doğma qardaşı boğuşdurur, hər ikisinin qanını sorursunuz. Bizim düşmənimiz onlar deyil, bizim düşmənimiz sizsiniz: siz ağamyanlar, siz salamovlar və sizin qabağınızda gedən imperator jandarmları. Bizim vuruşumuz millət vuruşu deyil, sinif vuruşudur.

A ğ a m y a n. Əsriyan, ehtiyatlı olun, mənim səbrim tükənməz deyildir. Mən erməni millətinin namusuna ləkə toxunmağa yol vermərəm. Bu, Türkiyədən başlayıb gələn tarixi bir vuruşdur, onun qabağını kəsib bu vuruşda erməni millətini basdırmaq istəyənləri tarix və yaşamaq istəyən erməni milləti qarışqa kimi əzəcəkdir.

E y v a z. O vuruş bizim deyil, o vuruş sizindir. O, mədən vuruşudur, siz onu millət vuruşuna çevirmişsiniz. Siz provokatorsunuz!

A ğ a m y a n. Xain...

E y v a z. Ağamyan! (Ayağa qalxıb, hiddətlə) Mənim sizin dilinizi kəsməyə qüvvətim və cəsarətim yetişər, lakin siz buna dəyməzsiniz. Tarix öz gününü aslanlar döyüşünə yetirmişdir. Siz isə, ancaq bir tülküsünüz, həm də qorxaq bir tülkü.

A ğ a m y a n. Belə?.. Belə? Çox gözəl, görərik bu sözlər kimə zərər verər?

E y v a z. Çox gözəl, görərik (Sərt bir dönüşlə çıxır).

A ğ a m y a n (telefonu alaraq). 55–70. General-qubernator... mənəm. Ağamyan... Əsriyanla danışdım. Yox, yox, çox yırtıcıdır. Necə? Yer tapılar? Harda? Təşəkkür edirəm... O birilərdən bir neçəsini ələ keçirmişəm. Hər halda tapılar? Çox gözəl (Telefonu yerinə asaraq, qısacıq sükutdan sonra). Onun üçün yer tapılar.

 

                         İ ş ı q   s ö n ü r

 

 

YEDDİNCİ ŞƏKİL

 

                                Ə m i r a s l a n   S a l a m o v u n mədənləri.

 

S a l a m o v (telefon ilə qışqırır). Polsmestr, polsmestr...

A ğ a y a r (qaçaraq içəri girir). Gəlirlər. Vallah, adam çəyirtkə kimi qaynaşır.

S a l a m o v. Bura gəlirlər?

A ğ a y a r. Birbaş bura.

S a l a m o v. Uşaqların patronu var?

A ğ a y a r. Hərəsində 50 arağ, polsmestr tüfəng də göndərmişdir.

S a l a m o v. Köpəy oğlunun polsmestrini də çağıra bilmirəm.

A ğ a y a r. Vallahi, polsmestrə bir ləpəriz gəldilər ki, papağını da qoydu, qaçdı. Basdılar onu daşa, vur ki, vurasan. Hər mədənə çatırlar, başlayırlar dagıtmağa... Volodin, Əsriyan, Çopur Məmməd, Qubadze, vay... vay... vay. Əsədullayevin 4-cü mədənini də yandırdılar.

K ü t l ə. Yaşasın işçilərin qardaşlığı! Ura!..

S a l a m o v. Bu işlərin mayeyi-fəsadi bu Əsriyan köpəy oğludur. Özü Ağamovun qaynı, hər gecə də onlarda... Uşaqlar hardadır?

A ğ a y a r. Bəziləri akopdadır, bəziləri də yığışıb, nə hə deyirlər, nə yox.

S a l a m o v. Bircə yığ onları bura! Uşaqlar qalsınlar akopda, sən get bir xəbər gətir. Qardaşlar, müsəlman qardaşlar, bu mədənlər, bu buruqlar mənim döyül, hamısı sizindir. Mən heç aylarla burda olmuram. Burda siz işləyirsiniz. Bir parka çörək mən də yeyirəm, siz də. Bu gün gərək siz razı olmayasınız ki, bir nəfər xaricinin ayağı sizin mədəninizə dəysin.

İ ş ç i l ə r d ə n. Xozeyin, axı bizə mənzil lazımdır, paltar lazımdır. Onların davası tək səninlə deyil ki... Onların bizimlə işi yoxdur... Onların davası Nikolayladır. Bizə nə düşübdür ki, Nikolaya tərəfdar olaq...

S a l a m o v. Qardaşlar, bunların hamısı badalaqdır. Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib? Fitilbörkə getsin də! Bəs, görünür ki, iş içində iş var. Bunlar hamısı o Ağamov ilə Əsriyanın pürçümüdür. Atam, sizə nə lazımdır? Mənzil lazımdır – verirəm, paltar lazımdır – verirəm, sabun lazımdır – verirəm, məvacib nə qədər istəyirsiniz – artırım, daha nə istəyirsiniz? Ancaq mənim mədənimi yatırtmayın. Bir nəfərin ayağı gərək sizin mədənə dəyməsin.

K ü t l ə. Yox olsun istibdad! Ura...

A ğ a y a r (qaçaraq). Gəldilər!

S a l a m o v. Ay uşaq, qorxmayın! Kim ayağını irəliyə qoydu, vurun, mən dayanmışam.

 

                 Ə s r i y a n, V o l o d i n və b a ş q a l a r ı səhnəyə gəlirlər.

 

S a l a m o v. Hə, nə var gəlmişsiniz?

B i r i n c i i ş ç i. Bizim səninlə bir sözümüz yoxdur.

E y v a z. Biz işçilərlə danışmaq istəyirik.

S a l a m o v. Mədəndən bayıra çıxın! Bir adam ayağını mədənə basmasın. Həzrət Abbas haqqı hamınızı qırram. Mən sizin badalağınızı yaxşı bilirəm, – siz istəyirsiniz müsəlmanları öz yerlərindən çıxarıb qovasınız.

E y v a z. Yoldaşlar, işçi yoldaşlar, bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. Siz mədən yeyələrinin provokasiyasına aldanmayın. Romanov jandarmlarının qamçısı hamımızın başına birgə dəyir.

S a l a m o v. Adə, Əsriyov, sən bu cib-cibi kimə öyrədirsən? Mən elə sənincə olanda sənincə bilirdim də. Sən bu portmanatı kimə atırsan? Sən əgər yaxşı adamsan, nə üçün Ağamovun mədəninə getmirsən?

E y v a z. Bizim üçün Ağamyan ilə sənin aranda heç bir fərq yoxdur. Biz ora getmişik, yenə gedəcəyik.

S a l a m o v. Yalan deyirsən, getməmişsən, getməyəcəksən, çünki sən onun qaynısan, hər gecə onun evindəsən, onun himi ilə işləyirsən, çünki sən ermənisən, sizin heç kökündən yeriniz-yurdunuz yoxdur.

E y v a z. Bu provokasiyadır. Bunu sənə kim dedi?

S a l a m o v. Mənə gomurnat özü dedi. Mən statski sovetnikəm, padşahdan midalım var, mən, mən, hamısını bilirəm.

M a k s i m o v. Yoldaşlar, işçilərin mübarizəsi iqtisadi mübarizədir. Bizim hökumət təşkilatı ilə siyasi mübarizəmiz yoxdur. İstəyimiz səkkiz saatlıq iş günü, əmək haqqının on faiz artmasıdır. Bir taqım məsuliyyətsiz adamlar iqtisadi mübarizəni siyasi mübarizəyə çevirirlər, ölkədə anarxiya törətmək istəyirlər. Biz isə deyirik ki, bizim iqtisadi tələblərimizi təmin etsinlər. Biz işə başlamağa hazırıq.

S a l a m o v. Bax, rəhmət ölənlərüvə. Atam, manata iki şahı deyirsən, mən manata bir abbası artırım, ancaq mənim mədənlərimə ayaq basmayın.

V o l o d i n. Yoldaşlar, işçilər on paraya satılacaq bir dilənçi deyillər. Biz belə sədəqələrə aldanıb boğazımızı tilova keçirə bilmərik. İqtisadi mübarizə siyasi vuruşsuz heç bir nəticə verə bilməz. Biz mübarizəni daha artıq bir qətiyyətlə, daha geniş bir proqramla davam etdirməliyik.

M a k s i m o v. Nə vaxta kimi?

E y v a z. Bu günkü yaramaz quruluşu yıxana kimi.

B a x m e t y e v. Sənin pulun var dolanırsan, amma işçinin külfəti var; o, ac-acına, işsiz gəzə bilməz; boş sözlə qarın doymaz.

M a k s i m o v. Doğrudur! Bir də sizə nə lazımdır?

E y v a z. Bizə o lazımdır ki, işçinin işlədiyi mədən onun əlində olsun. Bizə o lazımdır ki, işçilərin əməyini udan mədənçilər və gönünü soyan monarxiya və burjuaziya hakimiyyəti alt-üst olsun.

S a l a m o v. Demək, siz istəyirsiniz ki, müsəlmanların bütün şəlpəşülpəsini yığışdırıb keçirəsiniz özünüzdən o yana. Müsəlman qardaşlar, burada o yan-bu yan yoxdur, bu işlər hamısı ermənilərin badalağıdır. Onlar istəyirlər ki, müsəlmanları Qafqazdan çıxarıb qovsunlar.

V o l o d i n. Yoldaşlar, biz işçi nümayəndəsiyik, burda millət məsələsi yoxdur, bu, provokasiyadır. Bütün Rusiyanı inqilab hərəkatı sarmış. Romanovların son günü yetişmişdir. Bunlar inqilab vuruşunu bilərək millətlər vuruşuna çevirmək istəyirlər.

S a l a m o v. Adə, Vaskə, qazanxanadan dünən çıxmışsan, qazamatdan bu gün qaçmışsan, sən də mənə kələk gəlirsən? Bircə uzun danışma, mədəndən bayıra çıx! Gedin əvvəl Ağamovun mədəninə, sonra gələrsiniz (Volodini itələyir).

E y v a z. Salamov, əlini gödək elə.

S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə kəkələnirsən? Mədəndən bayıra çıx, sənə deyirəm.

S ə s l ə r. Yaşasın azadlıq! Yaşasın işçilərimizin qardaşlığı! Ura!

İ ş ç i S ə m ə d. Adə, qaçın, gəldilər!

S a l a m o v. Ay müsəlman qardaşlar, ay din qardaşları, qoymayın, vurun! (Qaçır).

E y v a z. Qardaşlar, türklər, atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur.

S a l a m o v. Polsmestr, polsmestr...

 

                     Dörd tərəfdən güllələr açılır.

 

                     İ ş ı q  s ö n ü r.

 

 

SƏKKİZİNCİ ŞƏKİL

 

                           Qarabağda. B a x ş ı ağaca söykənmiş çalır. S o n a gəlir.

 

S o n a. Baxşı, Baxşı!

B a x ş ı. Nədir, Sona!

S o n a. Mən gedirəm.

B a x ş ı. Gedirsən?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info