Qonaq Kitabı
1905-Cİ İLDƏ

B a h a d ı r b ə y. Etiraz etdilər? Əlbəttə ki, onlar özlərininkini keçirmək istəyəcəklər. Heç şübhəsiz ki, milli çəkişmənin nəticəsidir.

Q u b e r n a t o r. Siz bir görünüz ki, mən müsəlmanlarla dostam, ona görə padşaha şikayət yazıb, mənim geri çağırılmamı tələb etmişlər. Lakin mən qorxan deyiləm. İşi Peterburqda yazmışam. Mən elə sabah Bahadırbəyi qlavanın köməkçiliyinə keçirərəm. Siz ancaq adamlarınıza deyin ağızlarını yumub, teleqraf şalbanı kimi oturmasınlar. Siz mənə adam verin, mən hər yerə adam keçirim.

S a l a m o v. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itüvə tök.

Q u b e r n a t o r. Bir də ermənilər çalışırlar, siz də yığışın bir nümayiş düzəldin ki, padşaha qulluq etməyə hazırıq. Belə olsun ki, mənim də əlimdə bir dəstəvuz olsun.

S a l a m o v. Nümayiş elə sabah! O bir iş deyil. O, bir bozbaşın başı altındadır. İstəyirsən elə sabah çıxım parapetin lap ortasında deyim: hər kim padşahı istəmir, onun hərçibətəri belə-belə olsun? Sonra kişi istəyirəm çıxsın ağacımın qabağına ağac uzatsın!

B a h a d ı r b ə y. General həzrətləri, siz ki, bizim hüquqi-milliyyəmizin naminə bu qədər kömək edirsiniz, nə etmək lazımdır, siz buyurunuz, biz türklər öz sədaqətimizi ibraz etməyə hazırız.

Q u b e r n a t o r. Ancaq, dostlar, söz aramızda. Mən bu sözləri dostluqda dedim, hələ Ağamyan gərək ki, öz adamlarını göndərib, o buruqları öz hasarının içinə almaq istəyir. Ancaq xahiş edirəm bu işdən bir cəncəl çıxarmayasınız.

S a l a m o v. Mənim buruqlarımı? Öz hasarı içinə? Alsın görüm necə alır!..

Q u b e r n a t o r. Hər halda siz bir qədər ehtiyatlı olun, mümkün qədər dava salmayın. Mən Ağamyana demişəm, bu gün bəlkə o da gəldi. Yenə də ona tapşıraram. Ancaq onların, gərək ki, silahları da çoxdur.

S a l a m o v. Eh, köpəy oğluyam, əgər mən onları bu şəhərdən dəyənəklə çıxarmasam.

Q u b e r n a t o r. O bir şey deyil. Iş bərkə düşəndə mən sizə silah da verərəm. Mən əlimdən gələn köməyi etməyə hazıram. Hasar çəkməyə gəldi, qoyma, qurtardı getdi.

S a l a m o v. Sağ ol, Toxum-Yerisuiç. Biz müsəlmanlar canla, başla qulluq etməyə hazırıq. O ki qaldı Ağamyana, eybi yoxdur...

Q u b e r n a t o r. Odur, deyəsən, özü də gəlir. Ancaq, başınıza dönüm, mümkün qədər yaxşılıqla. Mən özüm də bu saat ona deyərəm. Bu inqilab vurhavurunda bir tordur, iş daha dərindir. Nə isə, hələlik, bağışlayın, ağalar! (Gedir).

S a l a m o v. Gördün, Ağa Bahadır, nə oldu? Salaməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. Deyirəm sizə bu köpəy oğlanlarında iş var, deyirsiniz yox. Xalq iş görür, amma siz elə başlamışsınız ki, milliyyə, milliyyə!

B a h a d ı r b ə y. Lakin, kəbləyi, bu milli məsələ deyil də, nədir? Mənim müəyyən məsləkim vardır. Mən öz millətimin inqilabçısıyam.

S a l a m o v. Eh, inqilab, inqilab. Görmədin deyir: hamısı badalaqdır, bütün hoqqalar mədənlər üstündədir. Ancaq yığıncağı düzəltmək lazımdır, sonra da padşaha bir teleqram. Eh, Ağamyanın mən şarlarını lap yeşiyiynən oğurlatdırmasam, hələ o şarlar mənim hərçibətərimə girov olsun. Amma kişinin qədrini bilmək lazımdır.

B a h a d ı r b ə y. Kişi yeganə adamdır, türklərə tərəfdarlıq göstərir. Ağamyan gəlir. Gedəlim!

S a l a m o v. Dayan, dayan, sən Allah, mən ona bir neçə kəlmə söz deyim.

B a h a d ı r b ə y. Yox, kəbləyi, rica edirəm. Belə böyük bir məclisdə biabır oluruz, sonra demək olar. Gedəlim! (Gedirlər).

A ğ a m y a n Q u b e r n a t o r l a gəlir.

Q u b e r n a t o r. Ancaq, başınıza dönüm, bu tatarlarla bir qədər ehtiyatlı olunuz. Özünüz görürsünüz vəhşi millətdirlər. Mən, əlbəttə, hər şeydə sizə kömək etməyə hazıram: silahla da, hətta lazım gəlsə, adamla da. Ancaq, başınıza dönüm, söz aramızda...

A ğ a m y a n. Yaxşı, mən ərizəni sabah verərəm.

Q u b e r n a t o r. Ərizənin kopyasını mənə ver. Sabahdan qoy adamlarını, çək hasarını.

A ğ a m y a n. Eybi yoxdur, görərik. Mənim icarə etdiyim yeri güclə mənimsəmək, heç eybi yoxdur.

Q u b e r n a t o r. Mən razı ola bilmərəm ki, onlar Türkiyədəki işlərin hesabını mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz dindaşlarımdan çəksinlər. Buna arxayın ola bilərsiniz. Ancaq, hər halda, dediyim kimi, o Əsriyanı tezliklə ələ almaq lazımdır. Işçilər arasında nüfuzu çoxdur.

A ğ a m y a n. Onu mən özüm bacararam, general həzrətləri.

Q u b e r n a t o r. Siz bir az oturunuz, mən tapşırım, bizim üçün bir şey göndərsinlər (Qubernator gedir).

S a l a m o v (gəlir). Bahadırbəy, o güllərdən apar qoy qubernatorun arvadının qabağına, birini də qradonaçalnikin arvadının qabağına (Ağamyana). Adə, Ağamov, köpəy oğlu, sən indi belə ağız-burun bəhəm eləmişsən ki, mənə pirod gedirsən, mənim quyularımı hasara alırsan?!

B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, rica edirəm, yeri deyil.

A ğ a m y a n. Kişisən, söyüş söymə, söz de, söz eşit.

S a l a m o v. Söyərəm, gözüvü də çıxararam, xam bez kimi cıraram cəhəngüvü, köpəy oğlu.

A ğ a m y a n. Sənə deyirəm söyüş söymə. Yer mənimdir, hasara da salaram, gözüvü də çıxardaram. Kişisən, bayırda danış, cavabını al.

S a l a m o v. Çıx bu saat bayıra, bayırda ayırd edək. Bura sizing üçün İstanbul döyül, torpağınızı torba ilə daşıtdıraram. Arvad-uşağuvuzu da qıraram, köpəy oğlu.

M a r i y a (gəlir). Əmiraslanbəy, nə olmuşdur? Ruben, nə var?

A ğ a m y a n. Nahaq yerə sizin Türkiyəyə fikriniz getməsin. Ağzını dağıtma, deyirəm. Dişlərini qıraram, verdirərəm hamınızı pulemyot ağzına.

M a r i y a. Əmiraslanbəy, siz, siz... Tişa! (Bayıra qaçır).

B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, danışma, yeri deyil, bizim milli pozisionumuz...

S a l a m o v. Dayan, dayan, mənim padşahdan midalım var, mənim dişlərimi qırırsan? (Ağamyanın üstünə atılıb, ona bir şillə vurur).

 

                     Tam bu aralıq Mariya, Qubernator və adamlar çıxırlar.

 

H a y k a z. Necə? Mənim atamı? (Hücum edir).

S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə gorda çəkirsən?

Q u b e r n a t o r. Əmiraslanbəy, bu nədir? Mənim evimdə?

M a r i y a. Mənim bayramımda?..

S a l a m o v. Adə, köpəy oğlu, mənə deyir ki, çıx bayıra, ayırd edək.

Q u b e r n a t o r. Ruben, bu dostluq deyil. Sözünüz varsa, bayırda hesablaşa bilərsiniz.

A ğ a m y a n. General həzrətləri...

Q u b e r n a t o r. Bir kəlmə də yox! Mənim evimdə belə iş etmək olmaz. Əmiraslanbəy, mən bu qonaqları bir dost kimi çağırtdırmışam.

M a r i y a. Əmiraslanbəy, belə iş olmaz, bəri gəliniz.

S a l a m o v. Yaxşı, əgər mən bu işin heyfini səndən çıxmasam, mən bu bığlarımı qırxdıraram. Qurban olasan bu dəfə Mariya Tumannifeynəyə. Ayırd edərik (Gedirlər).

Q u b e r n a t o r (ayaq saxlayır). Ağalar, narahat olmayınız! Ruben, bu nədir? Mən dünən sənə nə dedim? Mən sənə dedim ki, bunlarda iş vardır, ehtiyatlı ol, vəhşi millətdir, işi yerində görmək lazımdır.

A ğ a m y a n. Tixon Yeliseiç, heç eybi yoxdur. O məni bir belə adamın arasında biabır etdi, heç eybi yoxdur. Ancaq siz şahid olunuz.

Q u b e r n a t o r. Mən görürəm. Ancaq burada nə etmək olar. Sən işini yerində gör. Gəl, mən dayanmışam (Getmək istəyir).

P o l i s m e y s t e r (içəridən çıxır). Hər şey hazırdır, general həzrətləri!

Q u b e r n a t o r. Polkovnik, yazdıqlarımın hamısına elə bu gecə əməl edilməlidir. İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri də erməni. Kimlər və nə sayaq, sən özün bilirsən. Hamısını mənə bildirin. Sən azadsan, gedə bilərsən.

P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri. Hamısı əmr etdiyiniz kimi, yerli-yerində ediləcəkdir.

 

İ ş ı q s ö n ü r.

 

 

BEŞİNCİ ŞƏKİL

 

 Erməni kilsəsində a d a m l a r bir-birinin başı üstündən dırmaşır və basırıq salaraq, yola baxırlar.

 

C a m a a t. Kim öldürüb, məlum deyil? Haçan? Hələ bu saat? Kim öldürüb? Adə, mən nə bilim, mən də sənin kimi. Dayan, indi bilərik də...

H a y k a z. Ay adamlar, bu nə basabasdır? Ölü görməmişsiniz! Yol verin, cənazəni keçirsinlər.

A d a m l a r. Ay uşaq, geri çəkilin... Meyit gəlir.

M u r a d. Ağa Haykaz, başına dönüm, ürəyim alışıb yanır. Zalımlar balamı əlimdən aldılar. Deyin görüm: mənim belimi kim sındırdı? Mənim çırağımı kim söndürdü?

P o l i s m e y s t e r (cənazənin qabağına gələrək). Yol verin!

M u r a d. Ay başınıza dönüm, mənə deyin: mənim balamı əlimdən kim aldı? Mən ki, onu hələ dünən evləndirmişdim.

H a y k a z. Ay dayı, sakit ol! Öldürən nə toya baxar, nə yasa...

M u r a d. Deyin mənə: onu kim öldürdü?

P o l i s m e y s t e r. Kim öldürdü? Tatarlar! Müsəlmanlar.

H a m ı. Nə üçün, nə üstündə?..

H a y k a z. Nə üçün olacaq? Düşməndir, öz düşmənliyini yeridir və qiyamətə kimi də yeridəcəkdir.

M u r a d. Axı, ay qardaşlar, mənim uşağımın ki, bir təqsiri yoxdur... Zəhmətnən oğul böyütmüşdüm, boya, buxuna yetirmişdim. Nə üçün mənim umudumu kəsdilər?..

P o l i s m e y s t e r. Səs salma, qoca! Mən nə bilim nə üçün. Get onu müsəlmanlardan soruş! Sizin işinizi kim bilə bilir.

A d a m l a r. Səbir elə, kişi! Nahaq qan yerdə qalmaz... Səs salmayın, Ağamyan gəlir...

 

                        A ğ a m y a n və k e ş i ş gəlirlər.

 

M u r a d. Ay qardaşlar, buraxın məni yaxına. Nə istəyirsiniz məndən? Qoyun öz oğlumun üzünü doyunca görüm.

A ğ a m y a n. Qardaşlar...

S ə s l ə r. Səs salmayın. Ağamyan danışır.

A ğ a m y a n. Qardaşlar, xristianlar, ermənilər, bu gün bizim üçün milli bir yasdır. Düşmənlər Türkiyədəki işlərdən doymayıb, burada da öz vəhşiliklərini davam etdirirlər. Bu bizim milli namusumuza toxunan qanlı bir ləkədir. Qoy düşmənlərimiz bilsinlər ki, erməni milləti hələ ölməyib. Bu gün bu cənazənin qarşısında bütün erməni milləti başını açıb, düşmənlərə bildirir ki, o öz intiqamını almadıqca, silahını yerə qoymayacaqdır. Hərgah bu yolda son nəfəsə kimi ölmək lazım gələrsə, mən Ruben Ağamyan sizin qabağınızda olacağam.

K ü t l ə. Yaşasın Ağamyan, yox olsun türklər! Yox olsun müsəlmanlar! Ölsün düşmənlər!

K e ş i ş. Ey Allah-taalanın mömin bəndələri, sizi and verirəm İsanın müqəddəs ruhuna, bizim arvadlarımızın, körpə uşaqlarımızın namusunu düşməndən qoruyun!..

B i r i s i. Qubernator gəlir!

A ğ a m y a n. Yaşasın qubernator!

K ü t l ə. Ura, ura!

Q u b e r n a t o r (gəlir). Cənab Ağamyan, bu nə faciədir? Polkovnik, bu nə işdir?

P o l i s m e y s t e r. General həzrətləri!

Q u b e r n a t o r. Səndən soruşuram: bunu kim öldürmüşdür?

P o l i s m e y s t e r. Tatarlar öldürmüşdür, general həzrətləri!

Q u b e r n a t o r. Harada və haçan?

P o l i s m e y s t e r. Bir saat bundan əvvəl, Tatarski küçəsində, dörd-beş nəfər üstünə atılıb, güllə ilə vurmuşlar.

Q u b e r n a t o r. Vuranlar tutulmuşmu?

P o l i s m e y s t e r. Tutulmamış, general həzrətləri!

Q u b e r n a t o r. Heç birisi də?

P o l i s m e y s t e r. Aradan çıxmışlar, general həzrətləri!

Q u b e r n a t o r. Polkovnik, bu gün axşama kimi onlar tutulmazsalar, sənin özünü dustağa saldıracağam. Eşidirmisən? Bu mənim əmrimdir, mən onlara göstərərəm.

 

Ağamyan gedir.

 

Polkovnik, vuran haradadır, görən olmuşdurmu?

P o l i s m e y s t e r. Buradadır, general həzrətləri. Görən olmamışdır. Mən bu gecə onu Saratova göndərirəm.

Q u b e r n a t o r. Polkovnik, siz onu başqa yerə göndəriniz.

P o l i s m e y s t e r. Haraya, general həzrətləri?

Q u b e r n a t o r. Qəbrə! Qoy bu sirri də özü ilə aparsın.

P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri!

 

                         İ ş ı q  s ö n ü r

 

 

ALTINCI ŞƏKİL

 

                     Ağamyanın otağı. A ğ a m y a n stolun dalında oturub. E y v a z girir.

 

A ğ a m y a n (Sevinclə qarşılayaraq). Aha, siz gəldiniz?! Mən çox şadam. Eyvaz, xoş gördük! Oturun! Mən sizi çoxdan görmək istəyirdim, ancaq siz, nədənsə, bizdən qaçırsınız. Oturun...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info