Qonaq Kitabı
1905-Cİ İLDƏ

 

B a x ş ı. Sona!..

S o n a (diqqətlə Baxşıya baxıb, onu tanıyaraq). Baxşı! Sənsən!.. Allaha çox şükür! Sən sağsan! Yaxına gəl, Baxşı! (Onu öpmək istəyir, birdən dayanır, düşünür). Mən səni öpmək istəyirəm. Yox, olmaz. Mən naxoşam. Baxşı, ömrümdə iki yol səni öpmək istədim, ikisində də qismət olmadı. Nə isə, eybi yoxdur, Baxşı, Allah qoysa, sağalaram, sonra... Necəsən, Baxşı? Otur! Məndən qorxmursan ki? Mən sapsarı saralmışam.

B a x ş ı. Yox, Sona! Səndə nə var ki... Naxoşsan sağalarsan. Sən heç qorxma, mən səni sağaldaram.

N a b a t. Sən gərək muştuluğumun əvəzində sabahdan sağalıb, ayağa durasan.

S o n a. Duraram, ana, yəqin duraram. Mən səni çalmağından tanıdım, Baxşı... Ancaq güman aparmadım. Bu gün ürəyim heç yerində deyildi. Hələ deyəsən bir şey gözləyirdim... Bu arvad kimdir, Baxşı? (Sükut) Bu sənin arvadındır?..

B a x ş ı. Bu qız gürcüstanlıdır, Sona. Bir dostumun bacısıdır. Bunun da qardaşı mənimlə dustaqda idi.

S o n a. Bu da sənin qızındır? Gözəl qızdır. Adı nədir?

B a x ş ı. Adı Sonadır.

S o n a. Sonadır? Sən öz qızına mənim adımı vermişsən. Mənim də oğlumun

adı Baxşıdır, kiçik Baxşı. Bunları bir yerdə böyüdərsən, Baxşı.

B a x ş ı. Mən səni tək qoymaram. Bir yerdə böyüdərik.

S o n a. Baxşı, yox, Baxşı... Məni burada qoyma. Məni də özünlə Bakıya apar. Yaxşı eləmişsən ki, evlənmişsən. Baxşı, mənim səndən son bir xahişim vardır. Bu, bütün ömrümdə üçüncü xahişimdir. O havanı bir də çal. Mən özüm oxumaq istəyirəm. Heyif ki, dura bilmirəm, yoxsa...

B a x ş ı. Sonam! Bu saat. Ancaq, sən allah belə solğun danışma.

 

                    Sona yaxşı, yaxşı, deyir. Baxşı çalır, Sona yavaşcadan oxuyur.

 

S o n a.

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.

 

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

      Birdən Sonanın bədəni süstləşir, uzanır və tərpənməz olur.

 

B a x ş ı (onun yanında dizi üstə oturaraq). Sona, Sona!..

 

     İşıq dəyişir.

 

G ə n c  S o n a. Demək, kiçik Sonaynan kiçik Baxşı bizik, böyük Baxşı da sən...

Q o c a B a x ş ı. Elədir ki, var, qızım...

Sona havanın birinci yarısını oxumuşdu, birdən süstəldi, uzandı, susdu, gözlərini yumdu və həmişəlik tərpənməz oldu... Baxşı onun üzərinə əyildi, birinci və sonuncu dəfə olaraq soyuq dodaqlarından öpdü. Sonanı Bakıya gətirdilər. Kiçik Baxşını da öz yanına götürdü. General-qubernator artıq yox idi. Lakin onların başladığı işlər davam edir və getdikcə hər iki tərəfdən genişlənirdi. Nəhayət, Oktyabr inqilabı imperator jandarmeriyasının, burjuaziya hakimiyyətinin kökünü kəsdi. Əməkçi xalqlar azad qardaş oldular. Köhnə dünya dağılmağa, yeni dünya qurulmağa başladı. Köhnə məzarlığı sökür, yerində mədəniyyət bağçası tikirdilər. Baxşı da orada idi. O, Sonanın baş sümüyünə baxır və düşünürdü. Ala gözlərinin yeri birər qara uçurum idi. Al dodaqlarından əsər belə qalmamışdı. Sonanın yalnız inci dişləri qalmışdı. Sona, sanki gülürdü, nəyə gülürdü, Sona? O, çar jandarmlarının və burjuaziya hakimiyyətinin qanlı siyasətinə gülürdü. O, incilin və Quranın həqiqətinə, o, burjuaziya milli namusunun məntiqinə gülürdü. Ver əlini, Sona, ver əlini, Baxşı! Qoy keçmişin qanlı tarixi bu köhnə məzarlıqda əbədilik gömülsün. Qoy yeni qardaşlıq dünyasının qırılmaz qolları sizin əllərinizi, iki qardaş kütlənin birləşmiş həyatı kimi, əbədilik birləşdirsin...

 

              İ ş ı q    s ö n ü r 



[i] Paris zinətiə.




 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info