Qonaq Kitabı
1905-Cİ İLDƏ

                             A l l a h v e r d i və I m a m v e r d i gəlirlər.

 

A r a m. Oho, Allahverdi dayı ilə Imamverdi dayı gəldi.

M u r a d. Çəkin onları ortaya, bir Qaytağı vursunlar.

H a m ı. Çıxın ortaya! Oynasınlar, oynasınlar.

A l l a h v e r d i. Oynamaq elə bir mənə yaraşır, bir də İmamverdiyə.

A r a m. Yaraşar, yaraşar.

H a m ı. Yaraşar, yaraşar, çalın oynasınlar, yaraşar, yaraşar.

A l l a h v e r d i. Aram, deyirlər, Bakıda məğşuşluq var?

A r a m. Eşitmişəm, ancaq yaxşı bilmirəm. Eyvazdan bir xəbər yoxdur?

A l l a h v e r d i. Heç kağız da yazmır. Bilmirəm başında yenə nə bəla var?

M u r a d. Nə oldu bəs, çəkin qocaları ortaya.

H a m ı. Çəkin qocaları ortaya, Qaytağı, Qaytağı, Qaytağı oynasınlar, oynasınlar.

A l l a h v e r d i. Bizim işlərimiz hələ zurna-balabansız da oyundur də. Bildirki tövcünün altından çıxa bilmirdik, indi də dinməver gəlib.

M u r a d. A kişi, cəhənnəmə. Kasıbın işi Allaha qalıb, hamı necə, biz də elə.

A r a m. Başlayın görək... başlayın görək.

İ m a m v e r d i. Yaxşı, hələ siz eşitməmişsiniz ki ya, dəvə oynayanda qar yağar?

 

                        Hamı gülür.

 

A r a m. Qar yağsın də... Kimi qorxudursan? Gilabı deyilik ki, islanaq. Ay uşaq, başlayın!

M u r a d. Ay uşaq çalın!

O x u y a n. Qarabağın dağlarında qar gərək olsun.

H a m ı. Qar gərək, qar gərək olsun.

O x u y a n. Bağlarında heyva olsun, nar gərək olsun.

H a m ı. Nar gərək, nar gərək olsun.

O x u y a n. Içənlərin məclisində şərab çox olsun.

H a m ı. Çox şərab, şərab çox olsun.

O x u y a n. Sevənlərin məclisində yar gərək olsun.

H a m ı. Yar gərək, yar gərək olsun, yar gərək, yar gərək olsun.

 

                Hamı ayağa qalxır, Aram, İmamverdi, Allahverdi oynayırlar. İmamverdi yıxılır.

 

İ m a m v e r d i. Əl çək, ay Aram, başım gicəldi. Usta Muğan biriki ağız desin. Ruhumuz təzələnsin.

A r a m (Sona gəlirkən). Odur ey, Sona gəlir, sallana-sallana.

H a m ı. Oho, gəldi, Sona gəldi.

M u r a d. Lap vaxtında gəlib. Usta, bir çal, Sona öz payını oynasın.

H a m ı. Oyna, Sona! Şıdırğı çal!

A r a m. Çal, kəndimizin Sonası oynasın.

M u r a d. Çal, Qarabağın Sonası oynasın.

S o n a. Mən ki, oynaya bilmirəm.

A l l a h v e r d i. Səhərdən axşamadək evi süpürə-süpürə də oynayırsan ki.

A r a m. Bilirsən, bilirsən! Usta, başla görüm. Sonra da Baxşı oynayacaq.

 

                         Sona oynamaq istəyir, bacarmır.

 

S o n a. Mən bu hava ilə oynaya bilmirəm.

A r a m. Nə hava istəyirsən, de, toxuşdursun də.

S o n a. Adı... ey... adı, belə qabaqca oxuyurlar ey, axırı da gəlir, dam, daram, daram. Baxşı, onun adı nədir? Onda qoyun elə Baxşı çalsın də, o bu havanı yaxşı bilir.

A r a m. Hə, neyləyək, daha yaxşı, halvaçı qızı daha şirin (Hamı gülür). Onsuz da usta Sumbat yorulub. Di başla, Baxşı, payını sonar oynarsan...

 

                      Baxşı çalır, bir nəfər oxuyur.

 

O x u y a n

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.

 

H a m ı

Bir bağa düşdüm

Bu gənc yaşımda.

 

O x u y a n

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

H a m ı

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

H a y k a z (hamı oynayırkən). Hatsa... hatsa... hatsa... (Oynayaraq, Sonanın belindən tutmaq istəyir. Sona dayanıb, aradan çıxmaq istəyir). Oyna...

S o n a. Mən oynamaq istəmirəm, mən yorulmuşam.

H a y k a z. Oyna, deyirəm sənə, xahiş edirəm.

S o n a. Mən yorulmuşam.

H a y k a z. Oyna, deyirəm sənə, köpək oğlunun qızı.

A r a m. Yavaş, adə ey... Nə qayırırsan? Qızın əlini sındırmışdın ki!

H a y k a z. Cəhənnəm ol! Elə vuraram, gözün partlar.

M u r a d. Canım, dava lazım deyil ki. Qızın əlini neçin sındırırsan?

H a y k a z. Mənə Haykaz Ağamyan deyərlər. Bütün Bakı mənə baxır. Sındıraram, gözünü də çıxararam. Çəkil, deyirəm sənə.

B a x ş ı. Ay canım, başına dönüm, yaxşı deyil axı...

H a y k a z. Çəkil, deyirəm sənə. Mən əfsərəm, əfsərin sözünün üstündən söz ola bilməz.

A r a m. Adə, nə havalanmışsan? Cəhənnəmə ki, əfsərsən. Əfsər olmaq üçün hələ gərək qızın əlini sındırasan?

H a y k a z. Sındıraram, gözünü də çıxararam.

A r a m. Qızın əlini burax, deyirəm sənə, köpək oğlu. Gözünü də çıxararam, bəbəyini də.

H a y k a z. Mənim gözümü, əfsər Ağamyanın gözünü? Köpək oğlanları, al! (Arama bir şillə vurur). Yaxşıdır?

İ m a m v e r d i. A balam, sənə ki, dolaşan yoxdur.

B a x ş ı. Sənin səbəbsiz kişini vurmağa ixtiyarın yoxdur.

H a y k a z. Mən əfsərəm, adamın atasını da yandıraram. Mənim hər şeyə ixtiyarım var.

A r a m. Kimin, adə... dedim daha şuluqluq olmasın, indi ki, belə oldu, al!.. Al! (Onu şillə ilə vurur).

H a y k a z. Məni... Əfsər Ağamyanı. Əfsərin təhqir ləkəsini ancaq qan yuyar (Tapança çəkmək istəyir, Baxşı onu möhkəm tutur).

B a x ş ı. Ay canım, burada bir şey yoxdur ki. Sən onu vurmuşsan, o da səni. Qurtardı getdi də. Daha burada top-tüfəng lazım deyil ki. Buraya qanın nə dəxli var...

H a y k a z. Burax, burax əlimi.

M u r a d. Canım, keflidir, bir kəndir gətirin, səriyin əl-ayağını.

H a y k a z. Mənim əl-ayağımı? Mən Bakıdan gəlmişəm. Adamın atasını yandıraram. Burax məni, köpək oğlu!

A r a m. Xox, Bakıdan gəlmişəm. Bakıdan gəlmək üçün qorxaq səndən?

 

Bu halda fit çalınır, k ö m ə k ç i ortaya yüyürür.

 

K ö m ə k ç i. Adə, kimdir o qalmaqal salan? Səriyin əl-ayağını, sürüyün onu bəri... Nə olubdur?

B a x ş ı. Canım, bir şey yoxdur. Biz hələ burada çalıb-oynayırdıq, bu oğlan gəldi cəncəl çıxartdı.

K ö m ə k ç i. Mən onun atasını yandıraram (Haykazı tanıyır). Haykaz Ağamyan! (O saat vəziyyəti dəyişir). Heyvan uşağı heyvan, korsunuz, görmürsünüz kim ilə danışırsınız?

B a x ş ı. Canım, biz heç danışmırdıq ki.

 

                         Baxşı danışdıqca, köməkçi fit çalıb, kəlməbaşı onu saxlayır.

 

H a y k a z. Məni təhqir edənin atasını yandıraram.

K ö m ə k ç i. Bu saat damlaram. Siz sakit olun. Kimdir onu təhqir edən?

H a y k a z. Biri budur (Aramı göstərir).

K ö m ə k ç i. Adə, heyvan oğlu, korsan? Düş qabağıma, düş qabağıma, düş qabağıma!

H a y k a z. Biri də odur (Baxşını göstərir).

K ö m ə k ç i. Yeri görüm, yeri görüm!

M u r a d. Canım, onlarda ki, bir təqsir yoxdur.

 

                       Köməkçi fit çalıb, sakit edir.

 

H a m ı. Ay başına dönüm, onların nə təqsiri var?

K ö m ə k ç i. Kəs... kəs... kəs... kəs... kəs...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info