Qonaq Kitabı
1905-Cİ İLDƏ

İ m a m v e r d i. Aha, necə ki, divara söykərdim, Allah qoysa bizim təqsirimiz nədir?

E y v a z. Sizin təqsiriniz? Siz haqqınızı fikirləşmirsiniz. Yüz min kəndli var, hamı yığılıb hərəsi bir balta qapsa, kəndxuda nədir ki, lap Nikolayın özünü də çıxarıb qovarlar.

İ m a m v e r d i. Ay qovdun ha. Qov görüm necə qovursan də... Nikolaya İran kimi bir padşah bata bilmədi. Yapon bata bilmədi. Kişi bütün dünyadan bac-xərac alır. Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurd-xəşil eləyim. Hələ tüfəng davası olsun. Mənə bir tüfəng verin, yüz soldatın qabağını saxlamasam, adımı dəyişdirərəm. Kişinin top-topxanası var. Elə biləsən, dəmdəm halvasıdır ki, qovaq, qov də...

E y v a z. Qovarıq də. Sən dur, biz qovaq, sən də tamaşa elə.

A l l a h v e r d i. Ay kişi, bunlarda fərasət hanı! Odur, Ağamyanın oğlu, Bakıdan gəzməyə gəlib. Sumbatına baxırsan, vücudu üç qəpiyə dəyməz, amma baxırsan, naçalnik qabağında sluşi dayanır. Əynində əfsər paltarı, düymələri qızıl kimi par-par parıldayır.

İ m a m v e r d i. Şaşkası da batmanqılıncın şaşkası kimi yernən sürünür. İndi sən gəl bizimkilərə bax. Biri elə odur mənimki: nə cütə varandır, nə odun yaran. Sən dedin. Eyvaz dedi, ölüm-zülüm oxudu, axırı nə oldu: nə coraba yamaqdır, nə tumana balaq. Heç it dəftərində də adı yoxdur. Bari gedib mirzədən-zaddan olsa idi, dərd yarı idi.

G ü l s ü m. Kişi, nə vurmuşsan özünü yerə. Dur bir az odun yar, təndir salacağam.

İ m a m v e r d i. Arvad, heç o boyda zarafat yoxdur. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, boynuma kəndir də salsalar, əlimi ağdan qaraya vuran deyiləm. Səhərdən qapıları ayaqdan salmışam. Nabat bacı, sənin axı hərdənbir yaxşı çayın olur.

G ü l s ü m. A kişi, dur ayağa odun yar, Eyvaz yola düşür. Təndir salacağam.

A l l a h v e r d i. Gülsün bacı, gedək mən yarım, bu tənbəl oğlu tənbəl, ayağa duran deyil.

İ m a m v e r d i. Eyvaz indi gedir? Bəs sən dedin Eyvaz üçün cücə kəsəcəyəm?

G ü l s ü m. Sən bir ayağa dur, kəsmişəm. Nabat bacı, uşağı evimizdə yatırmışam, dursa, sən allah, bir az süd verərsən. Hə, düş qabağıma!

İ m a m v e r d i. Canım, Allahverdi gedir də.

A l l a h v e r d i. Gülsün bacı, balta hanı, mən gedim yarım.

G ü l s ü n. Baltamız Haykanuşgildədir. Bu saat gətirərəm.

S o n a (Baxşı ilə gəlir). Mən sənə deyirəm heç bir təfavütü yoxdur. Nə təfavütü var?

B a x ş ı. Ağız, belə, erməni papağı bir az şiş olur, azərbaycanlı papağı bir az yastı.

S o n a. Heç elə şey yoxdur!

N a b a t. Sona, boğazın tutulsun, səhərdən hansı cəhənnəmdəsən, qardaşın yola düşür, evdə tapılmırsan, yeri, bir az çay qoy; İmamverdi dayı çay istəyir.

S o n a (Baxşıya). Yaxşı də, bu atamın papağı, bu da sənin atanın papağı, bax gör təfavütü var?

E y v a z. Yenə nə var, ay qız, dilotu yemişsən?

S o n a. Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik. Bir göbələk tapmışıq. Hanı, nə oldu o? Budur, Baxşı deyir: bu erməni papağına oxşayır. Bax, budur, bu atamın papağı, bu da İmamverdi dayının papağı, bax gör nə təfavütü var?! Bu onun saqqalı, bu da bunun saqqalı, bu onun üzü, bu da bunun üzü. Doğrudan mən heç fikir verməmişdim, atam ilə İmamverdi dayı necə də bir-birinə oxşayırlar! Hə...hə... (Hər ikisini öpür).

B a x ş ı. Yaxşı, atam, mən təslim də.

E y v a z. Bəs mən?

S o n a. Bu da sən (anasını və Gülsün bacını öpərək), bu da sən, bu da sən, bu da... (Baxşıya tərəf gedib öpmək istəyir, yarıda dayanır).

E y v a z. Hə, nə oldu, qorxdun? Öp də, hə, görünür, onu bizim hamımızdan çox istəyirsən?

S o n a. Hə, bu saat mən sizin üçün çay qoyum.

İ m a m v e r d i. Ağız, vələdəlcümcüm, o nədir tolazlamışsan selbəni, gedib dəyib Haykanuşun danasının gözünə? O da gəlmişdi Allahverdi kişinin üstünə davaya. İtdən ötürdüm getdi.

S o n a. Canı çıxsın buraxmasın danasını evimizin yanına. Baxşı üçün qərənfil şitili əkmişəm, gəlib hamısını yeyib.

A l l a h v e r d i. Daha neynək, kəndxuda arvadıdır. Deyir: xandan gələn nökərəm, dinmə, dişlərini tökərəm.

S o n a. Cəhənnəmə ki, kəndxudadır, buraxmasın danasını.

G ü l s ü n. A kişi, sənə demirəm düş qabağıma.

İ m a m v e r d i. Sür görək. Deyir: iş ki, düşdü arvada, ölən günün sal yada.

A l l a h v e r d i. Naqqallıq eləmə, yeri görüm!

 

                         Allahverdi, İmamverdi, Gülsüm gedirlər.

 

E y v a z. Hə, Baxşı, mən daha getdim.

B a x ş ı. Eyvaz, bəs sən nə tez gedirsən?

E y v a z. Baxşı, qulaq as, məni burada axtarırlar, getməsəm, tutacaqlar. Gətirdiyim kağızların bir neçəsi tutulmuşdur.

B a x ş ı. Nədən bilirsən?

E y v a z. Mən doğru yerdən bilmişəm. İndi nə deyirsən, mən səni öz dəstəmizə yazdırım, ya yox?

B a x ş ı. Yox, Eyvaz, bu çox böyük məsələdir. Mən hələ bir qərara gələ bilmirəm.

E y v a z. Yaxşı, bəs bu soyulan, susuz, torpaqsız qalan kəndlilər, bəs heyvan kimi işləyib ac qalan, əzilən işçilər, mən hələ işsizləri demirəm, bunlar səni düşündürmür? Vuruşmaq lazımdır.

B a x ş ı. Yox, yox, mən qan sevmirəm. O doğrudur ki, kəndlilər soyulur, o doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq onun üçün bir həyat idealı olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdır, varlılar daha yaxşı dolanırlar, lakin qan, insan qanı... Mən dünyada adına insan qanı tökülə biləcək bir ideal tanımıram.

S o n a (gəlir). Çay hazırdır.

E y v a z. Ay sağ ol, bacım! Baxşı, mən öz bacımı sənə tapşırıram. Başıma bir şey gəlsə, sən ona kömək ol. Sona, Baxşıya yaxşı bax, düz oğlandır, sən ondan ayrılma.

B a x ş ı. Mən Sonanı səndən az istəmirəm.

A r a m (qaçaraq gəlir). Adə, adə, Eyvaz, qaç, gəldilər.

B a x ş ı. Kim?

A r a m. Eh, mən nə bilim kim. Deyir: evi axtaracaqlar.

E y v a z. Baxşı, sən bunları gizlət! (Cibindən bir dəstə kağız çıxarıb Baxşıya verir).

 

                             Yuxarıda işıq sönür, aşağı tərəf yavaş-yavaş işıqlanır.

 

Q o c a B a x ş ı. Onlar qonşu idilər. Iki külfət: biri türk idi, biri erməni, lakin onların yaşayışı bir idi, işləri bir, görüşləri bir, dərdləri bir, sevincləri bir, diləkləri bir, əməkləri bir idi. Uşaqları bir evdə böyüyür, malları bir yerdə otlayırdı, toyuqları bir hində yumurtlayırdı...

 

P ə r d ə

 

 

İKİNCİ ŞƏKİL

 

Bakıda general qubernatorun kabineti.

 

Q u b e r n a t o r (sinirli). Bu necə olur ki, altı mədən birdən zabastovkaya başlayır, qabaqcadan sizin xəbəriniz olmayıb, cənab qradonaçalnik?

Q r a d o n a ç a l n i k. Lakin onların tələbləri ancaq iqtisadidir, general həzrətləri!

Q u b e r n a t o r. Sizin düşüncəniz çox səthidir, general. Siyasət də qarın davasıdır. Bu tələblər bir pərdədir. Onlar Rusiyanın taxttacına qarşı ixtilal törətmək istəyirlər.

Q r a d o n a ç a l n i k. Onlar buna cəsarət etməzlər.

Q u b e r n a t o r. Əlbəttə, siz buyursanız, etməzlər. Rusiyanın bütün şəhərlərindəki ixtilalar sizin üçün kafi sübut deyildir. Ölkə yeni müharibədən çıxmış, ordu pozulmuşdur. Bütün mədənlər işi atıb ixtilala qoşulsalar, qabaqlarını kim saxlaya bilər. Bu saat bütün polis səfərbərliyə alınmalı, yığıncaqlar dağılmalı və zabastovkaçılardan bir nəfərinin ayağı yerdə qalan mədənlərə toxuna bilməməlidir (telefon zəng vurur). Allo, kimdir? Polismeyster? Eşidirəm. Hə, Şibayev mədənlərinə tərəf axışmaq istəyirlər? Bu saat axın saxlanmalıdır! Necə? Qırmızı bayraq? (Qradonaçalnikə) Eşidirmisiniz, cənab general, artıq mən sizi saxlamıram, buyura bilərsiniz!

Q r a d o n a ç a l n i k. Mən, general həzrətləri, hərəkətin bu qədər də genişlənəcəyini gözləmirdim.

Q u b e r n a t o r. Çox təəssüf, çox təəssüf, general! (Telefon zəng vurur). Allo! Necə, şibayevçilər də onlara qoşuldular? Siz birbaş mənimlə danışın. Pulemyotları düzün, Nobeli bərk qoruyun. Mən bu saat qarnizonla danışaram. Necə? Nobel də işi atmışdır? Tfu... Köpək oğlanları! Gedin, general, əmrimi gözləyin!

P o l i s m e y s t e r. General həzrətləri!

Q u b e r n a t o r. General, mən sizi saxlamıram (Qradonaçalnik gedir, telefon zəng vurur). Allo! Silahlıdırlar? Dəstənin başında kim durur? Eyvaz Əsriyan? Bu saat həbs etmək mümkün deyil? Bu saat size gözləyirəm, polkovnik (Telefonu çırpır və maşinistkaya müraciət edir). Harasını oxuya bilmirsiniz?.. “Həzrətlərinin diqqətinə ərz edirəm ki, burada qorxu iki cəbhədəndir: biri işçilərin inqilab təşkilatları, biri də yuxarıda göstərdiyim kimi yerli burjuaziyanın və millətçi ziyalıların muxtariyyət hərəkatı. Bu hərəkatın hər ikisi əlahəzrət imperatorun hakimiyyətinə qarşıdır. Bu nöqtə müvəqqəti də olsa, hər iki qüvvəti birləşdirir. Ordu pozğundur. Vəziyyətdən çıxacaq bircə yol, yerli tatarlarla erməniləri milli vuruşmaya atmaq və beləliklə inqilabi hərəkatı ikinci plana çəkməkdir. Burada ermənilər ən ixtilalçı millətdirlər. Bunlar aradan çıxarsa, o birilərin də qüvvəti sarsılmış olur. Türk və erməni burjuaziyası arasında vuruşdurucu nöqtələr vardır”.

P o l i s m e y s t e r (həyəcanla içəri atılır). General həzrətləri!

Q u b e r n a t o r. Polkovnik, haçandan bəri bildirməmiş içəri girməyə öyrəşmişsiniz?

P o l i s m e y s t e r. Bağışlayın, general həzrətləri! Lakin...

 

            Polismeyster qubernatora işarə edir ki, maşında yazan qadının yanında danışmaq olmaz.

 

Q u b e r n a t o r (maşinistkaya). Siz gedə bilərsiniz.

P o l i s m e y s t e r. General həzrətləri, ixtilalçılar qırmızı bayraqlarla irəli axışır və bütün mədənləri ələ almağa çalışırlar.

Q u b e r n a t o r. Dedim ki, qabaqları saxlanmalıdır.

P o l i s m e y s t e r. Mümkün deyil, general həzrətləri, onlar silahlıdırlar.

Q u b e r n a t o r. Silahlıdırlar?

P o l i s m e y s t e r. Müqavimət göstərirlər, general həzrətləri. Bütün izdiham: “Yox olsun Romanovlar!” – deyə bağırır.

Q u b e r n a t o r. Yox olsun Romanovlar? (Telefonu alır). Qarnizon!

P o l i s m e y s t e r. General həzrətləri, aldığımız xəbərlərə görə qarnizon da bir o qədər etibarlı deyildir. Mən vaxtında general Davidova bildirmişəm.

Q u b e r n a t o r. Qarnizon? Allo, kimdir? Polismeyster buradadır. Yandırdılar, kim? Mantaşovun ikinci mədənini, kim? Kim, deyirəm sizə? İşçilər?.. Hansını? Ay zəhrimara qalasan... Polkovnik, bütün qüvvətinizi mədənlərə! Bu saat, bu saat kazakları göndərmək lazımdır (Polkovnik getmək istəyir). Polkovnik, patronu əsirgəməyin (Səhnə ardından işçi nümayəndələrinin keçdiyi görünür). Bu nədir?

İ ş ç i l ə r. Yox olsun Romanovlar! Yaşasın azadlıq!

Q u b e r n a t o r. Polkovnik, bu nədir?

P o l i s m e y s t e r. Qiyamdır, general həzrətləri!

Q u b e r n a t o r. Bu, qiyam deyil, bu, inqilabdır.

 

                   İşıq sönür

 

ÜÇÜNCÜ ŞƏKIL

 

                   Qarabağda Baxşıgilin kəndi. Toy. Türklər və ermənilər bir yerdə çalıb-oynayırlar...

 

O x u y a n.

 

Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Yarı xəlvət görmədim,

Danışmadım doyunca.

 

H a m ı.

Ay kəmərim, kəmərim,

Ay kəmərim, kəmərim!

 

O x u y a n.

Araz üstə, buz üstə,

Kabab yanar köz üstə.

Qoy məni öldürsünlər

Bir alagöz qız üstə.

 

H a m ı.

Ay kəmərim, kəmərim,

Ay kəmərim, kəmərim!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info