Qonaq Kitabı
1905-Cİ İLDƏ

S o n a. Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram.

B a x ş ı. Getmə, Sona!

S o n a. Atam, anam gedirlər. Sən burada mənsiz tar çalacaqsan, özgələri eşidəcək, mən yox.

B a x ş ı. Mən sənsiz tar çalmaram, Sona.

S o n a. Baxşı, daha sağ ol.

B a x ş ı. Sağ ol, Sona!

 

                     Sona bir-iki addım gedir və dönür.

 

S o n a. Baxşı, onda mən sənin tarını özümlə apararam.

B a x ş ı. Yaxşı, Sona, apar (Tarı Sonaya verir).

S o n a. Sonra sən yenə ayrısını alarsan.

B a x ş ı. Mən daha sənsiz tar çalmaram.

S o n a. Mən sənsiz ağlayacağam.

B a x ş ı. Mən sənin ardınca gələrəm.

S o n a. Gələrsən? Mən səni hər gün gözləyəcəyəm.

B a x ş ı. Mən tez gələrəm.

S o n a. Yaxşı, tez gəl. Mən özümü sənin gəlinin hesab edəcəyəm...

A l l a h v e r d i. Ay qız, Sona, haradasan? Gəl, balam, araba yola düşdü. Səhərdən gərək vağzalda olaq. Bu Imamverdi kişi hanı? Ay Imamverdi, ay İmamverdi!

N a b a t. Ay Gülsün bacı!

G ü l s ü m. Gəldim, ay Nabat bacı! Qız üçün bir az xırda-mırda hazırlayırdım. Yolda yeyər.

N a b a t. Sağ ol, Gülsün bacı!

G ü l s ü m. Sağ ol, Allah amanında.

N a b a t. Sən allah, Gülsün bacı, gözün o toyuq-cücədə olsun, anam tək bacarmaz. Hərdənbir o dügəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar, heç kəsin də xəbəri olmaz.

G ü l s ü m. Arxayın ol, Nabat bacı. Bu adam ölməyib ki. Mən özüm hamısını farağat edərəm.

N a b a t. Baxşı, gəl oğlum, səni də öpüm. Sona sənsiz lap dəli olacaq (Baxşını öpür).

A l l a h v e r d i. Adə, bu İmamverdi qurumsaq nə oldu?

İ m a m v e r d i. Gəlirəm, adə, gəlirəm, bağrın çatlamasın. Ananın qarnında necə davam eləmişsən?

A l l a h v e r d i. Hansı cəhənnəmə itib getmişdin?

İ m a m v e r d i. Madyanı çüllayırdım. Qızı o düzəcən özüm aparacağam, yoxsa sənin o cır-cır araban onun qol-qabırğasını qırar, tökər.

N a b a t. Bəxtəvər qızın başına!

İ m a m v e r d i. Bəs necə! Onu mən özüm böyütmüşəm. Şeytan məndə cücə qoymayıb. Bura bax, Allahverdi, sən allah, Bakıda Aramı gördün, deyinən ananın bir dənə də buğdası yoxdur, yazıq arvad qalıb darda: Hə, Sona, gəl, qızım, min tərkimə (Sonanı öpür, Sona da onu öpür. İmamverdi Allahverdiyə) Səninlə də olda öpüşərik. Sən çıx, mən bu saat kəhər madyanı çəkim.

A l l a h v e r d i. Qız, o tarı haraya aparırsan?

S o n a. Onu, onu şəhərdə ustaya verəcəyəm. Baxşı gələndə aparacaq.

A l l a h v e r d i. Yaxşı, ver yumşaq yerə qoyum ki, sınmasın.

S o n a. Eybi yoxdur, əlimdə tutaram.

H a m ı. Sağ olun, sağ olun!

G ü l s ü m. Xoş gəldiniz!

S o n a. Baxşı, mən səni hər gecə gözləyəcəyəm.

B a x ş ı. Gələrəm, Sona, gələrəm.

 

                 İ ş ı q  s ö n ü r

 

 

DOQQUZUNCU ŞƏKİL

 

                Məscid həyətində cənazə yerə qoyulmuş, a x u n d dua oxuyur.

 

A x u n d. Xudaya, xudavənda, səni and verirəm öz əzəmətü cəlalına, sən bu şəhid mərhumu qəriqi-rəhmət eyləgilən. Xudaya, xudavənda, sən dini islama rövnəq ver və onun tərəqqisinə çalışan üləmayi əzəmi, sərvətdar, hümmətdarı və bütün əhli islamı min bir bəladan hifz elə. İlahi, təqəbbəl biduana, lütfikə və rəhmətikə imperatur, mərhum Nikolay Aleksandr salis və təhəffüzna imperator əzam Nikolay sani və zövcəhu imperatiriçə Mariya Fiyodorovna və bintəhu Tatyana və ibnəhu Aleksey Nikalayeviç...

A ğ a y a r. Gomurnat gəlir.

S a l a m o v. Axund ağa, gomurnat gəlir, gomurnatı da de!

A x u n d . Və Rəsuli-gomurnati-əzam...

S a l a m o v. Toxum-Yerisuiç...

A x u n d. Əl Toxum-Yerisuiç...

S a l a m o v. Axund ağa, arvadını da de, əhvallı arvaddır.

A x u n d. Və zövcəhu...

S a l a m o v. Mariya Tumannifeynən...

A x u n d. Əlmariya Filtumannifeynən və əsabəti və təqəbbəl biduana və əliyyən və vəsiyyən və vəliyyən və səlləlləhu cəmiəl-ənbiyavəl övlüya vəlmürsəlin və bəhəqqi hürməti surətil-mübarəkətil-fatihə! (Adamlar ağızlarında dua oxuyurlar).

Q u b e r n a t o r. Cənab Salamov, bu nə faciədir? Polkovnik!

P o l i s m e y s t e r. Qulaq asıram, general həzrətləri!

Q u b e r n a t o r. Bu saat söylə, bu nə işdir?

P o l i s m e y s t e r. Öldürmüşlər, general həzrətləri.

Q u b e r n a t o r. Kim, haçan, harada?

P o l i s m e y s t e r. Ermənilər Armyanski küçəsində.

Q u b e r n a t o r. Öldürən tutulmuşdurmu?

P o l i s m e y s t e r. Bir neçə nəfərmiş. Biri tutulmuşdur, general həzrətləri.

Q u b e r n a t o r. Adı nədir?

P o l i s m e y s t e r. Eyvaz Əsriyan. Deyir: öz millətdaşlarımın qanına qarşı intiqam almışam.

Q u b e r n a t o r. Görərik... həzərat, mən əlahəzrət imperator hökuməti adından sizin bu günkü milli faciənizdə ürəkdən iştirak edirəm. Əlimdə olan bütün vasitələrlə müsəlmanların xain qatillərdən qorunmasına çalışıb, Türkiyədəki işlərin qisasının burada alınmasına yol verməyəcəyəm. Əlahəzrət imperator hökuməti müsəlmanların özlərini müdafiə etmələrinə var qüvvəsi ilə kömək edəcəkdir.

S a l a m o v. Yaşasın padşah! Yaşasın gomurnat! Vurrey... Ay camaat, nə ağzuvuzu yummuşsunuz! Qışqırın də... dilivuz yoxdur? Urra...

K ü t l ə. Urra... Urra...

B a h a d ı r b ə y. Həzərat, biz Qafqaz müsəlmanları, bizim milli faciəmizdə izhari-təəssüf edən qubernator həzrətlərinə izhari-təşəkkür ediriz. Biz müsəlmanlar bu vaxta qədər əlahəzrət imperatora sədaqətlə təbəəlik etmişiz.

K ü t l ə. Yaşasın padşah, urra!..

B a h a d ı r b ə y. Bu günkü gündə erməni millətinin bizə qarşı bu kimi təcavüzü, bizim milli namusumuza toxunur. Bu gün biz müsəlmanlar, özü  üquqimilliyyəmizə riayət edilməsini tələb etməyə özümüzü haqlı biliriz.

S a l a m o v. Yenə başladı, zalım oğlu, bu zəhrimar milliyyəni... Bahadırbəy, kişinin milliyyədən xoşu gəlmir, sən ermənilərdən danış.

B a h a d ı r b ə y. Biz müsəlmanlar, əlbəttə, öz tərəqqi və təaliyimilliyyəmiz üçün muxtariyyəti-milliyyə istidasına özümüzü layiq və müstəhət görürüz. Qatillərə cəza verilməzsə, biz özümüz öz hüquqimilliyyəmizi və namusimilliyyəmizi müdafiə etməyə hazırız...

S a l a m o v. Bircə dayan, dayan, dayan, daha bəsdir. Müsəlman qardaşlar, bu gün ermənilər bizə bu heyfi vurublar. O Eyvaz Əsriyan aləmin bic vələdüzzinasıdır, anasının əmcəyini kəsəndir. Əvvəl istəyirdi mədənlərə şuluq salsın, oradan əli çıxdı, belə elədi. Düşməndir, öz düşmənliyini eləyir. Heç eybi yoxdur, bizim də əgər qiryətimiz olar, biz də öz zadımızı... göstərərik... O nədir, adə öz milliyyəmizi göstərərik. Biz qoymarıq ki, ermənilər bizim arvaduşaqlarımızı əsir-yesir eləsinlər. Müsəlman qardaşlar, hər kəsin qeyrəti var, getsin din yolunda ölümə. Bu gün bu heyif mənə dəyibdir. Mən Əmiraslan Salamov sizə söz verirəm ki, bu qanı yerdə qoymayacağam və biz müsəlmanlar hamımız, canlabaşla padşaha qulluq etməyə hazırıq. Ancaq heç eybi yoxdur, qoy ermənilər öz bildiklərini eləsinlər, biz də öz bildiyimizi. Ya bizə verən Allah, ya onlara... yox olsun ermənilər... yox olsun düşmənlər!..

B a x ş ı. Qardaşlar, mən də bir neçə kəlmə danışmaq istəyirəm. Mən özüm qarabağlıyam və Qarabağdan təzə gəlmişəm.

S a l a m o v. Buyur, buyur. Bir az möhkəm danış, bir az möhkəm danış! Yaşasın qarabağlı qardaşlarımız!

K ü t l ə. Urra... urra!..

B a x ş ı. Qardaşlar, mən səhərdən burada danışanlara qulaq asırdım. Mən bu vaxta qədər siyasətə qarışmamışam.

S a l a m o v. İnşallah bundan sonra qarışarsan, qeyrətin olsa, qarışarsan.

B a x ş ı. Mənə, ancaq, elə gəlir ki, bu işdə bir qədər ehtiyatlı olmaq lazımdır, çünki bu, iki qardaş xalqın həyatına qanlı bir tarix, qara bir uçurum aça bilər. Mən görürəm ki, burada qanlar coşub, beyinlər qızıbdır, ancaq ehtiyatla yoxlamaq lazımdır, burada bir səhv olmasın.

S a l a m o v. Daha kor-kor, gör-gördür də. Qabağında yekə bir zurna tir çəkib uzanıbdır, görmürsən, bu boyda da səhv olmaz ki.

B a x ş ı. Məni bağışlayın, qardaşlar, mən düşündüyümü deyirəm. Diqqətlə yoxlamaq lazımdır: bunu doğrudan da ermənilər edibmi, burada başqa bir əl gəzməmişmi?

S a l a m o v. Adə, düş aşağı! Sən də bilmirəm nə hətərən-pətərən atırsan. Biz deyirik fədəm-dəmə, sən deyirsən damdan-dama. Kişini tutub salıblar qoduqluğa, sən gəlmişsən ki, yoxlamaq lazımdır.

B a x ş ı. Bağışlayın, qardaşlar, mən onu deyirəm ki, bunu bir nəfər erməni etmiş olsa belə, bunun üçün bütün erməni kəndliləri, erməni işçiləri, bütün erməni xalqı məsul tutula bilməz. Ermənilərdə də yaxşı-yaman yox deyildir.

S a l a m o v. Adə, erməni ermənidir də, dahı bunun nə yaxşısı, nə yamanı? Hing-hing dasni hing də.

B a x ş ı. Qardaşlar, mən deyirəm bu bir nəfərin işi olsa belə, hər halda erməni kütləsinin bu işdən xəbəri yoxdur və bu işə razı olmaz. Bu, çox güman ki, provokasiyadır.

S a l a m o v. Bura bax ey, nə boş-boş danışırsan! Proboğaz nədir? Ölü qabağında, vuran da qoduqluqda, özü də ermənilərin sərkərdəsi Eyvaz Əsriyan, Ruben Ağamyanın qayını. Dahı bu vəzzariyyatı kimə oxuyursan? Düş aşağı, düş danışma!

B a x ş ı. Ağamyanın qayını?

S a l a m o v. Bəli, bəli, qayını. Bir sözü bilmirsən, danışma, düş aşağı!

K ü t l ə. Düş aşağı, düş aşağı, düş aşağı...

B a x ş ı. Qulaq asın, qardaşlar, mən Eyvaz Əsriyanı tanıyıram, onunla bir yerdə böyümüşəm, o belə milli ədavətə uyan adam deyildir.

S a l a m o v. Aha, elmi-şüma məlum şüd. Çərən-pərən danışma, qurumsaq, düş aşağı! Sən şipyonsan, sən Ağamovun pulu ilə danışırsan, aşağı düş!

K ü t l ə. Şipyondur, şipyondur, vurun köpəy oğlunu.

B a x ş ı. Qardaşlar, qulaq asın...

K ü t l ə. Istəməz, aşağı düş... Şipyondur, vurun köpəy oğlunu! (Baxşını dartıb vuraraq, aşağı salırlar).

S a l a m o v. Ay camaat, dahı çək-çövür lazım döyül, bu dava millət davasıdır. Kimdə millət qanı var, götürsün tüfəngini, çıxsın ortaya: ya onlara verən Allah, ya bizə. Mən bu yolda öz malımdan, canımdan keçməyə hazıram. Adə, o qarabağlı gedəsi hardadır? Şipyondur, vurun köpəy oğlunu!

K ü t l ə. Adə, qoymayın qaçsın, vurun köpəy oğlunu!

 

                          İ ş ı q  d ə y i ş i r.

 

Q o c a B a x ş ı. Artıq Baxşının dediyi uçurum açılmışdı və getdikcə də dərinləşirdi. Hər gün gah bu tində, gah o tində toqquşmalar və atışmalar olurdu. Hər iki tərəfdən adamlar ölürdü. Şəhər iki düşmən tərəfə bölünmüşdü. Nə azərbaycanlılar, nə də ermənilər bir-birinin tərəfinə qorxusuz keçə bilmirdilər.

G ə n c S o n a. Ata, bu hansı şəhərdə idi?

Q o c a B a x ş ı. Bakıda.

G ə n c S o n a. Bəs Baxşı hardan çıxdı? O ki, Qarabağda qalmışdı?

Q o c a B a x ş ı. Baxşı, qızım, gəlmişdi. O, Sonaya söz verdi və gəldi. Sona onu gözləyirdi. Hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin batan tellərini ilıq göz yaşları ilə isladırdı. Nəhayət, Baxşı gəldi. Axtardı, evlərini tapdı. Sona evdə yoxdu. Allahverdi dayı ilə görüşdü. Nabat bacı onu qucaqladı. Öpdü. Gülsün bacını, danabuzovu və toyuq-cücəni soruşdu... Gedərkən Allahverdi kişi çox həlim dil ilə ona anlatdı ki, törənmiş bu vəziyyət içərisində onun Sona ilə görüşməsi bir o qədər yerli düşməz, – kim bilir nə deyərlər, nə olar. Mümkünsə, bir qədər onlara gəlməkdən çəkinsin. Bunu Baxşı özü də düşünürdü. Uzun günü küçələri dolaşaraq düşünür və bir çox şeyləri bilmədiyindən törənmiş vəziyyəti qavraya bilmirdi. Nəhayət, qazamatda Eyvaz ilə görüşdü. Eyvaz ona bir çox göstərişlər verdi və onun göstərişləri ilə internasional inqilab hərəkatına qoşuldu. Baxşı, bunun vicdani bir vəzifə olduğunu artıq kəsdirmişdi və var qüvvəsi ilə işləyirdi.

G ə n c S o n a. Bəs Sona?..

Q o c a B a x ş ı. Sonanı verdilər, qızım. Bibilər, xalalar, keşişlər, yengələr yığışdılar, çarə yox idi. Sonanın gücü göz yaşlarına çatırdı. Ağladı, ağladı və sonunda and içdi ki, qardaşımı buraxmasalar, kilsədə qardaşım yanımda olmasa, gəlinlik örpəyi örtmərəm. Ona söz verdilər...

 

 

ONUNCU ŞƏKİL

 

                  Erməni kilsəsi. E y v a z və p o l i s m e y s t e r gəlirlər.

 

E y v a z. Biz buraya nə üçün gəldik? Mən beş ildir kilsəyə ayaq basmamışam.

P o l i s m e y s t e r. Bu gün sizin bacınızın toyudur. Generalqubernatorun əmri ilə mən səni şəxsən Ağamyana təqdim etməliyəm. O, sənin üçün zamin olur, yoxsa heç bir qüvvət sənin boynunu kəndirdən qurtara bilməzdi.

E y v a z. Kəndirdən? Axı nə üçün, səbəbi nədir?

P o l i s m e y s t e r. General-qubernator və polis idarəsi sizi müsəlmanlara qarşı təcavüzdə və millətlər arasında ədavət salmaqda təqsirləndirir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info