Qonaq Kitabı
1905-Cİ İLDƏ

 

P ə r d ə

 

DÖRDÜNCÜ ŞƏKIL

 

Qubernatorun evində. P o l i s m e y s t e r və Q u b e r n a t o r oturublar.

 

 

P o l i s m e y s t e r. Bu saat bütün divarlara kağız yapışdırmışlar, bütün işçilər birgə çıxışa və qazamatı dağıdıb, yoldaşlarını qurtarmağa çalışırdılar.

Q u b e r n a t o r. Polkovnik, bu saat hərəkatı idarə edən kimdir?

P o l i s m e y s t e r. Bəlli deyildir, general həzrətləri. Danışanlar Eyvaz Əsriyan, Volodin, Çopur Məmməddir.

Q u b e r n a t o r. İnternasyonal! Hi-hi... Dağıtmaq lazımdır.

P o l i s m e y s t e r. Adamlarımız onların arasında işləyirlər, ancaq onlar çox ehtiyatlıdırlar.

Q u b e r n a t o r. Polkovnik, böyük bir hadisə hazırlanır və ona qəti hərəkətlə cavab verilməlidir. Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır. Hər şeyin ağası qandır. Insan qan yığdıqca coşar, qan verdikcə susar. Əmrimə qulaq asın, gəlin ardımca, polkovnik.

 

Yan otağa gedirlər. S a l a m o v, B a h a d ı r b ə y və A ğ a y a r əlində bir dəstə gül içəri girirlər. Qulluqçu, gülləri almaq istəyir.

 

S a l a m o v. Dayan, dayan, dəymə, basırığa düşər, bilməzlər kimdəndir. Ala, hələlik bu göy əsginası verim dəmüvə, çıxanda yenə verərəm. A gedə, Ağayar, qoy onu buraya! Yavaş, öküz oğlu, öküz əzdin ki. Gör gülləri nə günə saldı! Hə, di yeri get, uşaqlar da tində gözləsinlər... Adə, dahı bir yerdə kutlaşmasınlar, bir-iki, iki-ki dayansınlar. Bahadırbəy, gedək içəri!

B a h a d ı r b ə y. Dayanınız, dayanınız, kəbləyi, bildirişsiz getmək olmaz, qız getdi xəbər versin, şimdicə ev yiyəsi özü gəlib bizi burada qarşılar.

S a l a m o v. Ay kişi, eybi yoxdur, öz itimizdir.

B a h a d ı r b ə y. Ancaq, kəbləyi, sizin tutduğunuz pozision bizim siyasətimizi xələldar edə bilər, çünki bizim pozisionumuz müvəqqəti də olsa, inqilab hərəkatından istifadə ilə öz muxtariyyət məsələmizi irəli sürməkdir.

S a l a m o v. Adə, ay Bahadırbəy, nə üçün başa düşmürsən? Belə ağzını piyləmişəm ey, başa düşürsən, yox? Vay atonla sənin! Raboçi nədir, zad nədir, bunlar hamısı badalaqdır. Belə, işin içində iş var, belə, əsil iş mədənlərdir ey.

B a h a d ı r b ə y. Nə olursa olsun, şimdiki halda hərəkati-inqilabiyyəyə müqavimət göstərmək siyasəti-milliyyəmizin mənafeyinə deyildir. Bu bizim pozisionumuzu paralizə edə bilir. Bu gün islam millətinin tərəqqi və təalisi...

S a l a m o v. Atova lənət müşküllü Məmməd, ayının zorbasını burda qoyub, dağları ayı üçün gəzir. Adə, belə mənə Gömürnat xəlvətdə pıçıldayıb ey. Daha ağzından çıxarma... belə iş ayrı cürdür, sən bilmirsən ey...

M a r i y a T i m o f e y e v n a (gəlir). Aha, Əmiraslanbəy, mən sizi çoxdan gözləyirdim. Mən sizi bu qədər sevirəm, düşünürdüm ki, doğulduğum gündə birinci siz gələrsiniz.

S a l a m o v (bir dəstə gül verir). Mariya Tumannifeynən, bu nə xəcalətdir sən bizə verirsən? Adə, Bahadırbəy, sən yaxşı danışırsan, gurullad beş-altı kəlmə...

B a h a d ı r b ə y. Möhtərəm... qrafinya həzrətləri!

S a l a m o v. Adə, qrafinkə nədir? Bahadırbəy, adını de. Adını deyəndə, xoşu gəlir.

B a h a d ı r b ə y. Adını unutmuşam.

S a l a m o v. Mariya Tumannifeynən.

B a h a d ı r b ə y. Mariya... möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Küt oğlu küt, yenə başladı qrafinkə həzrətləri. Yox, bir abgərdən həzrətləri!

B a h a d ı r b ə y. Xanım əfəndi, sizin bu günkü yovmailiniz biz müsəlmanlar üçün böyük bir səadətdir. Bizim iqbal və səadəti-milliyyətimiz...

S a l a m o v. Buyur ağa, indi də zolladı milliyyəni ortaya. Adə, sən yenə o milliyyəni toxuşdurma ortalığa ey, sən güllərdən danış ey, deginən Əmiraslanbəy Mərdəkandan gətirdib.

B a h a d ı r b ə y. Biz səadət və asayişi-milliyyəmiz üçün...

S a l a m o v. Genə zolladı milliyyəni. Adə, bir belə dayan! Xanım, bu güllər bu saat Mərdəkandan gətirilmişdir, elə bu saat dərilmişdir. Hara qoyaq bu zəhrimarları, it qızının gücü də çatmayacaq?

B a h a d ı r b ə y. Veriniz, mən masa üzərinə buraxayım.

S a l a m o v. Burax görək də. Bu da bir cüt sırğadır. Bahadırbəy, sən yaxşı danışırsan, keç gurullad bir-iki kəlmə. De ki, elə dünən Nijnidən gəlib.

B a h a d ı r b ə y. Möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Başuva dönüm, qrafinkə cəhənnəmə, genə o milliyyəni salmayasan ortalığa.

M a r i y a (sırğalara baxaraq). Oho... eleğan de Pari[i].

S a l a m o v. Bahadırbəy, nə dedi o?

B a h a d ı r b ə y. Firəngcə deyir. Möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Nə deyir?

B a h a d ı r b ə y. Mən nə bilim nə deyir axı? Möhtərəm qrafinya həzrətləri, biz bu küçücük hədiyyəni təqdim etməklə.

S a l a m o v. Deginən Əmiraslan gətirtdirib.

B a h a d ı r b ə y. Biz bu küçücük hədiyyəni təqdim etməklə tərəqqi və təaliyimilliyyəmizin əlahəzrət imperatorun sayeyi-ədalətində...

S a l a m o v. Ay atam, bu gecə zəhrimar milliyyədən əl çəkməyəcək. Adə, bir belə keç. Mariya Tumannifeynən, bunlar xalis birilyantdır, hələ dünən Məkərədən gəlibdir.

M a r i y a. Çox sağ olun, bunlar çox gözəldir.

S a l a m o v. Bunlar başqa şeydir, əntiqə şeydir, qaranlıqda işıq salır.

M a r i y a. Siz həmişə bir sürpriz düzəldirsiniz.

S a l a m o v. Süpürüz, haranı süpürüm? Adə, bəlkə deyir tozunu təmizləyin? Mariya Tumannifeynən, silmişəm, tərtəmizdir. Sən bir lampanı söndür, qaranlıqda bax!

M a r i y a. Bu saat.

S a l a m o v. Adə, Bahadırbəy, sən ərinin yanında sırğalardan balaca söhbət sal, yoxsa köpək qızı sırğaları kəfə gedər, əri bilməz.

M a r i y a (lampaları söndürərək). Bunlar bu gün aldığım şeylərin hamısından gözəldir.

Q u b e r n a t o r (gəlir). Bu nədir? Bu lampaları kim söndürmüşdür? Kim var burada?

S a l a m o v. Mənəm, Toxum-Yerisuiç!

M a r i y a. Tişa, bir gör Əmiraslanbəy mənim üçün necə şeylər gətirmişdir.

Q u b e r n a t o r. Aha, Əmiraslanbəy... düşünmək olur ki, siz burada lampaları söndürüb, mənim arvadımla eşqbazlığa başlamışsınız.

S a l a m o v. Allah eləməsin, Toxum-Yerisuiç. O da mənim anam, bacım. Elə şeylərdən arxayın ol. Kürdün nəyi olsa, oğurluğu olmaz.

Q u b e r n a t o r. Kürdləri mən çox sevirəm, igid tayfalardır. Onlar olmasa idi, Türkiyə bu ermənilərlə bacara bilməzdi.

S a l a m o v. Görmürsən, köpək uşağı gəmidə oturub, gəmiçi ilə savaşırlar. Bütün müsəlmanların əkin yerlərini saldırırlar öz adlarına, nə var ki, xəzinədən icarə eləmişik.

Q u b e r n a t o r. Yaman millətdirlər. Axır, o gün mən onlara açıq dedim. Dedim: siz Türkiyədə döyülmüşsünüz, indi əvəzini buradakı müsəlmanlardan almaq istəyirsiniz.

B a h a d ı r b ə y. General həzrətləri, biz hər halda əlahəzrət imperatorun sadiq təbəələri və böyük...

S a l a m o v. Baxma, ermənilər burada bir qələt eliyə bilməzlər. Papağımı götürüb bir hay deyərəm, beş yüz adam axar bura. Torpaqlarını torba ilə daşıtdıraram. Ancaq Türkiyə ilə ədavətləri var, bizə nə? Türkiyə bir padşahdır öz yerində. Eşşəyə gücləri çatmır, palanı nə üçün döyürlər?

Q u b e r n a t o r. Döyə bilməzlər. Nə qədər mən sağam, müsəlmanların başından bir tük belə əskik olmaz.

M a r i y a. Tişa, gedək o biri otağa, qonaqların yanına. Əmiraslanbəy, buyurunuz!

Q u b e r n a t o r. Mariya Timofeyevna, siz məni bir gecə də olsa öz dostlarım ilə söhbət etməyə qoymursunuz.

B a h a d ı r b ə y. Minnətdarız, general həzrətləri!

Q u b e r n a t o r. Bahadırbəy, rəsmi nəvazişi buraxınız, mənim adım Tixon Yeliseiçdir. Mən bu gecə öz dostlarımla dostcasına danışmaq və dincəlmək istəyirəm.

M a r i y a. Yox, yox, Tişa, elə iş yoxdur. Bu gecə Əmiraslanbəy məndən ayrılmayacaqdır. O, məni sənin bütün dostlarından çox istəyir və bu gecə də sənin yanına deyil, mənim yanıma gəlmişdir.

Q u b e r n a t o r. Mariya Timofeyevna, nə deyirsiniz, mən bu saat onu sizin əlinizdən alım?

M a r i y a. O mənim dostumdur. Bax, sənin üçün heç bir şey gətirməmiş, amma mənim üçün parlayan daşlar gətirmişdir.

Q u b e r n a t o r. Çox da o məni yada salmamışdır, mən ki, onun üçün hazırlamışam. Özü də elə sürpriz hazırlamışam ki, sənin daşların onun yanında o saat parıltısını itirər. Özü də birbaş əlahəzrət imperatordan. Durunuz, bu saat gətirim.

M a r i y a. Tişa, onda bir yerdə gedək, hər nədirsə, mən Əmiraslanbəyə öz əlimlə verəcəyəm.

Q u b e r n a t o r. Aha, sən istəyirsən əvəzini yenə də sənə versin?

S a l a m o v. Sən ölməyəsən, Toxum-Yerisuiç, bu canım ölsün, hər ikinizin borcu məndə.

Q u b e r n a t o r. Yaxşı, gedək (Gedirlər).

S a l a m o v. Bahadırbəy, sən öləsən, arvad deyil, paroxoddur, paroxod. Anam, bacım olsun, çox əhvallı arvaddır.

B a h a d ı r b ə y. Kişi özü də bir insan kimi pək mehriban adamdır.

S a l a m o v. Oho, özünə söz yoxdur, canlara layiq oğlandır. Adə, Bahadırbəy, bu xalta nədir salmışsan mənim boynuma? Aç bunu! Dədəm-babam xalta salmışdı? (Boynundakı kraxmallı yaxalığı və qalstuku açmaq istəyir).

B a h a d ı r b ə y. Kəbləyi, yaxşı deyil, yaramaz.

S a l a m o v. Aç, ədə (Bahadırbəy Əmiraslanın qalstukunu açır). Amma gəldin, belə oğlan zad olmaz. Sənə də hey deyirəm bu köpək uşağının adını de, sən də elə başlamışsan qrafinkə belə gəldi. Axı özü mənə deyib. Axırda gördün ki, kişi özü dedi ki, mənə Toxum-Yerisuiç de, arvada da Mariya Tumannifeynən.

B a h a d ı r b ə y. Kəbləyi, o tərzdə ki, siz buyurursunuz, o sayaq demək olmazdı.

S a l a m o v. Eh, neçin olmur ey. Bəs bu neçə ildə nə oxumuşsan? Tuman deyə bilmirsən, nifə deyə bilmirsən? Qat bir-birinə, olsun Tumannifeynən də... Ancaq yaxşı ki, kişi özü gəlib sırğaları gördü, köpəy qızı dahı kəfə gedə bilməz.

B a h a d ı r b ə y. Siz gördünüz, mən onlardan da öz mənafeyimilliyyəmiz üçün istifadəyə çalışırdım. Ümumiyyətlə, milli mənafe pozisionumuzun ilk planında olmalıdır.

S a l a m o v. Ondan hər nə asılı olsa, məni gör. Bu saat kimi deyirsən 24 saatda Qafqazdan çıxartdırım, on il qətrij, dalm pisilyan...

M a r i y a (səhnə arxasından). Bizə şampanski veriniz!

B a h a d ı r b ə y. Kəbleyi, kəbleyi, boynunuz açıqdır (Qalstuku bağlayır). Mariya ilə Qubernator gəlir.

Q u b e r n a t o r. Əmiraslan, görürsünüz, yenə də məni aldatdı.

M a r i y a. Əmiraslanbəy, doğrudan da böyük iş imiş, təbrik etmək lazımdır. Yaxanızı bəri gətiriniz! (Medalı döşünə taxır).

Q u b e r n a t o r. Ancaq, kağızını özüm verəcəyəm. Əlahəzrət imperator öz sadiq təbəələri olan müsəlmanlara qarşı böyük bir iltifat bəslədiyini və ayrılıqda sizə, sədaqətinizə qarşı ali nişan iltifat etdiyini bildirir. Buyurunuz, bu da fərmanihumayunun surəti.

M a r i y a. Tişa, gör nə gözəl yaraşır! Şirnisi sizdə.

S a l a m o v. Bahadırbəy, mənim dilim söz tutmur, başuva dönüm, sən mənim tərəfimdən bir neçə kəlmə danış.

B a h a d ı r b ə y. General həzrətləri, əlahəzrət imperatorun biz türklərə qarşı...

S a l a m o v. Adə, sən də bu türk nədir, üst-üstündən goplayırsan, sonra da elə bilsin başqa söz deyirsən.

B a h a d ı r b ə y. Əlahəzrət imperatorun biz Qafqaziya türk-tatarlarına bu qədər böyük iltifat ilə inayəti iqbali-milliyyəmizin...

S a l a m o v. Yenə də saldı bu zəhrimar milliyyəni ortalığa. Adə, bir belə keç! Mariya Tumannifeynən, padşah mənə böyük xəcalət verib. Bu midalın əvəzinə sabah sizin barmağuvuza şəhərimizin ən böyük birilyantını taxacağam, Toxum-Yerisuiç, mən tavan altında qalan deyiləm. İnşallah, sizin də xəcalətinizdən çıxaram. Dahı bağışlayın, mən o ibarə ilə danışa bilmirəm.

M a r i y a. Məncə, siz çox gözəl danışırsınız, – həmişə qısa və aydın. Yaxşı, ağalar, qonaqlara baş çəkmək lazımdır. Sizi də orada gözləyirəm.

S a l a m o v. Toxum-Yerisuiç, padşaha yaz ki, biz Qafqaz müsəlmanları canla, başla padşaha qulluq etməyə hazırıq. Padşahımız üçün güldən ağır bir söz deyənin cəhəngini cıraram. Buyuruq ondan, qulluq bizdən. Hər nə lazım olsa, sən papaq elə, dahı dalısı ilə işin yoxdur.

Q u b e r n a t o r. Lazımdır, lazımdır. Əmiraslanbəy, işlə göstərmək lazımdır. Ermənilər çalışırlar, padşaha azı on kağız göndərmişlər, siz birini də göndərməmişsiniz.

S a l a m o v. Ay köpəy uşağı, mən bilirəm, onların ağız-burunları ovulmasa, dinc oturmazlar.

Q u b e r n a t o r. Yox, dostlar, elə iş olmaz. Bu ermənilərlə mümkün qədər ehtiyatlı olmaq lazımdır. Onsuz da onlar aranı qarışdırmaq üçün bəhanə axtarırlar. Onlar ancaq bizdən çəkinirlər, yoxsa dinc oturmazlar.

S a l a m o v. Oturmasınlar də. Bu xalqın məgər əli yoxdur, zənənə hamamdır məgər, hər kəs bildiyini eləsin?

B a h a d ı r b ə y. Lakin, general həzrətləri, ermənilərin bu kimi fikirləri olduğu nədən görünə bilər?

Q u b e r n a t o r. Nədən? Bahadırbəy, xahiş edirəm belə şeyləri məndən soruşmayasınız. Doğrudur, mən sizinlə dostam, ancaq vəzifəm belədir ki, hər şeyi açıb deyə bilmərəm. Nədən? Hər şeydən!.. Siz bilən mədənlərdəki bu şuluqluğun səbəbi nədir, əsl şuluq salan kimdir? Eyvaz Əsriyan, Dəmirçiyan, Nalbandyan, hamısı yan... yan...yan... Daha hər şeyi mən açıb deyə bilmirəm.

S a l a m o v. Bu müsəlman da ki, maymaq kimi bir şeydir. Hər kəs iki kəlmə raboçi, raboçi deyən kimi, o saat iş-gücünü atıb qoşulur onlara.

Q u b e r n a t o r. Budur, Əmiraslanbəy deyir müsəlmanların yerlərini alırlar, heç hələ bu neçə vaxtda gizlədirdim. O gün Ağamyan ərizə veribdir ki, Əmiraslan Salamovun fantan vuran iki buruğu mənim xəzinədən icarə etdiyim yerdədir. Bu nə deməkdir? Əmiraslanbəy demişkən: bu gəmidə oturub, gəmiçi ilə döyüşmək deyilmi? Diplomat tükü tükdən seçər.

S a l a m o v. Necə? Necə? Səni, deginən, Allah döymüşdü. Hələ onu istəyir, köpəy oğlu, uzatdırım onu mastavoy üstə, o qədər vurdurum ki, nöyüt iyi versin? O yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə versin? Əlimdə kupçum var. Atova oxşayanı apar sox, deginən, anovun yorğandöşəyinə.

Q u b e r n a t o r. İş elə orasındadır ki, onlarlıq olsa, bütün müsəlmanları buradan qovarlar.

S a l a m o v. Qoyarlar məgər onları? Ölünü öz başına qoyarsan, şıllaq atar, kəfəni cırar.

B a h a d ı r b ə y. Lakin bu, şəxsi bir dava kimi də tərəqqi edilə bilər.

Q u b e r n a t o r. Yox, bu sistemdir, plandır. Böyük Ermənistan planının bir hissəsidir, yoxsa o, buna cəsarət etməzdi. Onlar hər yeri qamarlamaq istəyirlər.

S a l a m o v. Yox, atam, Toxum-Yerisuiç doğru buyurur. Bu şəxsiməxsi iş deyil, bu elə millət davasıdır. Mən özüm məsələni çoxdan duymuşam.

Q u b e r n a t o r. Bağışlayarsınız, Bahadırbəy, siz işə dərindən baxmırsınız. Uprava əllərində, Sovet-siyezd əllərində, injenerlər özlərindən, nə istəyirlər edirlər. Budur, kişinin mülkünü zorakı saldırıb öz adına ki, nə var iş bilmişəm...

S a l a m o v. Bəs bu millət davası deyil? Yaxşı, deginən, köpəy oğlu Ağamov, mən sabah o balaxanlıları doldurum o zala, iti selbə ilə qovan kimi Sovetsiyəzddən basım səni bayıra, özün də afərin de. Yox, atam, bu elə millət davasıdır. Eşitdin, mən sənə nə deyirəm! Biz də bir şey bilirik axı...

B a h a d ı r b ə y. Lakin bu elə kəskin bir halda deyil, bunu ibtidasında yatırtmaq mümkündür və lazımdır. Biz erməni ziyalılarına müraciət edə biləriz.

Q u b e r n a t o r. Vəziyyət çətindir. Sizin qabağa çıxan adamlarınız yoxdur. Olanlar da ağzına su alıb oturublar. Müsəlmanlar demişkən: nə tüfəngə çaxmaqdır, nə də sümbəyə toxmaq...

S a l a m o v. Elədir, elədir, canım, biz müsəlmanda qiryət yoxdur. O dumda şar saldıda mən əgər bərkini tutsaydım, o Ağamov heç duma keçə bilməzdi.

Q u b e r n a t o r. Amma mən o gün Bahadırbəyi qlava müavinliyinə təklif etdim, bütün ermənilər etiraz etdilər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info