Qonaq Kitabı
1905-Cİ İLDƏ

E y v a z. Mən?.. Mən millətlər arasında ədavət salıram?

P o l i s m e y s t e r. Sizin hərəkətiniz, müsəlmanlarla ermənilər arasında ədavət törətmişdir.

E y v a z. Mən müsəlmanlarla ermənilər arasında ədavət salıram?

P o l i s m e y s t e r. Siz, siz, cənab Əsriyan. Bu ki, sizə yüz yol deyilmişdir və özünüz də boynunuza almışsınız.

E y v a z (hiddətindən özünü saxlaya bilməyib onun üzünə tüpürür). Tfu!..

P o l i s m e y s t e r. Siz boş yerə hiddətlənirsiniz. Bununla siz bizim gözümüzü örtə bilməzsiniz. Yanında dolu bir bomba və atılmış bir bombanın açarı tapılmışdır, yox?

E y v a z. Mən çox yanıram ki, o bombanı sizin başınızda sındırmamışam. Onda mənə inanardılar.

P o l i s m e y s t e r. Siz uşaqsınız, Əsriyan. Siz anlayırsınız ki, Ağamyan sizi doğru ölümün boğazından qoparır!

E y v a z. Onun kölgəsində yaşamaqdansa, mənim üçün ölüm yaxşıdır.

P o l i s m e y s t e r. Onun kölgəsində? Başa düş, Əsriyan, bu saat bütün erməni milləti sənin adına and içir. Sən onlar üçün erməni millətinin namusunu ləkədən təmizləmişsən, sən bir millət qəhrəmanısan.

A ğ a m y a n (keşiş ilə gələrək). Aha, xoş gördük! Siz buradasınız. Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm.

P o l i s m e y s t e r. General-qubernator buyurdu ki, dustaq Eyvaz Əsriyanı şəxsən sizə təslim edim.

A ğ a m y a n. Təşəkkür edirəm, Boris Matveyeviç. Mən sizin erməni millətinə göstərdiyiniz bu yaxşılığın əvəzini yetirərəm.

P o l i s m e y s t e r. Təşəkkür edirəm, cənab Ağamyan (Gedir).

A ğ a m y a n. Eyvaz, sənin son hərəkətin məni və bütün erməni xalqını o qədər sevindirdi ki, mən aramızda olan o yersiz danışıqları həmişəlik unuduram. Sən bizim milli namusumuzu ləkədən təmizlədin. Bu gündən sən mənim oğlumsan.

K e ş i ş. Oğlum, əziz Allah sənin o qəhrəman əllərini bizə çox görməsin.

A ğ a m y a n. Sən paltarını da dəyişməmişsən. Eybi yoxdur, məclis qurtarar, gedərik dəyişərsən. Ancaq, Eyvaz, başına dönüm, bu saat qızlar, gəlinlər, bütün erməni kübarları öz milli qəhrəmanlarını görməyə və alqışlamağa gələcəklər. Keşiş ağa sənin kim olduğunu onlara yetirər. Sən də, mümkün isə, bir neçə kəlmə danış, təşəkkür et və de ki, sən millət yolunda hər şeyə hazırsan.

E y v a z. Mən heç bir şeyə hazır deyiləm, bir kəlmə də danışmayacağam.

A ğ a m y a n. Eyvaz, oğlum, sən bunu öz bacının səadəti üçün etməlisən, qoy onun ürəyi dincəlsin, qoy deməsinlər ki, Ağamyanın gəlini sadə bir ailədəndir, qoy bilsinlər ki, o bizim milli qəhrəmanımızın bacısıdır.

E y v a z. Mən danışmasam, bacıma nə olar?

A ğ a m y a n. Açıq danışaq, Eyvaz. Mən səni doğru ölümdən qurtarmışam. Sən ölməli idin.

E y v a z. Dediyiniz türkü öldürdüyüm üçünmü?

A ğ a m y a n. Yox, Nikolay hökumətinə qarşı işlədiyin üçün. Sənin ölümün bacın üçün böyük bir dərd olub, halbuki bir millət qəhrəmanı kimi dillərdə dolaşmaq bacın üçün, bizim üçün və bütün ermənilər üçün böyük fəxrdir.

 

İrəlidə H a y k a z, S o n a və ardınca böyük bir izdiham – qızlar, gəlinlər, xanımlar, kübarlar gəlirlər, Sona Eyvaza tərəf gedir.

 

S o n a. Eyvaz!

E y v a z. Sona, sən onu atdın?

S o n a. Mən məcbur oldum, mən səni ölümdən qurtarmaq üçün öz ölümümə razı oldum.

K a r a p e t. Biz öz milli qəhrəmanımızı görmək istəyirik. Onu qabağa çıxarın.

K e ş i ş. Ey İsanın əmin quzuları, bizim namusumuzu ləkədən qurtaran milli qəhrəmanımız Eyvaz Əsriyan budur. Qan tökmək haramdır, lakin onun tökdüyü qan millət yolunda, din yolundadır. O, millət qəhrəmanıdır.

K a r a p e t. Yaşasın millət qəhrəmanı! Yaşasın millətin vuran əli! Urra... urra...

A ğ a m y a n. Qardaşlar, bir millət böyük alimləri ilə, düşünən ədibləri ilə, qorxmaz igidləri ilə fəxr edər. Mən Eyvaz Əsriyanla çox deyişmişəm, hətta bir yol ona millət xaini də dedim. O çox acıqlandı. Beş gün belə keçmədən millət namusuna toxunan ləkəni öz dəmir əllərilə silib, onun damarlarında təmiz erməni qanı axdığını hamıya göstərdi. O, türklərə göstərdi ki, böyük erməni milləti hələ ölməmişdir, o öz şərəfini hər dəqiqə qorumağa qadirdir. Mən bütün millət qabağında ondan üzr istəyirəm. Mən onun qohumluğunu özüm üçün və varlığını bütün erməni milləti üçün böyük bir fəxr hesab edirəm. O, millətin vuran əli, o millət namusunun qorxmaz keşikçisidir, o, millət qəhrəmanıdır.

K a r a p e t. Yaşasın millət qəhrəmanı Eyvaz Əsriyan! Urra...

 

                            Adamlar Eyvazı aralığa alırlar.

 

E y v a z. Dayanın, mənə də qulaq asın!

A ğ a m y a n. Bərkdən danış, Eyvaz!

E y v a z. Bu gün erməni kübarları məni millət qəhrəmanı tacı ilə bəzəyirlər. Qızlar, gəlinlər mənim başıma çiçək səpirlər. Lakin bu çiçəklər hamısı qana boyanmışdır. Bu qan, qardaş qanıdır, bu qan, tarixi qandır. Bu qanı mən boynuma götürmürəm. Mən qatil deyiləm, bu qandan mənim xəbərim yoxdur. Mən millət qəhrəmanı deyiləm. Mən bu qanı üstümdən qaldırıb bütün ağırlığı ilə türk və erməni burjuaziyasının – bu ağamyanların, bu salamovların və romanov cəlladlarının sinfi vicdanlarına çırpıram. Bu qanı tarix yuya bilməyəcəkdir. Açın gözlərinizi, qardaşlar, aldanmayın. Türk əməkçiləri bizim düşmənimiz deyillər. Bizi düşmənlərimiz ayırır. Bizim düşmənlərimiz bax, bunlardır, bunlardır... Gülləri adamların başına çırpıb cəld qaçır.

 

                          İ ş ı q   s ö n ü r

 

 

ON BİRİNCİ ŞƏKİL

 

                  Ağamyanın evində toy. İçəridə çalıb oynayırlar. Səhnədə telefon zəng çalır.

 

N a b a t (içəri girən Allahverdiyə). Nə oldu, kişi, uşaqdan bir xəbər bilmədin?

A l l a h v e r d i. Haradan xəbər biləcəyəm. Hansı çasta gedirəm ağzıma vurub qaytarırlar. Nə öldüsünü deyən var, nə qaldısını. Daha o yuxarılara da gedə bilmədim. Deyirəm bəlkə aradan çıxıb oralara keçdi.

N a b a t. Bir gedəydin də, ayaqların sınmaz ki!

A l l a h v e r d i. Getmək olur? Köpəy uşaqları bir iş görüblər ki, iş olsun? İkitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan o yana. O da heç o tərəfə keçməz, yəqin ya vurdular...

N a b a t. Mən itib gedirəm öz xarabamıza. Mənim uşağım yox olsun, mən toyda oturum...

A l l a h v e r d i. Bəs kişi nə deyir?

N a b a t. Getdim yalvardım ona, deyir: iti görüm, pişiyi görüm, daha onu görməyim.

A l l a h v e r d i. Övlad deyil ki, bir qəpiyə dəysin. Adam adama nə qədər yaxşılıq edər?! Kişi onu ölümdən qurtardı, o mərtəbəyə yetirdi, camaat bunun başına gül səpir, amma o, dəli buzov kimi şıllaq atır. Uşaq necədir?

N a b a t. Necə olacaq, qarabəxt sapsarı meyit kimi, dinməzsöyləməz oturub, dolu kimi tökür gözlərinin yaşını.

 

                        Telefon zəng çalır.

 

A l l a h v e r d i. Bu da səhərdən nə zarıldayır (Telefonu götürüb tərsinə qulağına tutur). Hə, nə deyirsən, nə deyirsən, kimsən? Heç bunun səsi çıxmır ki.

N a b a t. A kişi, tərs-avand tutmuşsan: mən görmüşəm burasını qulaqlarına qoyurlar, burasını ağızlarına.

A l l a h v e r d i (telefonu düzəldir). Kimsən? Kim? Mən kiməm? Mən Allahverdi Qəhrəman oğlu Əsriyan. Polismestr, gomurnatı, vacib işdən ötrü? Polismestr gomurnatı istəyir. Cənab polismestr, qurbanın olum, mənim oğlumdan mənə bir xəbər? Hə... Hə... Eyvazı, Eyvazı. Əsriyan, Hə, svoluş? (Nabata) Deyir bəs svoluşdur. Hə, gomurnat (Telefonu yerinə asır). Səni Allah döyüb mən də çağırım.

N a b a t. Svoluş nədir?

A l l a h v e r d i. Svoluş, yəqin köpəyoğludur də... Bilmirəm, ancaq onu bilirəm ki, svoluş söyüşdür. Bəs biz də getdik, bu bədbəxt qızın halı necə olacaqdır?

N a b a t. Vallah, heç bilmirəm necə eləyim. Ürəyim də getdi acından, gedək mətbəxə, ağzına bir parça çörək sal, daha ora ki, bizim yerimiz deyil, orada bizim tayımız yox, tuşumuz yox.

A l l a h v e r d i. Axmaq kimi vermədim Imamverdinin oğluna, heç olmazsa atası atası ilə tay idi, qardaşı qardaşı ilə. Götürdüm öz əlimlə uşağı saldım oda.

N a b a t. Dad vurdum sənə, qulaq asmadın.

A l l a h v e r d i. Ay arvad, naqqal qızı naqqal, görmədin ki, hərəsi bir zurna çalırdı. Biri deyir: millət belə gəldi, biri deyir: bilmirəm nə olub.

N a b a t. Nə isə, qismət belə imiş. Allah istəyən yaxşıdır. Di gəl görək.

A l l a h v e r d i. Gedək, görək başımıza nə gəlir. Vallah, mən bu gecə araq içib, dərddən lap keyflənəcəyəm (Telefon zəng vurur). Öləsən də çağırmayacağam (Telefon zəng vurur). Svoluş özünsən, köpəy oğlu! (Gedir).

 

                    S o n a, dalınca da H a y k a z çıxır.

 

H a y k a z. Hara?

S o n a. Siz mənə nə üçün acıqlanırsınız, mən nə etmişəm?

H a y k a z. Mənə bax, Sona, bu tar kimindir?

S o n a. O mənə yadigardır.

H a y k a z. Sən onu hələ də sevirsən, deyilmi?

S o n a. Hayik, sən ki, hər şeyi bilirsən; mən ki, sənə hamısını demişəm.

H a y k a z. Mənim evimə, Haykaz Ağamyanın evinə adsız, sansız bir adamın, düşmən bir türkün məhəbbətini daşıyıb gətirmək...

S o n a. Hayik, mən ki, səndən gizlətməmişəm. Nə edim, məndən ki, asılı deyildir. Mənim ürəyim divar deyildir ki, bir gündə şirələyim ağarsın. O burada yoxdur, o uzaqdadır, o Qarabağdadır. Mən bir də onunla görüşməyəcəyəm.

H a y k a z. Yaxşı eşit, Sona, mənimlə oynamaq olmaz. Sənə də son dəfə bildirirəm: bir də onu sevmiş olsan, özünü də, onu da ölmüş bil. Mənim arvadımın ürəyində ancaq mən, dilində ancaq mənim adım olmalıdır.

S o n a. Mən bir də onun adını çəkmərəm.

H a y k a z. İki millət bir-biri ilə qan davası aparırkən, bir düşməni sevmək, bir erməni qızı üçün namussuzluq, həm də milli bir namussuzluqdur.

S o n a. Mənim təqsirim nədir?

P o l i s m e y s t e r (içəri girərək). Mən general-qubernatoru görmək istəyirəm.

H a y k a z. Buyurun, Boris Matveyeviç! (Sonaya) Sən get içəri! Buyurun içəriyə!

P o l i s m e y s t e r. Yox, mən onu tək görmək istəyirəm.

H a y k a z. Bu saat (Gedir).

Q u b e r n a t o r (çıxır). Nə var, nə olmuşdur, polkovnik?

P o l i s m e y s t e r. General həzrətləri, aldığımız son xəbərə görə, sabah səhərdən qiyam təşkilatı qəti çıxış əmri vermişdir.

Q u b e r n a t o r. Sabah səhər. Polkovnik, biz bu gecə onları qabaqlamalıyıq.

P o l i s m e y s t e r. Elədir ki, var, general həzrətləri.

Q u b e r n a t o r. Polkovnik, mənə elə gəlir ki, hər şey artıq hazırdır, bu saat başlamaq olar.

P o l i s m e y s t e r. Hər şey hazırdır, general həzrətləri. Şəhərin müsəlman tərəfindən erməni tərəfinə, erməni tərəfindən müsəlman tərəfinə bir nəfər belə keçə bilmir. Gündə toqquşma olur. Hər iki tərəfin qulağı səsdədir. Hamı bir gurultuya bağlıdır. Mədənlərdə hər iki tərəfə dəstələr qoyulmuşdur.

Q u b e r n a t o r. Polkovnik, bu saat başlamaq lazımdır. Plan ki sənə bəllidir.

P o l i s m e y s t e r. Bəllidir, general həzrətləri!

Q u b e r n a t o r. Ancaq, polkovnik, qarnizona etibar yoxdur. Bu saat mənim kazaklarımdan bir dəstə müsəlman hissəsinə göndərilməlidir. Sonra adamlarınızı göndəriniz səs salsınlar ki, bu gecə ermənilər basqın edəcəklər, müsəlmanlara silah paylasınlar.

P o l i s m e y s t e r. Hər kimə gəldi?

Q u b e r n a t o r. Hər kimə gəldi. Onlar öz canlarının qorxusundan oyanbuyana vura bilməzlər. Bir-iki dəstə erməni hissəsinə göndərilməlidir. Qoy onlar da bilsinlər ki, müsəlmanlar tərəfindən basqın gözlənilir. Bu qədər.

P o l i s m e y s t e r. Sonra?

Q u b e r n a t o r. Sonra, sonra qoy bir saatdan sonra adamlarımız bir-birinə atəş açsınlar, gerisini onlar özləri apararlar. Ancaq hər tərəfə siz özünüz getməli və müəyyən adamlar təyin etməlisiniz.

P o l i s m e y s t e r. Onların hamısı edilər general həzrətləri!

Q u b e r n a t o r. Bu saat mən də geyinim, gedək (Gedib geyinir, gəlir). Hə, polkovnik, süftə üçün qoy bizimkilər hər tərəfdən bir-iki ev yandırsınlar, qalanlarını özləri yandırarlar.

A ğ a m y a n (çıxır). Siz gedirsiniz. Tixon Yeliseyeviç, nə üçün belə tez?

Q u b e r n a t o r. Təşəkkür edirəm, Ruben. Ancaq mən bu saat yaman xəbər aldım, tez getməliyəm, ciddi tədbir görmək lazımdır.

A ğ a m y a n. Yaman xəbər? Bilmək olmazmı, general həzrətləri?

Q u b e r n a t o r. Yox, Ruben, təəssüf ki, deyə bilməyəcəyəm... Axtarsanız, söz aramızda qalmaq şərti ilə olar da. Bu saat polkovnik mənə bildirdi ki, müsəlmanlar bu gecə erməni hissəsinə basqın düzəltmək istəyirlər.

A ğ a m y a n. Bu gecə?

Q u b e r n a t o r. Mən bu saat gedirəm, lazımi tədbirlər görərəm, siz rahatsız olmayınız. Ancaq hər halda ehtiyatlı olmaq yaxşıdır. Lazım olsa, mən bir qədər silah da verə bilərəm. Ancaq söz aramızda!..

A ğ a m y a n. General həzrətləri, mən çoxu da mədənlərdən qorxuram.

Q u b e r n a t o r. İstəsəniz, mən sizin üçün hələlik, gücünüzü yığana qədər biriki dəstə öz kazaklarımdan da göndərə bilərəm.

A ğ a m y a n. Rica edirəm, general həzrətləri. Mən bütün erməni milləti adından sizə təşəkkür edirəm.

Q u b e r n a t o r. Hər ehtimala qarşı hazır olunuz. Gedək!

 

                          Gedirlər.

 

A ğ a m y a n (telefonu alır). Allo... 64-18. Arşak, mənəm. Bu gecə müsəlmanlar bizim tərəfə hücum edəcəklər. Uşaqları yığ, çıxar bayıra. Tüfəngi olanlar götürsünlər, olmayanlar üçün tapılar. Bu saat Sedrakgilə də de (Haykaz gəlir). Allo... allo... 73-56. Simon, mənəm. Bu gecə müsəlmanlar hücum edəcəklər... Dedilər. Kim? Qubernator, telefonla... Yaxşı, yaxşı, Arşaka demişəm.

H a y k a z. Bu gecə?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info