Qonaq Kitabı
1905-Cİ İLDƏ

A ğ a m y a n. Bu gecə. Daha orada demə, məclis dağılar, ancaq yavaşca Sərkisgilin qulağına de. Mən bu saat qayıdıram. Mədənlərə adam göndərmək lazımdır (Gedir, geyinir və qayıdır, Haykaz da gedir, bir nəfər ilə qayıdır). Pəncərələri örtün ki, bayırdan işıq görünməsin. Gedək, Arzuman!

 

                        Gedirlər. İçəridən bir-iki nəfər çıxır. K a r a p e t də onlar ilə çıxır.

 

K a r a p e t. Hələ axşamdır, siz haraya dağılışırsınız?

H a y k a z. Siz rahatsız olmayın, ağalar, onlar bu saat qayıdır.

K a r a p e t. Olmaz, olmaz, dayan, elə bir yerdə bəynən gəlinin sağlığına içək, elə burada ayaqüstü. Şərab verin, adə, gəlini də çağırın!

H a y k a z. Karapet, biz onlarsız da içə bilərik, işləri var, saxlamayın.

K a r a p e t. Ağalar, adə, tar çalanlar nə oldu? Buraya gəlin, dayanın, gəlini də gətirim... İçək ayaqüstü bizim həqiqi milli qəhrəmanımızın və onun gözəl gəlininin sağlığına! Urra... urra...

Q o n a q l a r. Öpüşsünlər, bir yerdə oynasınlar.

K a r a p e t. Adə, çal!

 

                 Tarçalan tuş çalır.

 

H a y k a z. Ağalar, mən öz tərəfimdən və gəlinin tərəfindən sizə təşəkkür edirəm. Mən kadet korpusunda oxumuşam. Vaxtımız elədir ki, bizim millətimizə igidliklə vuruşan, vuruşmağı bacaran adamlar lazımdır. Mən öyrənmişəm, mən öyrənmişəm, mən...

 

                 Bu aralıqda B a x ş ı əlində bir dəstə gül içəri girir.

 

S o n a. Ah...

H a y k a z. Aha, bu odur? (Ona tərəf getmək istədikdə, Sona sərt bir çığırtı ilə Baxşının yanına qaçıb, onu öz arxasında saxlayaraq).

S o n a. Yox, dəyməyin, mən qoymaram.

H a y k a z (özünü saxlamağa və gülümsər görünməyə çalışaraq). Sən nədən qorxdun, Sona?

S o n a. Onda bir təqsir yoxdur.

K a r a p e t. Canım, onunla kimin nə işi var? Arvadlar elə qorxacaq olur. Gəlib, xoş gəlib! Canım, otur.

H a y k a z (sakit bir səslə). Sizə nə lazımdır?

B a x ş ı. Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz qonşuyuq, mən öz borcumu yerinə yetirməyə gəldim. Mən Sonanı təbrik etməyə gəldim.

K a r a p e t. Ay sağ ol, müsəlman qardaş! Buyur, otur, qoşul bizə.

H a y k a z. Buyurunuz, oturunuz.

K a r a p e t. Gəl, canım, gəl, ha belə otur burada. Heç ürəyini sıxma. Bu vurhavurun içində ki, bu frontdan keçmişsən, elə qoçaq adamsan, qoçağa can qurbandır. Hə, Haykaz ağa, danış görək, sözün yarımçıq qaldı.

H a y k a z. Mən daha danışmaq istəmirəm, mən sonra danışaram, siz işinizdə olun.

K a r a p e t. Bu saat mən düzəldim. Adə, hanı o qarabağlı gədəsi? Qızışdır, başına dönüm. Usta, çal, bəynən gəlin oynasın. Hə, başlayın!

S o n a. Mən oynamaq bilmirəm.

K a r a p e t. Siz öləsiniz, heç o boyda zarafat olmaz. Hamı deyir: Qarabağda Sona kimi oynayan yoxdur. Durun ayağa görüm! Usta, başına dönüm, şıdırğı çal!

S o n a. Mən oynamaq bilmirəm.

H a y k a z. Sona, dur ayağa! (Sona ayağa durur). Çal, usta!

S o n a. Hayik, mənim başım gicəlir.

H a y k a z. Eybi yoxdur, dayan, dayan, saxla, usta! (Tez gedib Baxşının tarını götürüb, Baxşıya verərək). Al, qoçaq, indi ki, gəlmişsən, bekar oturma, çal!

K a r a p e t. Aha, o çalmaq da bilir!

H a y k a z. Elə bilir, Sonanın havasını ondan yaxşı bilən yoxdur.

K a r a p e t. Di onda toxuşdur, gözünə dönüm. Allah elə səni öz əl-ayağınla göndəribdir. Araq verim?

B a x ş ı. Mən içmirəm.

K a r a p e t. Di başla.

H a y k a z. Gəl, Sona!

S o n a. Hayik, mən oynaya bilmirəm, başım hərlənir...

H a y k a z. Eybi yoxdur. İçən mən, sənin başın nə üçün hərlənir? Di başla qonşu (Baxşı çalmağa başlayır). Aha, bunun qabaqcadan oxumağı da var. Karapet, qabaqca biriniz oxumağını oxuyun.

O x u y a n.

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.

 

H a m ı  (təkrar edir)

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

          Hamı bir yerdə oxuyur, eyni zamanda. Sona oynayır. Hamı oynayır... Birdən güllə atılır.

 

H a y k a z. Başlandı, pəncərələri örtün!

 

İ ş ı q d ə y i ş i r.

 

Bayaqkı otaq, ancaq işıqları sönmüş, yalnız içəri otağın pəncərəsindən keçən işıqotağı bir qədər aydınlaşdırır. Bu aralıq, Sona ağ yataq paltarında içəridən çıxır, yavaşca Baxşıya yanaşaraq.

 

S o n a. Baxşı!

B a x ş ı (birdən diksinmiş kimi). Hə... Sona, sənsən?

S o n a (əlindəki açarı ona uzadaraq). Al, tez burdan get!

B a x ş ı. Sona, sonra səni incidərlər. Onsuz da bayırda, gərək ki, atışmadır, burada, ya orada mənim üçün heç bir fərqi yoxdur.

S o n a. Get və bir kəlmə də danışma...

B a x ş ı. Yaxşı, Sona.

 

            Açarı alır və yavaşca bayıra çıxır. Sona bir qədər qapıda donub qalır və sonra

Baxşının getdiyini təyin edib dönmək istəyir, bu halda üzərinə bir kölgə yeriməyə başladığını görüncə, özünü saxlaya bilməyir.

 

S o n a. Ah! (deyə qışqırır).

E y v a z. Sona, qorxma, mənəm, Baxşı haradadır? Mənə dedilər ki, o buraya gəlmişdir, mən onun dalınca gəlmişəm.

S o n a. Mən açarı ona verdim, getdi.

 

             Bu halda H a y k a z çığırtı ilə içəridən çıxır və işığı yandırır.

 

H a y k a z. Ey, kim var burada, Sona?

E y v a z. Mənəm.

H a y k a z. Eyvaz, sənsən, sən burada nə gəzirsən?

E y v a z. Sən burada nə gəzirsən, millət qəhrəmanı? Millət bayırdadır, qənbərlik üstədir, qazmalardadır, ölür, qırılır, sən evdə yatırsan...millət qəhrəmanı!

H a y k a z (oyan-buyana baxaraq). O haraya getdi. Sona?.. De görüm o hayana getdi?

E y v a z. Onu mən buraxdım.

H a y k a z. Nə haqq ilə mənim evimdə ağalıq edirsən?

E y v a z. Nə haqq ilə? Gəl, bax (Bayırda yanğın görünür). Gör, evlər yanır, mədənlər yanır, binalar dağılır, bütün şəhəri alov, tüstü və duman bürümüşdür, pulemyotlar, vintovkalar, göydən od yağır, yerdən qan axır. O odun içindəkilər kimlərdir? Qorumalı heç bir şeyi olmayan ac, yoxsul kütlə, var-yoxunu iki patrona verib atır; lakin kimə? Qardaş-qardaşa. Nə üçün? Kimin üçün? Sizin üçün, sizing mədənlərinizi, sizin evlərinizi qorumaq üçün. Bu saat öz yumşaq yatağında şirinşirin yatan ağamyanlar və bu saat general qubernatorun evində qumar oynayan salamovlar üçün.

H a y k a z. Siz onu yağışdan çıxarıb, yağmura atdınız... Mən onu salamat saxlayıb buraxacaqdım... Basqına gələn müsəlmanlardır. Bu adamları da qazmaya göndərən mən deyiləm.

E y v a z. Qazmaya göndərən sən deyilsən, amma bu qazmaları yaradan sənsən, sənin atandır, sizin sinfi təbiətinizdir, sizin başınızın üstündə öz qara qanadlarını çırpan ikibaşlı qartaldır.

H a y k a z. Onlar öz milli namuslarını qoruyurlar.

E y v a z. Onlar sizin pullarınızı qoruyurlar.

H a y k a z. Sən xainsən!

E y v a z. Mən xain deyiləm, mən düşmənəm!

H a y k a z. Mən ölü milçək deyiləm, Əsriyan. Düşmən düşməni silahla qarşılayar (Əlini cibinə atır, ancaq Eyvaz ondan tez tapançasını çıxarır).

S o n a (özünü onların arasına atır). Etməyin, yalvarıram sizə!

E y v a z. Saxla, geri! (Bu halda bayırdan bir güllə pəncərəyə dəyir. Şüşə sınıb yerə tökülür. Gülümsəyərək) Pəncərəni örtün, patron sizing pullarınızla hesablaşmaz.

 

İ ş ı q s ö n ü r

 

 

ON İKİNCİ ŞƏKİL

 

                      Küçədə iki “düşmən” üz-üzə.

 

E r m ə n i. Ey, dəli müsəlman, qabağa soxulma, məzhəb haqqı, elə vuraram, motal kimi partlarsan.

M ü s ə l m a n. Uzun danışma, qurumsaq. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, torpağını torba ilə daşıyacağam. Kişisən, başını çıxar, möhürlüyüm alnını.

E r m ə n i. A gedə, Işxan, apar o uşaqları, daldan salın o köpəy oğlu müsəlmanı dövrəyə.

M ü s ə l m a n. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, lap bir rot da gəlsəniz, ayaq geri basan deyiləm. Cücə kimi dənlərəm sizi. Mənə qarabağlı deyərlər. Kişisən, təkbətək gəl, qaraldım gözünün altını.

E r m ə n i. Gəlməyən heç kişi deyil.

M ü s ə l m a n. Yox, aşna, aldada bilməzsən. Oturmuşam özüm üçün rahat mosdovoyda, əlimdə beşatılan, belimdə patrondaş, istər küllühüm Ərəsey yığılsın gəlsin, yerimdən tərpənən deyiləm.

E r m ə n i. A gedə, belə görürəm sən də elə mənim kimi ağıldan kasıbsan. Qarabağda kimlərdənsən?

M ü s ə l m a n. Sən kimi tanıyırsan?

E r m ə n i. Mən, Yevlaxdan o üzə bütün qarabağlıları tanıyıram.

M ü s ə l m a n. Usta Muğanı tanıyırsan?

E r m ə n i. Zurnaçı Muğanı? Onun zatını tanıyıram.

M ü s ə l m a n. Bura bax, qonşu, sən zəhmət çək, bir az da danış.

E r m ə n i. Qonşu, mən də elə onu deyəcəkdim. Sənin səsin mənə tanış gəlir.

M ü s ə l m a n. Qonşu, zəhmət çək, bir balaca başını səngərdən çıxar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info