Qonaq Kitabı
1905-Cİ İLDƏ

                   Məhkəmə. E y v a z, B a x ş ı müqəssirlər yerində oturmuşlar.

 

S ə d r. Sakit, səs salmayın! Tərəflər bir neçə məsələni aydınlaşdırmaq istəyirlər. Burada sorğular vardır. Birinci, polismeysterə: müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizing əlinizdə başqa bir sübut varmı?

P o l i s m e y s t e r. Yoxdur. Eyvaz Əsriyan bir neçə yol dustaqda bulunmuş və müxtəlif yollarla qaça bilmişdir. Son zamanlarda məhkəmədən gizlənirdi. Əsriyanın bomba atdığını mən öz gözlərimlə gördüm. Baxşı isə, şübhə altındadır, görünür, təşkilata yeni qoşulmuş və hələ özünü göstərə bilməmişdir.

S a l a m o v. Baxşı haqqında sübut məndə.

S ə d r. Deyiniz!

S a l a m o v. O gədə şipyondur, köpəy oğlu. Mən onu məclisdə danışanda görmüşəm. Rəhmətlik gomurnat özü də dedi! Kişini vurublar, tir kimi uzadıblar yerə, o deyir: bu pürboğazdır. O biri də ki, vələdüzzünanın cövhəri, atmaralıdır ki, tayı yoxdur. Özü də ki, Ağamyanın qayını. Həmişə də mədənlərə şuluq salan o olmuşdur. Bu iş də ermənilərin işidir, çünki rəhmətlik gomurnat həmişə onların cilovunu yığırdı, odur ki, onlar bu hoqqanı açdılar. O gədəni də ora qoşurlar ki, müsəlmanları padşahın yanında yaman kişi eləsinlər.

S ə d r. Cənab Salamov, bunların hamısı haqqında əlinizdə bir sübut varmı?

S a l a m o v. Bəs bunların hamısı sübut deyil? Yəni mənim boyda kişiyə inanmırsınız? Mən özüm onları çox yaxşı tanıyıram: hər ikisi konkadan çıxandır.

S ə d r. Yaxşı, oturun!

E y v a z. Cənab sədr, xahiş edirəm siz polismeysterdən soruşun: onlar məni nə üçün axtarırdılar: məhkəməyə verməyə, ya küçədə vurmağa?

S ə d r. Müttəhim, hökumət təşkilatı tinlərdə adam vurmaqla məşğul olmur. Oturun və gələcəkdə sözlərinizi diqqətlə seçin... Cənab Ruben Ağamyan, Eyvaz Əsriyanın general-qubernatoru vurması və əlahəzrət imperatorun təxtü-tacına düşmən olması haqqında oğlunuza dediklərini siz qəti surətdə təsdiq edirsinizmi?

A ğ a m y a n. Mən qəti surətdə təsdiq edirəm. Oğlum gələndən sonra özü də təsdiq edəcəyinə öz həyatımla zamin oluram. Onu da bilirəm ki, Baxşı onun yoldaşıdır, mən şübhə etmirəm ki, bu iş onların ikisinin işidir və heç şübhəsiz ki, burada qonşularımızın da barmağı vardır.

S a l a m o v. Ey, barmağı olanın atasına lənət! Köpəy oğlu Ağamyan, heç eybi yoxdur.

S ə d r. Sus, sakit! Aram Babayan, siz Baxşının yanında heç bir şey olmadığını qəti surətdə...

A r a m. Nə?

S ə d r. Siz Baxşının yanında heç bir şey olmadığını qəti surətdə...

A r a m. Nə?

S ə d r. Siz Baxşının yanında heç bir şey olmadığını qəti surətdə təsdiq edirsiniz, halbuki...

A r a m. Daha mən neyləyim, o yazıq məndən gül alırdı, mənciyəz ki, heç bir şey görmədim.

S ə d r. Bəlkə əlində yoxmuş, cibində imiş...

A r a m. Nə?

S ə d r. Bəlkə əlində yoxmuş, cibində imiş?

A r a m. Yox, ciblərində də bir şey yox idi.

S ə d r. Siz onun ciblərində bir şey olub-olmadığını...

A r a m. Nə?

S ə d r. Siz onun ciblərində bir şey olub-olmadığını nədən bilirsiniz?

A r a m. Nədən, nədən bilirəm? Mən onun ciblərini gördüm: pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı.

S ə d r. Oturun!

P r o k u r o r. Məncə, məsələ aydındır, danışığı davam etdirməyə dəyməz. Səkkiz polis nəfəri, üç pristav öz gözləri ilə gördüklərini söyləyirlər.  Generalqubernatoru vuran hər iki dəfədə Eyvaz Əsriyan olmuşdur. Onun qiyamçılığı da sənədlərlə sübut edildi. Baxşı da qiyamçılar təşkilatlarında iştirak etmişdir. Eyvaz Əsriyanın bu cinayəti əlahəzrət imperator və böyük Rusiyanın müqəddəs təxtütacına qarşı bir qəsddir, ona görə də mən öz təklifimdə israrla, Eyvaz Əsriyanın ölüm cəzasına və Baxşının on il dustağa məhkum edilməsini ədalət məhkəməsindən tələb edirəm.

S ə d r. Müttəhim Eyvaz Əsriyan, siz general-qubernatoru öldürməklə əlahəzrət imperatorun təxtü-tacına qarşı qəsd etməkdə müttəhim edilirsiniz. Özünüzü müdafiə üçün nə deyə bilərsiniz? Ədalət məhkəməsinin qərarı sözlərinizin doğruluğundan və səmimiyyətindən çox asılı olacaqdır.

B a x ş ı. Cənab sədr, mən ondan qabaq bir işi açmaq istəyirəm.

S ə d r. Mən sizə söz verəcəyəm.

B a x ş ı. Məsələ çox mühümdür və Əsriyanın danışacağı ilə əlaqədardır.

E y v a z. Otur, Baxşı!

S ə d r. Müttəhim, olmaz deyirəm.

B a x ş ı. Burada Salamov və Ağamyandan başqa bütün şahidlər göstərdilər ki, general-qubernatoru öldürən Eyvaz Əsriyan olmuşdur, ona görə də prokuror onun üçün ölüm cəzası tələb etdi. Mən məhkəmə qarşısında açıb bildirirəm ki, bunların hamısı yalandır, Eyvaz Əsriyanın bu işdən xəbəri yoxdur, general-qubernatoru mən öldürmüşəm.

S ə d r. Müttəhim, mən sizə söz vermirəm.

S a l a m o v. Salaməleyküm, ağa, gördünüz, deyirəm şipyondur, köpəy oğlu, deyirsiniz yox, istəyir müsəlmanların boynunda qalsın.

B a h a d ı r  b ə y. Cənab sədr, mən bütün müsəlmanların adından bu işə protesto edirəm, çünki bu iş bizim milli pazisionumuza müxalifdir... Bizim hüquqimilliyyəmiz...

S a l a m o v. Bahadırbəy, sən allah, bir dayan, soxma o milliyyəni ortalığa.

S ə d r. Yavaş, səs salmayın, məhkəmə iclası uprava yığıncağı deyildir.

P r o k u r o r. Cənab sədr, güman edirəm müttəhim Baxşı naxoşdur, rica edirəm ekspertiza təyin edilsin.

B a x ş ı. Mən naxoş deyiləm.

E y v a z. Prokurorun sozü doğrudur. Heç şübhəsiz ki, vətəndaş Baxşı ya naxoşdur, ya da mənimlə dostdur, mənim işimi öz boynuna almaqla cəzamı yüngülləşdirmək istəyir. Onun nə bu işə, nə də sizing qiyamçılıq dediyiniz inqilab hərəkatına heç bir dəxli yoxdur. Generalqubernatorun ölümü işçilərin iradəsidir ki, yerinə yetirilmişdir.

P r o k u r o r. Qərar çıxaran təşkilatda kimlər vardır?

E y v a z. Qərarı heç bir təşkilat çıxarmamışdır. O təşkilat mən özüməm, onun sədri də mənəm, üzvləri də mənəm, qərarı mən çıxartmışam, özüm də yerinə yetirmişəm, general-qubernatoru mən öldürmüşəm.

S ə d r. Nə üçün?

E y v a z. Çünki sizin hamınız kimi o da provokatordur. İki qardaş kütləni birbirnə qırdıran, minlərlə uşaqları anasız, arvadları ərsiz, külfətləri başçısız, ac-susuz qoyan odur. Bu gün birgə bizə qarşı çıxan ağamyanlar, salamovlar sizin köməkçiniz, onun və sizin əlinizdə ancaq bir oyuncaqdırlar.

S a l a m o v (yerindən). E... e... e...

S ə d r. Sus!

E y v a z. Mənim üzümə on iki polis nəfəri durur, lakin onlar yalan deyirlər. Mən general-qubernatoru təklikdə vurmuşam. Onlar sizing düzəltmənizdir. Bu gün siz bir ədalət maskası geyib, məni mühakimə edirsiniz, lakin siz özünüz kimsiniz? Volodini kim öldürdü? Rəhmanovu kim öldürdü? Bnadzeni kim öldürdü? Yeremyanı kim öldürdü? Onları kim mühakimə etdi? Nə üçün etmədi? Siz hamınız qatilsiniz, cəlladsınız! Sizin qurduğunuz təxtü-tacın sonu yetişmişdir! Çox çəkməz ki, bu gün bizim oturduğumuz bu yerdə siz özünüz oturmalı olarsınız. Minlərlə uşaqlar sizdən öz atalarını, minlərlə analar öz oğullarını istərlər. Sizin məhkəmənizin özülü qan üstündə qoyulmuşdur.

S ə d r. Müttəhim, siz özünüzü ələ alın, ədalət məhkəməsini təhqir etmək sizə bir o qədər də fayda verməz. Belə çıxır ki, siz doğrudan Rusiya imperiyasının müqəddəs təxtü-tacına düşmənsiniz.

E y v a z. Mənim əqlim başımdadır, dediklərimi çox gözəl düşünürəm.

S ə d r. Demək, siz Rusiyanın təxtü-tacına düşmənsiniz.

E y v a z. Mən düşmənəm, mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmranlığınıza! Mən düşmənəm sizin ikiüzlü qanlı məhkəmələrinizə! Bu gün bir məni asmaqla siz özünüzü tarixin amansız səhifəsindən poza bilməyəcəksiniz. Mən əzdiyiniz milyonlardan biriyəm. Bu gün deyilsə, sabah o milyonlar torpaqdan baş qaldıracaq və sizin qanlı təxtü-tacınızı başınıza çevirəcəkdir. Mən buna öz varlığım kimi inanıram.

S ə d r. Müttəhim, mən daha sizə söz vermirəm.

 

Məhkəmə heyəti ayağa durur. İşıq sönür, yanır. Sədr qərarı oxuyur, bütün salon ayaq üstə qulaq asır.

 

S ə d r. Buna görə də məhkəmə Eyvaz Əsriyanın, general-qubernatoru öldürməsini və böyük Rusiya imperiyasının müqəddəs təxtütacına düşmən olduğunu sübut edilmiş hesab edir. Məhkəmə heyəti müttəhim Baxşının da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq edir. Buna görə də əlahəzrət imperatorun ədalət məhkəməsi Eyvaz Əsriyanı asılmaq vasitəsilə ölüm cəzasına, müttəhim Baxşını isə beş il katorqa cəzasına məhkum edir... Qərar qətidir, şikayət qəbul edilməyəcəkdir.

 

Məhkəmə sədri dəftəri örtür, hamı salondan çıxır. İşıqlar sönür. İşıq yalnız Eyvaz ilə Baxşının üstündə qalır.

 

B a x ş ı. Sən inqilab hərəkatı üçün daha lazım idin...

E y v a z. Mən səni anlayıram, Baxşı! Sən heç bir şey sübut edə bilməyəcəkdin. Bu saat bizi ayıracaqlar. Baxşı, axırıncı görüşümüzdür. Sənə son sözüm: işində möhkəm ol! Bir də, artıq atam öldü, bacım və anam kimsəsizdirlər, onları sənə tapşırıram.

 

                  Soldatlar qapını açır və yolu göstərirlər.

 

E y v a z. Sağ ol, Baxşı! Heç darıxma! Bu dar ağacı bu gün bizim üçündür,

sabah onlar üçün.

 

                  Qucaqlaşırlar. İşıq dəyişir.

 

 

ON YEDDİNCİ ŞƏKİL

 

                  Suxumda kiçik bir otaq.

 

S o n a uzanmış, anası və oğlu yanında oturmuşdur.

S o n a. Ana, ürəyim çox darıxır.

N a b a t. Hava tutqundur, qızım. Bir azdan gün çıxar, ürəyin açılar.

S o n a. Ana, görəsən indi Baxşı harada olmuş olar?

N a b a t. Kim bilir, qızım? Deyirlər, Sibir böyük yerdir. Kim bilir, ölübdür, sağdır?..

S o n a. Sağ olsaydı, indi gəlib çıxmalı idi. Vaxtı çoxdan qurtarmışdır. Mən hesabını saxlamışam.

N a b a t. O da bədbəxt oldu. Qızım, Allah ona kömək olsun.

S o n a. Ana, görəsən Baxşı məni bu halda görsə nə edər? Yenə də məni sevərmi? Ana, dur sən allah, o güzgünü mənə ver.

N a b a t. Ay qızım, nə üçün sənin ürəyinə pis-pis fikirlər gəlir? Allaha şükür, sənə nə olub? Naxoşsan, sağalarsan, qurtarar gedər.

S o n a. Yox, ana. Mənə belə gəlir ki, mən bir də sağalmayacağam... Ay! Gör üzüm necə olmuşdur? Adam qorxur. Yox, o məni daha sevməz... O, kim bilir... Əvvəllər o məni çox sevirdi.

N a b a t. O səni öz canından artıq sevirdi.

S o n a. Ana! Şər deməsən, xeyir gəlməz. İşdir, mən ölsəm, sonar Baxşı gəlib çıxsa, mənim yerimi ona göstərərsən və deyərsən ki, mən özümü və kiçik Baxşımı onun ixtiyarına verirəm. Deyərsən ki, onu mən sevirdim, lakin bizi ayırdılar. Deyərsən ki, mən onun yolunu gözlədim, çox...

 

                  Bu aralıq bayırdan tar səsi eşidilir və gözəl səsli bir qadın oxuyur.

 

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.

 

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

S o n a. Dayan!

N a b a t. Ay qızım, vallah, sən dəli olmuşsan. Bir belə də fikir olar?

S o n a. Ana! Allahın altında bir adam olaydı, o Baxşının çaldığı havanı bir çala idi, qulaq asa idim. Ey günlər, günlər! Ana, qonşumuzda bir kor var, o da deyəsən, o gün bu havanı çalırdı. Sən allah, bir dur gör, gəlsə çağır, o havanı bir də çalsın, eşidim.

N a b a t. Usta Minası?

S o n a. Adını heç bilmirəm nədir. Amma, yox, ana, getmə. O havanı heç kəs çala bilməz. Onsuz mənə tar ləzzət verməz.

N a b a t. Bayırda bilmirəm kimdir “Sona, Sona” – deyir.

S o n a. Bəlkə kağız-zad gəlmişdir. Nabat durub bayıra çıxır.

S o n a (oğluna). Baxşımın bütün xoşbəxt günlərindən mənə qalan bir sənin adındır. Bir də o tar. Sən böyüyərsən, o tarı çalarsan. Yaxşı! Baxşı, mən ölsəm, sən mənsiz nə edərsən? Baxşı gəlsə, mən səndən nigaran qalmaram. O səni məndən yaxşı saxlar.

 

               Nabat sevinərək içəri girir.

 

N a b a t. Sona! Ay Sona! Gözün aydın olsun, gəldi.

S o n a. Kim? Tarçalan?!

N a b a t. Yox, özü, lap özü...

 

                B a x ş ı, a r v a d ı  və  q ı z ı içəri girirlər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info