Qonaq Kitabı
Tuyuğlar

 

Rövzeyi-rizvan üzündür, vəssalam,

Surəti-rəhman üzündür, vəssalam,

Ərşi-həq, ey can, üzündür, vəssalam,

Lövh ilə Qur’an üzündür, vəssalam!

 

Səcdə əmrin tutmayan şeytani-şum,

Həq yaratmış anı min narəssəmum.

Gəlmədi şeytana çün həqdən ülum,

Ol cəhulun adıdır həqdən zülum.

 

Surətin nəqşində heyran olmuşam,

Vəslinə ulaşalı can olmuşam.

Əqləsığmaz gənci-pünhan olmuşam,

Laməkan təxtində sultan olmuşam.

 

Fəzli-həqdən mən hidayət bulmuşam,

Surətin nəqşini ayət bulmuşam,

Mərtəbə aləmdə qayət bulmuşam,

Ol səbəbdən mən vilayət bulmuşam.

 

Lövh ilə Qur’an üzündür, vəssalam,

Həq təaladan gələn sənsən kəlam.

Surətin dövründə hüsn oldu tamam,

Ey saçın taha, üzün beytülharam.

 

Gördüm ol ayıvü bayram eylədim,

Ol ləbi mey, gözləri cam eylədim.

Həccə vardım, əzmi-ehram eylədim,

Favü zadü lamı həq nam eylədim.

 

Laməkanın təxtinə sultan mənəm,

Küntə-kənzin sirrinə bürhan mənəm,

Həmdəmi-Isavü həm Imran mənəm,

Cənnətü baqivü həm rizvan mənəm.

 

Məstəm ol meydən ki, məxmur olmazam,

Həqdən ayruq ta əbəd dur olmazam.

Çün mən ol sağam ki, rəncur olmazam,

Qəm degil gər divə məşhur olmazam.

 

Müshəfin hərfivü övraqı mənəm,

Küllə şey’in halikə, baqi mənəm.

Mey mənəm, sağər mənəm, saqi mənəm,

Aləmin səmmivü tiryaki mənəm.

 

Vəchimi Allaha təslim etmişəm,

Surəti-rəhmana tə’zim etmişəm,

Nitqimi əşyada təqsim etmişəm,

Gör bu əsrarı nə təfhim etmişəm.

 

Vəhdətin şəhrində seyran eylərəm,

Mən səni cismində heyran eylərəm,

Gəncimi adəmdə pünhan eylərəm,

Adəmi həm həq, həm insan eylərəm.

 

Hər nəyə kim baxıram, həq baxıram,

Baxışım həqdir, ənəlhəq baxıram,

Mütləq oldu, həqqi-mütləq baxıram,

Bigüman həqqəm, mühəqqəq baxıram.

 

Elm içində bəhri-payan olmuşam,

Laməkan gəncinə viran olmuşam,

Eşq içində gör nə heyran olmuşam,

Cism içində sərbəsər can olmuşam.

 

Dilbərin yolunda canı tərk edəm,

Can nədir, iki cahanı tərk edəm.

Can kimi şirinsən, ey şirindəhan,

Mən necə şirin dəhanı tərk edəm?

 

Nagəhan bustana girdim sübhdəm,

Lalənin əlində gördüm cami-Cəm.

Susən eşitdim ki, aydır dəmbədəm:

Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm.

 

Nari-eşqin şö’ləsindən yanmışam,

Cigərim qanı ilə boyanmışam,

Xandasan, ey Fəzli-zülərşi-əzim,

Mən fəraqından zi-can usanmışam.

 

Həqqə səndən qoyma kim, dad eyləyəm,

Ta əbəd səndən həqi yad eyləyəm,

Sə’yini heç, umunu bad eyləyəm,

Qəmdə yanan düşməni şad eyləyəm.

 

Üzünə cabbari-aləmdən salam,

Olmasan, ey bədrsima, layənam,

Çün camalın nəssidir, eyni-kəlam,

Məzhəri-Allahü əkbərsən tamam.

 

Mənzili-Məhmud imiş ali məqam,

Ol məqamı istə həqdən, vəssalam,

Gərçi adıdır qəmər ayın müdam,

Dolmayınca olmadı bədri-tamam.

 

Çün yazıldı vəchin üzrə bavü lam,

Adəmi-xaki durar kövneynə cam.

Sivü dü nitqi-ilahidir kəlam,

Kim ki, bildi nitq, həqq oldu tamam.

 

Fəzli-bismillahir-rəhmanir-rəhim,

Surətin lövhündə yazmışdır qədim.

Həqqi-mütləq sənsən, ey Fəzli-əzim,

Ey üzü cənnatü firdövsi-nəim.

 

Var üzündə bistü yek hərfi-qədim,

Çün üzün oldu siratül-müstəqim,

Əbcədü taha üzün ərşi-əzim,

Surətin lövhündə həq oldu müqim.

 

Gözlərin əsrarını faş eylərəm,

Gör nə meydən içərəm, aş eylərəm,

Görməyən həqqi adın daş eylərəm,

Arifə təhsinü şabaş eylərəm.

 

Yara hər saət salam olsun, salam,

İşrətü eyşi müdam olsun, müdam,

Yarsız söhbət haram olsun, haram,

Yara bu mə’na tamam olsun, tamam.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info