Qonaq Kitabı
Tuyuğlar

Can kimi sirri nihandır ağzının,

Varlığı dəxi gümandır ağzının,

Abi-kövsər, Xızrı candır ağzının,

Nitqi dür kimi əyandır ağzının.

 

Canıdır çün abi-heyvan ağzının,

Zindəsidir cism ilə can ağzının.

Nitqidir dərdimə dərman ağzının,

Yeri var canımda pünhan ağzının.

 

Nafeyi-Çinü Xətadır bənlərin,

Daneyi-dami-bəladır bənlərin,

Məcməri-şəm’i-səfadır bənlərin,

Mülki-Ruma padişadır bənlərin.

 

Mişki-tərdən danələr can bənlərin,

Rövşən etdi ənbərəfşan bənlərin,

Qıldı Hindustanı nalan bənlərin,

Oldu Rum elinə sultan bənlərin.

 

Oldu çün abi-müəlləq qəbqəbin,

Kuyi-simindürür əlhəq qəbqəbin,

Sibi-cənnətdir mühəqqəq qəbqəbin,

Badeyi-paki-mürəvvəq qəbqəbin.

 

Sərvəra, sərvi-rəvandır qamətin,

Aşiqə ruhi-rəvandır qamətin,

Ər’əri-baği cinandır qamətin,

Şaxi-tubadan nişandır qamətin.

 

Tə’n edər qənd ilə bala ləblərin,

Rəng verir yaqutü lə’lə ləblərin,

İrməsin hərgiz zavala ləblərin,

Mərhəm oldu xəttü xala ləblərin.

 

Gövhərü dürri-məani dişlərin,

Seyr edər ol laməkani dişlərin,

Gördü çün kim, binişani dişlərin,

Otuz iki gizli kani dişlərin.

 

Riştəyə gövhərdir, ey can, dişlərin,

Dürri-yetimdir firavan dişlərin,

Lə’l ilə mərcandır, ey can, dişlərin,

Qılsa mən dərvişə ehsan dişlərin.

 

Mürdəyə canlar nisar eylər dilin,

Kafü nundan yoxu var eylər dilin,

Bülbülü aşiqi-zar eylər dilin

Kim, ənəlhəqdə qərar eylər dilin.

 

Pərdə götrüldü üzündən dilbərin,

Üzü göründü üzündən dilbərin,

Gənc zahir oldu, ey gənc istəyən,

Adəmü Həvva üzündən dilbərin.

 

Taliba, əvvəl qədəm üç dörd gərək,

Dördü dörddür, dördünə üç dörd gərək,

Əqrə-əl-Qur’an əla hərfi ki var,

Yar üzündə dəxi səksən dörd gərək.

 

Dideyi-ürfanı aç bidar isən,

Eşq camın nuş qıl huşyar isən,

Olma qafil talibi-didar isən,

Sərdən əl yu sərvəri-sərdar isən.

 

Usandım mülkü malından cahanın,

Mana zövqü gərəkməz bu cahanın,

Necə nuş eyləyim dövran əlindən,

Həlahil zəhri axır bu zamanın.

 

Vəzzühanın afitabıdır üzün,

Dilbərin vəchi-kitabıdır üzün,

Xeymeyi-miadi-canın eylə bil,

İşbu mə’nidən tənabıdır üzün.

 

İsmi-ə’zəm bilməyən insan degil,

Əhsəni-təqvim ilə ehsan degil,

Sanma kim arif olubdur həqq ilə,

Həqqi bilməz, bəs nədən heyvan degil?

 

Ol bilir həqqi ki, yalançı degil,

Hər ki, yalan söylər, ol naci degil,

Həccə doğru varmayan hacı degil,

Doğru söz doğrulara acı degil.

 

Ey camalın bibədəl, hüsnün cəmil,

Cümlənin məqsudu sənsən eylə bil.

Ey boyun Tuba, dodağın səlsəbil,

Hüsnünə canlar fəda, aləm səbil.

 

Ey üzündən hurü qılman münfəil,

Ey qaşından mahi-taban münfəil,

Ey ləbindən abi-heyvan münfəil,

Ey xətindən vərdü reyhan münfəil.

 

Ey behiştdən tazə gəlmiş tazə gül,

Hövzi-kövsər rövşən ilə tazə gül,

Hüsnünə ey şahi-aləm, cümlə qul,

Kimdürür deyən səni kim, həq degül?

 

Pərdəsiz mə’budunu gör, abid ol,

Olma şeytan, gəl turaba sacid ol!

Cənnət bağı, nəimi-xalid ol,

Keç ikilikdən, əliftək vahid ol!

 

Mən otuz iki hürufam ləmyəzəl,

Yoxdur ortağım, nə mislim, nə bədəl,

Çün əbəddir axırım əvvəl, əzəl,

Əvvəlü axır mənəm izzə və cəl.

 

Çünki sənsən hər nə kim var, ey könül,

Kimdən umarsan əta, var, ey könül.

Çün yetərsən sən sənə yar, ey könül,

Yarını bil, olma əğyar, ey könül.

 

Höccətüllah oldu nitqin, natiq ol!

Həqqə ixlas eylə, həqqə sadiq ol!

Gər liqa həqdən umarsan, aşiq ol,

Xaliqin ləfzin gör, andan xaliq ol!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info