Qonaq Kitabı
Tuyuğlar

 

Həqqi batil sanma, həq yoxdur demə,

Rəbb mənəm, rəbbül-fələq yoxdur demə.

Yazıçı, yazu, vərəq yoxdur demə,

Şəm’i yandırma, qəsəq yoxdur demə.

 

Qandadır yar, ey könül, yar istəmə,

Çün vəfa yoxdur, vəfadar istəmə,

Dünyada kim der vəfa var, istəmə,

Çün vəfası yox, vəfavar istəmə.

 

Can fəda, canlar fəda ənfasına,

Səcdə qıl çünkim, demiş balasına,

Düşdü aləm nəfsinin qovğasına,

Cahil irməz zülfünün yektasına.

 

Qaşü kirpik yeddi oldu saç ilə,

Həq kitabı uşbu babdan açıla.

Çünki bu sirr kəşf oluban saçıla,

Məğbun ola ol bu təhlu xaç ilə.

 

Oldu çün dövlət müyəssər başına,

Yaraşır zərrin küləhlər başına.

Dövləti-həq endi əfsər başına.

Həm fəda min taci-qeysər başına.

 

Mə’rifət kəsb etmədin sən fanisən,

Bir-iki gün dünyanın mehmanisən,

Həqqi bilsən aləmin sultanisən,

Bilməsən xud div ilə şeytanisən.

 

Munca huvü hayümunca hayü hu

Üç arıq oğlaq imiş içi quru.

Gərçi oldu bəxşişin adı ulu,

Bağrımı qıldı bu bəxşiş yaralu.

 

Aşiqindir yerü göy, şəms ilə mah,

Həq desəm gər hüsnünə, olmaz günah.

Sirrini səndə nihan etdi ilah,

Kəndözün bil kim, olasan padişah.

 

Gər irəsən surətin mə’nisinə,

Biləsən surət nədir, mə’nisi nə.

Əhli-mə’ni şişəsinə atma daş,

Heyf ola kim, şişeyi-mə’ni sınə.

 

Əslini qoydum yapışdım fər’inə,

Fikr qıldım mən Cəlilin sün’inə.

Bu vücudi-pakdan qıldım sual,

Bu sualın əsli sənsən, fər’i nə?

 

Üç əlif bir eyn ilə yazdım belə,

Üç əlif bir eyn ilə gəlməz dilə.

Üç əlif bir eyn ilə gəlsə belə,

Müstəid arif gərək anı bilə.

 

Mən kəbutər görmədim kim, baz ola,

Hüsn içində dər-cahan şahbaz ola,

Sən təki kimdir cahanda bir dəxi,

Gəh kəbutər dər-cahan, gəh baz ola.

 

Rəşk edər mahi-münəvvər alnına,

Müştəri can ilə çakər alnına.

Şərh edib olmaz bərabər alnına,

Gər enə xurşidi-xavər alnına.

 

Bir xəyal etdim gümandır belinə,

Dedi kim, muyi-miyandır belinə.

Aşiqəm munca zamandır belinə,

Can dilərsən dərmiyandır belinə.

 

Ey qəmər zülfün şəbində rusiyah,

Mehri-rüxsarın qatında tirə mah.

Keçməyən eşqində ömr oldu təbah,

Taətindən özgə taətlər günah.

 

Ey üzün ümmül-kitabü fatihə,

Qaşların vəhyü xitabü fatihə,

Saxlamış mahı niqabü fatihə,

Canfəza lə’lin şərabü fatihə.

 

Canımın lə’lin meyidir cam ilə,

Zülfü xalın danəsidir dam ilə.

Mən zamanı bulməzam əyyam ilə,

Vahidəm şol zati-biəncam ilə.

 

Düşmüşəm məstanə eynin alinə,

Canfəza gülgün yanağın ali nə?

Ey çəkən barmağı ayın alinə,

Oldu hüsnün fitnə yasin alinə.

 

Səcdə eylər üzünə mehr ilə mah,

Mişki-Çin saçından oldu rusiyah.

Ərşi-rəhmandır üzün, həqdir güvah,

Xubluğun Misrində sənsən padişah.

 

Fəzl rəbbi-zülcəlal oldu bizə,

Möhsünü hüsnü camal oldu bizə.

Atamız sahibkamal oldu bizə,

Anamız südü halal oldu bizə.

 

Məscidü meyxanə bir oldu bizə,

Div ilə şeytan əsir oldu bizə,

Qəm fərəh, tikən hərir oldu bizə,

Dilbərin eşqi əmir oldu bizə.

 

Verməmək dil dilbərin geysusuna,

Sığmaya aşiqlərin namusuna.

Sər fədadır fitneyi-cadusuna,

Can dəxi qurban kaman əbrusuna.

 

Yarını heç vəqfi-əğyar eyləmə,

Div ilə ulaşma, bazar eyləmə!

Həqdən özgə sən sana yar eyləmə,

Əhsəni-təqvimə inkar eyləmə!

 

Ey saçın buyu Məsihanın dəmi,

Fitnəyə hüsnün buraxdı aləmi.

Küntə kənzin sirridir, eşqin qəmi,

Olmadı şeytan bu sirrin məhrəmi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info