Qonaq Kitabı
Tuyuğlar

Həq təalanın kəlamı nurdur,

Görməyən ol nuru həqdən durdur.

Çün ənəlhəq söyləyən Mənsurdur,

Gəldi İsrafil, əlində surdur.

 

Həq sözün gör ki, necə dürdanədir,

Həq sözünü bilməyənlər da nədir?

Cahilü nadan nə bilsin danə dür,

Danəyi dana bilir kim, danədir.

 

Dutdu üzündən cahanı cümlə nur,

Həq hidayət etdi Mehdidən zühur.

Endi Isa, gəldi Musa, doldu nur,

Zahir oldu mö’minə cənnatü hur.

 

Hər nə kim təqdiri-yəzdani qılır,

Eyni hikmətdir, həq ərzani qılır,

Şah iki aləmdə sultanı qılır,

Hər nə kim könlü dilər, anı qılır.

 

Surətin nəqşində qıldı həq zühur,

Üştə müshəf, gəl oxu Allahu nur,

Zülfü rüxsarındadır həşri nüşur,

Ey boyu tuba, üzü cənnati-hur.

 

Mahımın üzündən oldu pərdə dur,

Gəldi həqdən ayəti-Allahu nur,

Ey xətü xalın təcəlli, üzün Tur,

Surətin mə’nisidir cənnati-hur.

 

Bil vücudun kim, Süleyman təxtidir,

Həm imarət qıl ki, sultan təxtidir.

Cismini yoğurdu çün can təxtidir,

Həq qatında həşrü mizan təxtidir.

 

Ləbinə lə’li-canfəza dedilər,

Sormuşam, dərdimə dəva dedilər.

Qamətin balası bəla dedilər,

Bizləri ona mübtəla dedilər.

 

Ey günəş surətli, yari-dilpəzir,

Təl’ətindən utanır bədri-münir.

Neyləyim ki, mən fəqirəm, sən əmir,

Həsrətindən ürəyim hər dəm ərir.

 

Surətin müshəfdir, ey bədri-münir,

Xilqətin sər ta qədəmdir dilpəzir,

Əhli-ürfan ol, nə əshabi-sərir

Bil ki, həqdir həm səmi’ü həm bəsir.

 

Ay ilə günəş üzün heyranıdır,

Mişk ilə ənbər saçın tərxanıdır,

Çün Nəsimi aləmin sultanıdır,

Dövr anın, dövran anın dövranıdır.

 

Ey iki aləmdə hüsnün binəzir,

Fitnəli qaşın kamandır, qəmzə tir.

Ənbərin zülfün tozundandır əbir,

Məhşər oldu, qopdu hüsnündən nəfir.

 

Həqqə yar ol, ey könül, yar ol, yetər,

Həqqi çün yar eylədin, var ol, yetər,

Nura nur ol, nara ol nar ol, yetər,

Adəmə oldur səzavar, ol yetər.

 

Ey hərami gözlərin yəğmaçılar,

Kə’bə üzündür, məlaik hacılar.

Eşqinə ümmət olandır nacilər,

Vey dodağından xəcil halvaçılar.

 

Usta var əyrivü həm yalançıdır,

Kim dedi yalançıyı, kim nacidir.

Fitnənin başmağı onun tacıdır,

Məkrü al əsrasıvü me’racıdır.

 

Allahın fəzli bizə oldu bəşir,

Bəşrəna biməğfirən əcrən kəbir.

Yerü göyün mənzərisən, ey əmir,

Yələm-əs-sirr əl-xifa mafil-zəmir.

 

Ey camalın hüsnünə heyran qəmər,

Sünbülün dövründədir pünhan qəmər,

Ləmyəzəl günəşsən, ey taban qəmər,

Gəl ki, verdi hüsnünə dövran qəmər.

 

Gəldim uş həqdən, gətirdim xoş xəbər,

Eynü şinü qaf ilə qıldım nəzər.

On səkiz min aləm içrə sərbəsər,

Həqqi gördüm, dopdoludur bəhrü bər.

 

Qamətin hər dəm qiyamət göstərir,

Gör bu qəddi kim, nə qamət göstərir.

Kə’bə üzündən əlamət göstərir,

Qanlı eynin bax, imamət göstərir.

 

Qabü-qövseyn iki qaşın yayıdır,

Vəzzühanın şəmsi üzün ayıdır.

Dünvəyü üqba saçın bir tarıdır,

Dür bulur hər kim ki, ol dəryayidir.

 

Ol nədir kim, hayü huyu altıdür?

Kim görübdür bir sədəfdə altı dür?

Bistü həştdən dışxarı heç nəsnə yox,

Fövq başın, təht ayağın altıdür.

 

Ey günəş üzlü, camalın fitnədir.

Nunü mimin, eynü dalın fitnədir.

Ey büti-gülçöhrə, alın fitnədir,

Qəmzə cadu, zülfü xalın fitnədir.

 

Hər ki, sən şirinləb üçün ad oxur,

Xosrovi-xuban şəhi, Fərhad oxur.

Qamətini sərv ilə şümşad oxur,

Gözlərini zalımü bidad oxur.

 

Çün vücudundur, nigara, şəhriyar,

Surətü mə’nidə sənsən şəhriyar.

Mə’niyi-şəqqül-qəmər çün səndədir,

İstiva eylə camalın, şəhri yar.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info