Qonaq Kitabı
Tuyuğlar

 

Bir bölük fəxr əhli gördüm, yar idi,

Yar idi, məqsudları didar idi,

Yarəli xatırlarında yar idi,

Yar idi, hicranda ağlarlar idi.

 

Ey üzün ol lövh kim, məhfuz idi,

Hər zaman bir növ ilə məlfuz idi.

Ənbiya bu nöqtədən məlfuz idi,

Bu xəbər Iblisdən məhfuz idi.

 

Kim ki, həqdən tutmadı pənd, ey kişi,

Önmədi həqdən onun hərgiz işi,

Adı nə erkəkdir anın, nə dişi,

Çeynəsin barmağını anın dişi.

 

Adəmi fəzli-xuda bil, adəmi,

Kainata kəndxuda bil adəmi,

Sən dirəxti-müntəha bil adəmi,

Sahibi-ərzü səma bil adəmi.

 

Gözlərilə yıxdı şol gözlər məni,

Kirpik oxun gizlərü gözlər məni.

Gözünə netdim mən, ey arami-can,

Durmadan qaşına yavuzlar məni.

 

Qamətin qəddi qiyamət eylədi,

Gör bu qəddi ki, nə qamət eylədi.

Kə’bədə hər dəm iqamət eylədi,

Gözlərin ana imamət eylədi.

 

Kim əliftək vahidü fərd olmadı,

Bəlkə namərd olduvü mərd olmadı,.

Həq yolunda hər ki, ol gərd olmadı,

Döydüyü cüz ahəni-sərd olmadı.

 

Görmüşəm hər yerdə həqqi-mütləqi,

Gər deyilsən laşə itirmə həqi.

Kim ki, həqqi bilmədi, oldu şəqi,

Gör ki, tufan oldu istə zövrəqi.

 

Firqətin dərdi mana kar eylədi,

Canımı yandırdı, əfkar eylədi.

Gəl ki, şövqün halımı zar eylədi,

Aləmi sənsiz mana dar eylədi.

 

Qaf vəl-Qur’an ol mahın üzü,

Görməsin yavuz göz ol şahın üzü,

Fani olmaz hərgiz Allahın üzü,

Halik olsun divi-gümrahın üzü.

 

Kaf ilə nundan yaratdı aləmi,

Ərbəin gündə yoğurmuş Adəmi.

Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi,

Adəmə vurdu bu dəmdən həq dəmi.

 

Qandasan, ey yürəgimi yarıcı,

Qanda olsan Tanrı sana yarıcı.

Mən qulam, hər dəm tapuna varıcı,

Üz urub, qılıb dua yalvarıcı.

 

Könlüm oldu eşqinin avarəsi,

Qəmzənin getməz cigərdən yarəsi.

Dərdimə çox istədim dərman, vəli

Yox imiş lə’lindən özgə çarəsi.

 

Kirpiyin qaşınla zülfündür yedi,

Yer yedivü göy yedi, sən də yedi.

Nə səbəbdən həftənin adı yedi,

Bunda hikmət vardır, müshəf yedi.

 

Kim ki, əsrari-Nəsimi bilmədi,

İzzəti-fəzli-Nə’imi bilmədi,

Divi-dun oldu, əzimi bilmədi,

Məzhəri-zati-qədimi bilmədi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info