Qonaq Kitabı
Tuyuğlar

Həq sevər xubuvü həqdən həqqi bil,

Sureyi-vətturu tanı, rəqqi bil!

Gör bu bədrin istivasın, şəqqi bil,

Nara salma sən anı, uçmağı bil.

 

Raziqi-ərzaqımız mər’əş degil,

Rizqi mər’əşdən umarsan, xoş degil.

Kim ki, arıtmaz için biğəş degil,

İki üçü, kim dedi kim, şeş degil?

 

Eşqimiz baqivü hüsnün layəzal,

Eşqə sığmaz çunü çəndü qeylü qal,

Ləmyəlid hüsnün, vələmyuləd camal,

Hüsnünə sübhanəhü cəllə-cəlal.

 

Qamətindən sərvü ər’ər münfəil,

Gül üzündən vərdi-əhmər münfəil.

Kakilindən mişkü ənbər münfəil,

Ləblərindən şəhdü şəkkər münfəil.

 

Keç ikilikdən, əliftək vahid ol,

Həqqi gör adəmdə, həqqə saçid ol!

Gəl vəfanın bəhrinə dal, xalid ol,

Kə’bəyi tanıvü lata abid ol!

 

Gəl ki, sənsiz biqərar oldu könül,

Düşdü qəmdən sayru, zar oldu könül,

Dərdimə həmdəm nə yar oldu könül,

Gör nə zaye ruzigar oldu könül!

 

Gözlərin sevdasına düşdü könül,

Fitnənin qovğasına düşdü könül,

Altı dördün tasına düşdü könül,

Vəhdətin dəryasına düşdü könül.

 

Bir əcaib dilbərə düşdü könül,

Bir əliyetməz yerə düşdü könül,

Bir məhi-nikəxtərə düşdü könül,

Bir büti-siminbərə düşdü könül.

 

Həqqə doğru baxü həqqi doğru bil,

Doğru qövl ol, doğrufe’l ol, doğrudil.

Çün buyurdu əscidu rəbbül-cəlil,

Əscidu etməzmi insana dəlil?

 

Ol camalın afitabi-layəzal,

Ey dodağın çeşmeyi-abi-zülal,

Barəkəllah, ey həbibi-xoşxisal,

Yoluna canım fəda, qanım halal.

 

Bil ki, kəl-ən’am ola bəlhüm əzəl,

Hüsnünə hər kim ki, mən layəstədəl,

Çün üzündə cümlə əşya mö’tədəl,

Əvvəlü axırda sənsən ləmyəzəl.

 

Kim ki, bildi adəmi, insandır ol,

Bilməyən anı yəqin şeytandır ol,

Səcdədən çəkdi başın divi-rəcim,

Eylə sandı qeyri-ərrəhmandır ol.

 

Üzünü həqdən çevirmə, həqqi bil,

Sureyi-vətturi tanı, rəqqi bil,

Mustafanın barmağında şəqqi bil,

Səlsəbil oldu dodağın, zövqi bil.

 

Bivəfa dünyadan usandı könül,

Yox dedi, dünyayı yox sandı könül,

Düşdü eşqin oduna yandı könül,

Vəhdətin qəndabına qandı könül.

 

Adımı həqdən Nəsimi yazərəm

Bil bu mə’nidən nə siməm, ya zərəm.

Həm büti-uşadıcı, həm Azərəm,

Həm hidayət eylərəm, həm azərəm.

 

Oldum Israfilü həm sur olmuşam,

Gör ənəlhəqdən nə Mənsur olmuşam.

Səlsəbiləm, cənnətü hur olmuşam,

Gəncə viran, eşqə mə’mur olmuşam.

 

Ey cahan eşq əhlinə sənsiz haram,

Hər dəm olsun üzünə yüz min salam!

Surətin müshəfdir, ey tubixuram,

Kirpigin, qaşınla zülfündür kəlam.

 

Ey camalın məzhəri-zati-qədim,

Surətin Allahu rəhmanür-rəhim,

Hüsnünə cümlə məlaik, insü cin

Səcdə qıldı, qeyri şeytanir-rəcim.

 

Pərdə üzündən götürdü həq tamam,

Gəl həqin didarını gör, vəssalam.

Çıxdı ərşüllah, xətm oldu kəlam,

Gəncini faş eylədi beytülharam.

 

Mən əzəldən məstü sərxoş gəlmişəm,

Xızra su, Musaya atəş gəlmişəm,

Lövhi-məhfuzam, münəqqəş gəlmişəm,

Çarü pəncü həft ilə şeş gəlmişəm.

 

Mən vücudi-mütləqəm, mütləq derəm,

Həq tanıqdır, həq bilir kim, həq derəm,

Küntə-kənzin sirrini müğləq derəm,

Eylədi barmağilə ay şəq derəm.

 

Mən əzəldən eşq ilə pir olmuşam,

Gah iki anınla, gəh bir olmuşam,

Əhsəni-surətdə təxmir olmuşam,

Qadirəm hər əmrə, təqdir olmuşam.

 

Bulmuşam həqqi, ənəlhəq söylərəm,

Həq mənəm, həq məndədir, həq söylərəm.

Gör bu əsrarı nə müğləq söylərəm,

Sadiqəm qövlümdə, səddəq söylərəm.

 

 

Çün əzəldən ta əbəd baqi mənəm,

Kün-fəkanın xəlqü xəllaqi mənəm,

Vəhdətin bəzmində çün saqi mənəm,

Ənfusun ayatü afaqi mənəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info